16 Dekabr 2019, Bazar ertəsi

91 il sonra tarixi abidəyə yeni həyat bəxş edildi

Bu yazının qələmə alınmasına səbəb Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərovun yeni çapdan çıxan “Mirzə Cəlilin satira desantları Naxçıvanda” adlı kitab oldu. Müəllif “Molla Nəsrəddin” jurnalının düz 91 il əvvəl, 1927-ci ilin 31-ci nömrəsində Şərur rayonunun Yengicə kəndindəki hamamla bağlı felyetonu da oxuculara çatdırır. Felyetonda deyilir: “Yengicə kənd təsərrüfatı kredit şirkəti Yengicə meydançasının qarşısında olan xaraba binanın təmirinə başlayıb, hələ qurtarmır. Bilmirəm, buranın işi başlayanda hansı bədqədəm adam işin üstə çıxıb, çünki yay, qış, payız iş qurtarmır. Soruşanda cavabı budur ki, 5 ildir ki, Yengicə məktəbinin təmiri başlanılıb, o nə vaxt qurtarsa, bu da onda qurtaracaqdır. Az qala bir il olar ki, para buraxılıb Yengicədə səhiyyə şöbəsi üçün olan bina təmir olunsun, o hələ başlanmayıb, o qurtaranda bu da qurtaracaq. Yaz var, qış var, nə tələsik iş var”.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Zeynəb Quliyeva, Asəf Orucov və Toğrul Xəlilovun həmmüəllifliyi ilə hazırlanaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş “Naxçıvan hamamları” adlı kitabçada felyetonda bəhs olunan həmin hamamla bağlı geniş məlumat verilib. Məlumatdan aydın olur ki, Yengicə kəndində yerləşən Şərq hamamı XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilib. Hamam xeyriyyə məqsədilə inşa edilib. Orta əsrlər dövründə bir çox tikililər, o cümlədən bəzi hamamlar da vəqf üçün ayrılırdı. Bu sahədən gələn gəlir məscid, mədrəsə və xəstəxanaların saxlanmasına, yetimlərin, yoxsul və tələbələrin məsrəflərinə xərclənirdi.

Kəndin mərkəzində tikilmiş hamam binasının divarları 19x19x5 santimetr ölçüdə olan kərpiclə əhəng məhlulu ilə hörülmüşdü. Düzbucaqlı formalı hamam səkkizbucaqlı zal və iki köməkçi otaqdan ibarət imiş. Hamamın qızdırılması yaxınlıqdakı ocaqxanadan başlayaraq döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə tənzimlənirmiş. İki zalın arasında yerləşən köməkçi otaqların qapısı yuyunma zalına açılırmış.
Müəlliflər yazırlar ki, tikilinin quruluşu Naxçıvan ərazisindəki bir sıra hamamlardakı kimi səkkizguşəli formada olub və yeraltı hamamlar sırasına daxildir. Hamam forması və böyüklüyü ilə fərqlənirmiş. Xaricdən 2 iriölçülü günbəzlə tamamlanmış hamamın bütün qapı və bacaları bir qayda olaraq yuxarıda günbəzvarı formada tamamlanırmış. Giriş qapısı cənubdan açılan hamam müxtəlif formalarda və ölçülərdə olan, fərqli funksiyaları yerinə yetirən dörd salondan ibarət imiş.
Hamamın əsas divarının qalınlığının 2, digər divarlarının isə 1,3-1,8 metr arasında olması içərinin istiliyinin qorunmasını təmin edirmiş. Əsas hissəsi xaricdən ensiz kərpiclərin üfüqi düzülüşü ilə üzlənibmiş. İçərinin işıqlandırılması bu hissədə düzəldilmiş ensiz pəncərələrin köməyi ilə həyata keçirilirmiş. Pəncərələr yuxarı hissədə aypara formasında tamamlanırmış. Kompleksə daxil olan zallar və köməkçi tikililərin üstü yarımdairəvi formada tamamlanaraq kərpic ilə örtülürmüş. Hamamın 7 metrlik ümumi hündürlüyünün 3 metri günbəz hissənin payına düşürdü. Tikilinin çox hissəsi yeraltı, cəmi 1,3 metrlik hissəsi yerüstü olub. Bu da binanın istiliyinin qorunmasına, su ilə yaxşı təchiz olunmasına əlverişli şərait yaradırmış...
Bəli, o vaxt bu tarixi abidənin təmirinə, sadəcə, başlanılıb, əslində, heç bir iş görülməyib. Ancaq yurd yerinə qəlbən bağlı olan insanların öz tarixi keçmişinə böyük ehtiramının ifadəsi kimi 90 ildən sonra – 2017-ci ilin mart ayından Yengicədəki Şərq hamamının təmirinə başlanıldı, əvvəlki tarixi görünüşü saxlanılmaqla bərpa edildi. Tarixi abidə 2018-ci il sentyabr ayının 5-də istifadəyə verildi.
Bu günün reallığıdır ki, tarixinin müəyyən məqamlarını özündə yaşadan abidələrin qorunması muxtar respublikamızda ulu keçmişimizə diqqət və böyük ehtiramı ifadə edən dəyərli ənənəyə çevrilib. Qeyd edək ki, həmin tarixi yadigarların bərpasına da ciddi önəm verilir.
XVIII əsrdə tikilən Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı da belə tarixi abidələrdən biridir. Baxımsızlıq və biganəlik ucbatından dağılmaq vəziyyətində olan bu tarixi abidədə aparılan təmir-bərpa işləri ona yeni həyat bəxş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qədim hamamın bərpasından sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə çıxış edərək deyib: “Bu gün Yengicə kəndində tarixi abidə bərpa olunaraq istifadəyə verilir. Yengicə hamamı xalqımızın mədəniyyətinin göstəricisidir. Hamam iki əsrdən artıq bir dövrdə bu ərazidə yaşayan insanların həyat şəraiti, yaşayış səviyyəsi haqqında məlumat verir. Hamam təmizlik, sağlamlıqdır. Uzun illər Yengicə və ətraf kəndlərin əhalisinə xidmət göstərən hamam bu gün tarixi abidə kimi bərpa olunmuş, içərisində xidmət sahələri yaradılmışdır... Hər bir abidənin qorunması və bərpası xalqımızın mədəni həyatının, tarixinin qorunması və ­yaşadılması deməkdir”.
Hazırda ümumi sahəsi 420 kvadratmetr olan tarixi binada 7 sahə üzrə xidmət fəaliyyət göstərir. Burada 2 dərzi, 2 bərbər, fotoqraf, papaqçı, çəkməçi və musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin edilib.
... Son olaraq oxucuların diqqətini nəyə cəlb etmək istərdim? İlk növbədə, Mirzə Cəlilin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının və ümumilikdə, Cəlil Məmmədquluzadə yaradıcılığında milli dəyərlərə yanarlı münasibət olduğuna. Bu kitabda ovaxtkı cəmiyyətimizdəki bütün eybəcərliklər ürək yanğısı ilə əksini tapıb, böyük Mirzə Ələkbər Sabir demişkən: – Düzü düz, əyrini əyri.
... Bu gün naxçıvanlıların leksikonunda tez-tez işlənən bir aforizm var: Tarixi yaşadanları tarix də yaşadır. Və dönüb dünənlə bu günü müqayisə edəndə bu aforizmdəki həqiqəti daha aydın dərk edirik...

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR