“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilib.

Məşğələdən qabaq “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova Mərkəzin fəaliyyəti və Naxçıvana məxsus ləziz yeməklərin yer aldığı “Naxçıvan mətbəxi” kitabı haqqında məlumat verib. Tələbələrin diqqətinə çatdırılıb ki, bu  kitabda milli yeməklərimiz və onların hazırlanma qaydaları ilə yanaşı, qədim dövrlərdən bəri mətbəximizdə istifadə olunan alət və ləvazimatlarla da yaxından tanış olmaq mümkündür.

Tədbirdə Naxçıvan mətbəxinə məxsus qovurma, əriştə aşı, qurut aşı, soğan dolması kimi yeməklərin, eləcə də mürəbbə, xoşab və turşuların hazırlanma qaydalarından söhbət açılıb. Bəhs olunan mətbəx nümunələri slayd vasitəsilə nümayiş etdirilib.

Tədbirin sonunda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin kulinarı Aygün Cəfərova iştirakçılar üçün praktik məşğələ keçirib. O,  Naxçıvan mətbəxinə aid qış tədarüklərin hazırlanma qaydasını əyani nümayiş etdirib.

Xəbərlər şöbəsi