09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ritmi hiss et, sən də qatıl!” rəqs müsabiqəsinə yekun vurulub.
Oktyabr ayı ərzində müsabiqənin üç seçim turu keçirilib. Muxtar respublika rayonlarının, ali və orta ixtisas təhsili müəssisələrinin təmsil olduqları həmin turlarda fərqlənən 11 kollektiv, 4 duet və 2 solo ifaçı final turuna vəsiqə qazanıb.

Rəqs müsabiqəsinin final turu 6 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında təşkil olunub. Bu turda münsiflər heyətinin qərarı ilə “Ən yaxşı geyim” nominasiyası üzrə Naxçıvan Musiqi Kollecinin “Buta” rəqs kollektivi, “Ən yaxşı duet” nominasiyası üzrə Babək Rayon Mədəniyyət Sarayının rəqs dərnəyinin üzvləri – Qurban Cəlilov və Sevgi Abdullazadə, “Ən yaxşı kollektiv” nominasiyası üzrə Naxçıvan Dövlət Universitetinin “Mahur” və Naxçıvan Tibb Kollecinin “Şərq ulduzları” rəqs kollektivləri, “Ən yaxşı müasir dünya rəqsi” nominasiyası üzrə Babək Rayon Kərimbəyli Kənd Mədəniyyət Evinin “Səbinə” rəqs kollektivi və Naxçıvan Musiqi Kollecinin “AEDO” qızlardan ibarət rəqs kollektivi, “Ən yaxşı milli rəqs” nominasiyası üzrə Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” və Babək Rayon Mədəniyyət Sarayının “Fatimə” rəqs kollektivləri qalib elan edilib.
Dünən Naxçıvan Dövlət Uşaq ­Teatrında müsabiqənin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan xalqının qədim ənənələrlə zəngin mədəniyyət sahələrindən biri olan rəqs və instrumental musiqi sənəti haqqında məlumat verib.
Bildirilib ki, bu gün muxtar respublikada musiqi sənətinin inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilməkdədir. Hər il muxtar respublikada incəsənətin inkişafı istiqamətində görülən çoxsaylı tədbirlərlə yanaşı, rəqs sənətimizi yaşadan və təbliğ edən rəqqasların da yetişdirilməsi ilə də bağlı uğurlu layihələr real­laşdırılır.
Rəqs sənətinin inkişafına göstərilən böyük dövlət qayğısı sayəsində muxtar respublikada kifayət qədər professional rəqs ifaçısı yetişdirilməkdədir. Peşəkar ifaçılarla bərabər, qeyri-peşəkar rəqs ifaçılarının öz məharətlərini sərgiləyə biləcəyi genişmiqyaslı müsabiqələr və konsertlər də bu məqsədlə təşkil edilir. Bugünkü tədbir də həmin müsabiqələrdən birinin yekun konsertinə həsr olunub.
Qeyd edilib ki, “Ritmi hiss et, sən də qatıl!” rəqs-müsabiqəsi muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, uşaq, yeniyetmə və gənc istedadların axtarışı, onların üzə çıxarılması və peşəkar sənətə istiqamətləndirilməsi məqsədilə keçirilib. Müsabiqədə 170-ə yaxın şəxs, rəqs dərnəkləri, qrupları və həvəskar kollektivlər iştirak edib. Azərbaycan xalq rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqslərindən nümunələrin də ifa edildiyi müsabiqədə qiymətləndirmə münsiflər heyəti tərəfindən müxtəlif meyarlar üzrə aparılıb, ən yüksək bal toplayanlar əsas turda iştirak etmək hüququ qazanıblar. Əsas turda qaliblər “Ən yaxşı milli rəqs”, “Ən yaxşı müasir dünya rəqsi”, “Ən yaxşı geyim”, “Ən yaxşı kollektiv” və “Ən yaxşı duet” olmaqla, 5 nominasiya üzrə müəyyənləşdirilib. Qaliblər diplomlarla təltif olunublar.
Naxçıvan Musiqi Kollecinin tələbəsi Duyğu Əhmədovaya, Culfa və Sədərək Rayon Mədəniyyət saraylarının rəqs dərnəklərinə, Ordubad rayon Vənənd, Culfa rayon Gülüstan, Kırna və Babək rayon Kültəpə kənd mədəniyyət evlərinin rəqs kollektivlərinə Mədəniyyət Nazirliyinin fəxri fərmanları və hədiyyələr verilib.
Tədbir qalib kollektivlərin müxtəlif rəqs nömrələri ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR