10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın 95 illiyinə həsr edilmiş uşaqlar arasında keçirilən İRS “Mənim yay tətilim” adlı sərgi­-müsabiqənin yekun tədbiri olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq vurğulayıb ki, muxtar respublikamızda uşaqlara diqqət və qayğı göstərilir. Mədəniyyətin hər bir sahəsində istedadı və bacarığı olan uşaqların sayı getdikcə artır. Bu, rəssamlıqda da özünü göstərir. Mütəmadi olaraq uşaqlar arasında keçirilən ustad dərsləri, rəsm-sərgi müsabiqələri onların bu sahəyə marağını artırır, həmçinin uşaqlara öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı verir. Bugünkü sərgi-­müsabiqə də məktəblilərin yay tətili ərzində diqqətlərini çəkən hadisələri öz düşüncələrində formalaşdıraraq əks etdirmələri və bacarıqlarının inkişafı məqsədilə həyata keçirilir. Nümayiş etdirilən rəsm əsərlərində onlar yay istirahətlərini və tətildə yaddaqalan hadisələri müxtəlif üsullarla kağız üzərinə köçürüblər.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxışında qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğı nəticəsində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin uğurları hər il daha da artır. Onlar arasında mütəmadi keçirilən bilik yarışmaları, intellektual oyunlar istedadlı uşaqların üzə çıxarılmasında mühüm rol oynayır. Keçirilən rəsm sərgisi də belə tədbirlərin davamıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi İman Alrzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Əjdərəli Qafarov çıxış ediblər.
Qeyd edək ki, sərgidə 71 şagirdin 115 rəsm əsəri nümayiş olunub. Sərgidə qaliblərə diplomlar, fəxri diplomlar, təşəkkürnamələr və psixoloq­-yazıçı Sevda Kərimovanın “Mavi portağal” adlı kitabı təqdim edilib.
Sərgi sentyabrın 18-dək davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR