17 Oktyabr 2019, Cümə axşamı

Naxçıvanın qədim memarlıq nümunəsi olan Yusif Küseyroğlu türbəsi yenidən bərpa olunur.

Naxçıvan şəhərində yerləşən türbədə bərpa işləri əsasən abidənin aşağı hissəsində və piramida şəklində olan günbəzdə aparılır.

Bərpaçı Bayram Quliyev bildirib ki, tarixi abidədə aparılan bərpa işləri zamanı qırılan və yararsız halda olan kərpiclər yenilənir. Bərpa işləri aparılarkən Əcəmi naxışlarına toxunulmadan, abidənin qədimliyinin və orijinallığının qorunmasına xüsusi diqqət yetirilir.

Abidənin üzərində aparılan işlərlə bərabər ətrafında da abadlıq tədbirləri görülür.

Qeyd edək ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən və sakinlər arasında “Atababa günbəzi” adı ilə tanınan Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir. Sərdaba və yerüstü qülləvarı hissədən ibarət olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluş etibarilə türbənin yalnız bir səthi – qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Bərpa işləri aparılarkən bütün bunlara xüsusi diqqət yetirilir.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR