10 Dekabr 2019, Çərşənbə axşamı

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabr tarixinin ölkədə “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalayıb və həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkə­mizdə Milli Musiqi Günü kimi qeyd olunur. Nazir bu münasibətlə bütün tədbir iştirakçılarını və musiqi ictimaiyyətini təbrik edib.

Bildirilib ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Xalqımız tarixən sahib olduğu zəngin dövlətçilik ənənələrini məhz milli mədəniyyət nümunələri sayəsində formalaşdırıb. Qədim diyarımızın Azərbaycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi tanınmasından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edən nazir vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün yüksək iş şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Musiqi Kollecinin 40, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileylərinin yüksək səviyyədə qeyd olunması muxtar diyarımızda musiqi sənətinin inkişafına, eləcə də milli musiqimizin təbliğinə böyük töhfə kimi qiymətləndirilib.
Vurğulanıb ki, son illərdə muxtar respublikada 20-dən çox musiqi məktəbi inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Balaca istedadların üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mühüm rolu olub. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın fəaliyyətə başlaması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılıb, Azərbaycan xalqının qədim mədəni irsini yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparması, görülən tədbirlər nəticəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətlərinin hədiyyə edilməsi doğma diyarımızda musiqi irsimizin yaşadılmasına, təbliğinə və inkişafına dövlət qayğısının bariz ifadəsidir.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.
Qeyd edilib ki, bu il sentyabr ayının 11-dən 18-dək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın bütün bölgələrində Milli Musiqi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib, muxtar respublikanın əksər musiqi kollektivlərinin ifalarında konsert proqramları, eləcə də “Yallı” festivalı təşkil edilib. Bu musiqi bayramı günlərində xalq musiqisindən və bəstəkar mahnılarından ibarət konsert pro­qramları sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Simfonik orkestri geniş konsert proqramı ilə çıxış edib.

 Güntac ŞAHMƏMMƏDLİ

*  *  *

Naxçıvan Dövlət Universitetinin ­İncəsənət fakültəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən etibarən hər il sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunmasının əhəmiyyətindən, universitetdə musiqi ixtisasları üzrə ali təhsilli kadr hazırlığından, İncəsənət fakültəsinin fəaliyyətindən danışıb.
Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova “Üzeyir Hacıbəyli və milli musiqi dəyərləri” adlı çıxışında qeyd edib ki, Şərqdə ilk opera janrının yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın üç pərdədən ibarət “Ər və arvad” musiqili komediyası Azərbaycanda bu musiqi janrının ilk nümunəsidir.
Bildirilib ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himn­lərinin musiqiləri dahi sənətkara məxsus olub. Üzeyir Hacıbəyov təkcə musiqi bəstələməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri musiqişünas­-alim Üzeyir Hacıbəyovun mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi olaraq istifadə edilir.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsinin tələbə və müəllimlərinin ifasında dahi bəstəkarın əsərləri səsləndirilib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR