16 Dekabr 2019, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda naxçıvanlı rəssamların əsərlərindən ibarət “Payızın rəng­ləri” adlı rəsm sərgisinin açılışı olub.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, payız fəsli incəsənətin hər hansı bir sahəsində işləyən yaradıcı insanlar üçün ən sevimli fəsillərdən biridir. Payız yaradıcı insanların fəslidir. Bu fəslin qızılı çalarları, rəng­arəngliyi yaradıcı insanların ruhunu oxşayır. Özlüyündə dərin xəyali və fəlsəfi məna daşıyan bu fəsildə rəssamlarımız özlərinin ən gözəl əsərlərini yaradırlar. Məhz bugünkü sərgidə də 23 rəssamın payızın sarı, qırmızı və yaşıl çalarlarından istifadə edərək sevgi, bolluq, lirika, dostluq, romantika, bərəkət kimi müxtəlif düşüncələrini əks etdirən 50-yə yaxın rəsm əsəri nümayiş olunur.

Türkiyənin Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədli tədbirdə çıxış ediblər.
Tədbirdə Fikrət Babayevin “Payız”, Əli Səfərovun “Qızıl payız”, Həbibə Allahverdiyevanın “Payız düşüncələri”, Ruslan Zamanovun “Etüd”, Səriyyə Hüseynovanın “Payız rəqsi” və digər rəssamların əsərləri maraqla qarşılanıb.
Sərgi bir həftə davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR