21 Sentyabr 2019, Şənbə

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalıb və övladlarımıza keyfiyyətli məktəbli forması ala bilmək imkanı yaradan ünvan – “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətindəyik.
Keyfiyyətli məktəbli formasının tikildiyi bu ünvan həm də fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. Lakin illər öncə bu sahədə vəziyyət tamamilə başqa idi. Övladları orta məktəbdə təhsil alan valideynlər təkcə dərslik çatışmazlığından əziyyət çəkmir, həm də geyim problemi ilə üzləşirdilər. Blokada şəraitində yaşayan muxtar respublikamız inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda belə bir müəssisənin yaradılması bütün ailələrə maddi və mənəvi dəstək oldu.
Müəssisənin direktoru Mehrəngiz xanım yenə iş başındadır. Onunla həmsöhbət oluruq: – Muxtar respublikada dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, bu mexanizmin təkmilləşdirilməsi qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına stimul verib.
Hazırda ümumi ərazisi 700 kvadratmetr olan müəssisəmizdə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb.
Müəssisə rəhbəri deyir ki, 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sen­tyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verildi. Müəssisənin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etməsi, tövsiyələri müəssisənin gələcək fəaliyyətinə işıq saldı. Müəssisənin kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsulun çox hissəsi idxal yolu ilə əldə olunurdu. Lakin yeni istehsal sahəsinin yaradılması ilə həmin məhsullara olan tələbat daxili imkanlar hesabına ödənilməyə başlandı.

Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə istehsal edilməsi məqsədilə 2014-cü ildə müəssisədə yeni – köynək istehsalı sahəsi yaradılıb. Bu məqsədlə biznes-plan hazırlanıb, təqdim olunub. Layihənin reallaşması üçün Sahibkar­lığın İnkişafı Fondundan 165 min manat güzəştli kredit ayrılıb. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi 39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün təmir-bərpa və yenidənqurma işləri görülüb. Layihəyə uyğun olaraq ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması anbarı, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati otaqlar yaradılıb. Burada Yaponiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Türkiyənin “Talay makina” şirkəti ilə müqavilə bağlanılıb. İstehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi yaradılıb ki, bu da daxili bazarın tələbatını tamamilə ödəmə gücünə malikdir.
Mehrəngiz xanım dövlət dəstəyindən yararlanaraq ötən il yeni bir uğura da imza atıb. O bildirir ki, yeni bir istehsal sahəsi yaratmaq üçün Sahibkarlığın İnkişafı Fondundan 320 min manat güzəştli kredit ayrılıb. “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında fəaliyyətə başlayan müəssisədə gündə­lik 800-1000 dəst olmaqla, alt paltarları istehsal olunur. Burada 10-15 işçi üçün də iş imkanı yaradılıb.
Sahibkar onu da deyir ki, xammal Türkiyədən gətirilir. Yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən qəbul edilən sifarişlər artıq təhvil verilib.
Onu da qeyd edək ki, istehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki mağa­zalarda satılır. Eyni zamanda məktəbli formaları həm də hər il olduğu kimi, builki məktəbli yarmarkasında da müştərilərə təklif ediləcək.
Müəssisədə hüquq-mühafizə orqanlarından, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Naxçıvan Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarələrindən də sifarişlər qəbul edilir.
Onu da qeyd edək ki, hazırda müəssisədə sifarişə uyğun Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları üçün xüsusi geyim formaları tikilir.
Muxtar respublikamızda qadın sahibkarlarımız çoxdur. Bacarığı, işgüzarlığı ilə seçilən “Zümrüd Tikiş”, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktoru Mehrəngiz Əkbərovanın əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Müəssisə rəhbəri 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub, “Biznesdə Uğur” mükafatına layiq görülüb. Bu il isə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.
Bu gün həmsöhbət olduğumuz zəhmətkeş, bacarıqlı iş adamının 22 illik zəhmətinin bəhrəsi ilə bağlı söylədiklərindən və gördüklərimizdən belə qənaətə gəlmək olar ki, yaradılan şəraitdən istifadə edən hər bir sahibkar muxtar respublikamızın inkişafına öz töhfələrini verməklə yanaşı, həm ailəsinin, həm də bir çox ailələrin firavan həyat sürmələrinə şərait yarada bilər.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR