09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan  Muxtar  Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixdə imzaladığı Sərəncam muzeyin yaranması, təşəkkülü, inkişafı, ilk qurucuları barədə məlumatların öyrənilib ictimaiyyətə daha geniş şəkildə çatdırılmasını və bu sahədə əlavə tədqiqatların aparılmasını zəruri edir.     

Bu baxımdan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) ilk direktoru olmuş Naxçıvan şəhər sakini, ziyalı, həvəskar kolleksiyaçı Balabəy Əlibəyov haqqında və onun muzey işinə verdiyi töhfələr barədə oxucularımızı da məlumatlandırmağı özümə mənəvi borc hesab edirəm.

Qeyd olunmalıdır ki, bu maarifpərvər şəxs haqqında məlumat çox məhduddur. Apardığımız araşdırmalar, əsasən, Balabəy Əlibəyovun kolleksiyaçılıq və muzeydəki fəaliyyəti ilə bağlı olmuşdur. Onun barəsində filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabında da məlumatlar verilmişdir. Tədqiqatçıların Balabəy Əlibəyovun diplomatik fəaliyyəti ilə bağlı məsələləri araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, o, 1903-1908-ci illərdə polis zabiti, 1908-1911-ci illərdə Qars Polis İdarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə həmin vəzifədən təqaüdə çıxan maarifpərvər ziyalımızın peşəkarlığı və digər üstün cəhətləri nəzərə alınaraq 1917-ci ilə qədər yenə də Qars Polis İdarəsində tərcüməçi kimi fəaliyyətini davam etdirmişdir. O, 1917-1920-ci illərdə Urmiya şəhərində polismeyster kimi fəaliyyət göstərmişdir. 1920-ci ildən başlayaraq sovet müəssisələrində xidmət edən Balabəy Əlibəyov Naxçıvanın Qarsdakı müvəkkili kimi fəaliyyətini 1924-cü ilin mart-aprel aylarından 1925-ci ilin əvvəllərinə qədər davam etdirilmişdir.
1999-cu ilin yazında Naxçıvan Dövlət Tarix Muzeyinin yaranması və təşəkkül dövrü ilə bağlı məlumatlar əldə etmək məqsədilə Naxçıvan şəhərində yaşayan 85-90 yaşlı sakinlərlə müxtəlif vaxtlarda muzeydə söhbətlər aparılmışdır. Həmin söhbətlər zamanı Balabəy Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi Lətif Hüzeynzadənin, Səttar Məmmədovun, Məmməd­tağı Əhmədovun verdikləri məlumatlara görə, onun evi (muzey həmin evdə yerləşirdi) şəhərin mərkəzində indiki Atatürk (keçmiş Kirov) küçəsindəki və son illərədək kommunal və məişət xidməti müəssisələri kombinatının yerləşdiyi binanın arxasında olmuşdur. Ev Naxçıvan üçün səciyyəvi olan müxtəlifölçülü yumru formalı ornament­lərlə bəzədilmiş darvaza qapısından keçməklə həyətin ortasında idi. Muzeyin özü 2 otaqda və çox da böyük olmayan dəhlizdə yerləşdirilmişdi.

Muzeydə Naxçıvanın tarixinə və arxeologiyasına, etnoqrafiyasına aid materiallar olmuşdur. Onların arasında qızıldan və gümüşdən hazır­lanmış qadın bəzək və zinət əşyaları, qədim xalçalar, Şərq parçaları (qumaş), qələmkarlar, saxsı və misdən hazırlanmış məişət əşyaları, qədim silahlar, Səfəvilər dövrünə aid sikkə kolleksiyası, XIX əsrin əvvəllərində tərtib edilmiş torpaq mülkiyyətinə dair sənədlər, tarixi-memarlıq abidələrinin tikintisində istifadə olunan inşaat materiallarının nümunələri və digər maraqdoğuran əşyalar xüsusi yer tuturdu. Balabəy Əlibəyov özünün gənclik illərindən toplamağa başladığı muzey əhəmiyyətli əşyalardan ibarət kolleksiya, sonralar isə onun əsasında öz evində muzey təşkil etməklə Naxçıvanda muzey işinin təşəkkülünə müəyyən töhfələr vermişdir. Demək olar ki, onun muzeyi artıq 1918-ci ilə kimi Naxçıvanda mövcud idi və onu yaxından tanıyan bir qisim naxçıvanlı ziyalılar həmin muzeydə olmuşdular.
O dövr üçün belə bir muzeyin yaranması böyük hadisə idi. 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini gözü götürməyən qüvvələr tərəfindən ölkədə ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar səbəbilə naxçıvanlıların köməyinə gələn türk əsgərləri tərəfindən bəhs etdiyimiz muzeydəki əşyalar götürülərək (çox güman ki, həmin əşyaların təhlükəsizliyini təmin etmək üçün) Qarsa aparılmışdı. Sonralar həmin əşyaların bir qismini geri qaytarmaq Balabəy Əlibəyova müyəssər olmuşdu. O, kolleksiyasını geri qaytardıqdan sonra öz evində muzey yaratmış və zaman-zaman buraya maraq göstərib ziyarət edənlərin də sayı artmışdı.
Artıq 1920-ci ildə Bakıda Azərbaycan Dövlət Muzeyinin yaradılması, 1923-cü ildə Azərbaycan Arxeologiya Komitəsinin və Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin təsis edilməsi və ən nəhayət, 1924-cü il sentyabr ayının 21-24-də Bakıda Ümumazərbaycan Diyarşünaslarının Qurultayının keçirilməsi respublikanın bəzi bölgələrində muzeylərin açılması işinə təkan vermişdi.

Naxçıvan MSSR Xalq Komissarları Şurasının 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi yaradılmış və Naxçıvan MSSR Xalq Maarif Komissarlığına tapşırılmışdı ki, ayrı-ayrı təşkilatlarda, evlərdə və şəxslərdə saxlanılan tarixi-etnoqrafik əhəmiyyətə malik olan əşyaların muzeydə mühafizə edilməsi üçün tədbirlər görsün.
Araşdırmalardan aydın olur ki, o dövrdə muzeyin formalaşdırılması üçün görülən tədbirlər heç də səmərə verməmiş və muzey 1926-cı ilədək fəaliyyət göstərmək imkanlarına malik olmamışdır. Belə olduğu halda, Naxçıvanın yerli hökumət orqanları vəziyyətdən çıxış yolunu o zaman Balabəy Əlibəyovun şəxsi evində yaratdığı muzey kolleksiyasını dövlət mülkiyyəti elan etməkdə görmüşdür.
Ona görə də Naxçıvan MSSR Xalq Komissarları Şurası özünün 6 yanvar 1926-cı il tarixli iclasında həmin muzeyin respublika mülkiyyətinə verilməsi haqqında məsələni müzakirə edərək müvafiq qərar qəbul edir. Qəbul edilən qərara əsasən muzey V.Həsənzadə, M.Mirheydərzadə, A.Əliyarov və digərlərindən ibarət yaradılan komissiya vasitəsilə respublika mülkiyyətinə qəbul edilir. Naxçıvan MSSR Xalq Komissarları Şurasının ehtiyat fondundan ona ayda 40 manat məvacib ödənilməsi nəzərdə tutulmaqla Balabəy Əli­bəyov ömürlük olaraq muzeyin direktoru təyin edilir.
Tarix elminin əsas sahələrindən biri kimi muzey işi və muzeyşünaslıq həmin dövrdə respublikamız üçün yeni sahə olduğundan, bu sahədə peşəkar kadr çatışmazlığından və bir ziyalının həvəskar kolleksiyaçı kimi evində yaratdığı muzey artıq dövlət himayəsinə keçdiyindən onun işinin təkmilləşdirilməsinə, bir sıra texniki avadanlıqlarla təchiz edilməsinə ehtiyac var idi.
Bu baxımdan muzeylə bərabər Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində fəaliyyət göstərən Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Tarix-­Etnoqrafiya Muzeyinin təşəkkülündə və inkişafında xüsusi xidmətləri olmuşdu. Muzeylə cəmiyyətin əlaqəli işləməsi onun get-gedə zənginləşməsinə müəyyən mənada kömək etmişdir.
Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin 1926-cı il 25 iyun tarixli iclasında professor V.M.Sısoyevin Xaraba Gilanda, 1926-cı ilin 12 və 25 sentyabr tarixli iclaslarında isə A.A.Millerin Qızılburunda (Qızılvəngdə) apardıqları arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələrinin bir qisminin Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə verilməsi barədə qərar qəbul olunmuşdur. Həmin iclaslarda, həmçinin qazıntı yerlərində çəkilmiş fotoşəkillərin də muzeyə verilməsi cəmiyyət üzvləri tərəfindən tələb edilmişdir. Qeyd etmək lazımdır ki, Naxçıvan tarixi baxımdan özünün zənginliyi ilə səyyahların, arxeoloq və etnoqrafların diqqətini həmişə özünə cəlb etdiyindən onlar intensiv olaraq bu qədim diyara gələrək arxeoloji qazıntı və elmi araşdırma işləri həyata keçirir, tarixi yerləri gəzir və maraqdoğuran nə varsa qeydiyyatını aparırdılar.

Professor V.M.Sısoyev 1926-cı ildə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyində olmuş və 1926-1927-ci illərin yay aylarında Naxçıvana səyahətinə dair hesabatında Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə xüsusi yer ayırmış və öz təəssüratlarını yazmışdır. Professor V.M.Sısoyev 1927-ci ildə burada olarkən artıq Naxçıvan Tarix-­Etnoqrafiya Muzeyi mövcud idi və Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində fəaliyyət göstərirdi. Onun özünün də bunlardan xəbərdar olmasına baxmayaraq, V.M.Sısoyev öz hesabatında muzeydən bəhs etdiyi bölməni “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi” adlandırmışdır. Professorun qeydlərindən aydın olur ki, həmin dövrdə muzey hələ də ilk yaradıldığı şəxsi evdə yerləşirdi.
V.M.Sısoyevin hesabatında Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi” adlandırması heç də təsadüfi deyildi. Çünki bir tərəfdən muzey ilk dəfə həmin ziyalının şəxsi kolleksiyasının bazasında təşkil edilmiş və artıq dövlətin himayəsində olmasına baxmayaraq, yenə də onun evində yerləşirdi. Digər tərəfdən isə Bala­bəy Əlibəyovun muzeyi artıq Naxçıvanda tanınmışdı.
Həmin hesabatda o da qeyd edilmişdir ki, “Muzey Naxçıvanın diqqətəlayiq yerindədir və çox az şəhər belə muzeyi ilə öyünə bilər”. Muzeyin bu cür dəyərləndirilməsi sonrakı illərdə Naxçıvanda muzey işinin təşəkkülündə və inkişafında həmin muzeyin nə qədər əhəmiyyətli rol oynamasından xəbər verir.
Balabəy Əlibəyov ömrünün sonunadək muzeyin direktoru işləmişdir. Onun nə vaxt vəfat etməsi barədə dəqiq məlumat olmasa da, ehtimal etmək olar ki, 1929-1930-cu illərdə vəfat etmişdir. Çünki artıq 1930-cu ilin avqustundan muzeyə yeni direktor təyin olunmuşdur.

Bu yazıda Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu və ilk direktoru olmuş Balabəy Əlibəyov haqqında, onun kolleksiyası və muzeydəki fəaliyyəti barədə oxuculara bəzi məlumatlar verməyə çalışdıq. Heç şübhəsiz ki, elm adamları, tədqiqatçılar diyarımızda tarix və mədəniyyətimizin, milli dəyərlərimizin qorunub yaşadılmasına və təbliğinə göstərilən hərtərəfli dövlət qayğısına cavab olaraq Ali Məclis Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamından irəli gələn mühüm vəzifələrin həyata keçirilməsinə, Naxçıvanda muzey işinin tarixinin daha dərindən araşdırılmasına öz töhfələrini verəcəklər.

Nizami Rəhimov
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikası Əməkdar mədəniyyət işçisi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR