21 Sentyabr 2019, Şənbə

Muxtar respublikamızda qadınlara göstərilən yüksək diqqət və qayğının nəticəsində onlara mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli şərait yaradılıb. Bu qayğıdan bəhrələnən qadınlar milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşərək ölkəmizin, eləcə də muxtar respublikamızın sosial-iqti­sadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları kimi də əllərindən gələni əsirgəmir, öz bacarığı, qabiliyyəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayırlar.
Elə bu gün haqqında bəhs edəcəyimiz Züriyyə Musayeva da fiziki məhdudiyyətlərinə baxmayaraq, yaradılmış şəraitdən layiqincə yararlanan və milli mədəniyyətimizin inkişafına öz töhfəsini verən qadınlarımızdandır.
Züriyyə Musayeva 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. Hələ uşaqlıqdan incəsənətə maraq göstərib və bir peşəkar kimi yetişməsində nənəsinin böyük rolu olub. O, tətbiqi incəsənətin bir çox nümunələrini zövqlə yaradaraq milli dəyərlərimizi təbliğ edir. Züriyyə xanım muxtar respublikamızda təşkil olunan sərgilərdə fəal iştirakı ilə seçilir. Yaradıcılığının əsasını xalçalar və milli üslubda hazırlanmış geyim, bəzək aksesuarları təşkil edir. Bununla yanaşı, o, bədii tikmə sənəti və keramika rəssamlığı ilə də məşğuldur.
Artıq 20 ildən çoxdur ki, bu işlə məşğul olan Züriyyə Musayeva ilə ilk dəfə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Tətbiqi sənət əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ məhsulların sərgi-satış mərkəzində görüşmüşdük. Onun hər bir əl işinə diqqətlə baxanda açıq-aydın gördüm ki, ilmələrdə, naxışlarda, ornament­lərdə bu torpağın hər qarışının, xalqımızın mədəniyyətinin, incəsənətinin, tarixinin, etnoqrafiyasının izləri var. Eyni zamanda bu əsərlər Züriyyə xanımın fərqli bir istedada, əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduğunu təsdiq edirdi. Bu təəssüratlar sonralar onun yaradıcılığı ilə daha yaxından maraqlanmağıma səbəb oldu.

Beş yaşından bəri toxuma işlərini öyrənməyə çalışan Züriyyə xanımın bu yolda ilk müəllimi, yuxarıda da qeyd etdiyimiz kimi, nənəsi olub. Deyir ki, nənəm, əsasən, palaz toxumaqla məşğul olurdu. Sonradan ondan palazın bir çox növlərini – dolama palaz, vərni, kilim və digərlərini toxumağı öyrəndim. Bununla yanaşı, tikmə, yandırma, xalçatoxuma da məşğul olduğum sahələrdəndir. Deyir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda fiziki məhdudiyyəti olan insanlara hərtərəfli dəstək göstərilir. Xüsusi istedadları ilə seçilən qadınlar üçün lazımi şərait yaradılır. Onların məşğulluğu təmin edilir, sosial-rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışları təşkil olunur.
Onu da xüsusi vurğulamaq lazım­dır ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur ki, bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir. Onlara istər texniki köməklik, istərsə də mənəvi dəstək göstərilməsi, hazırladıqları əl işlərindən ibarət sərgilərin təşkili də diqqət mərkəzində saxlanılır. Elə bunun nəticəsidir ki, Züriyyə Musayeva indiyədək bir çox sərgilərdə iştirak edib, müxtəlif mükafatlara layiq görülüb.
Müsahibim ötən əsrin 90-cı illərində Naxçıvanın çətin günlərini xatırlayarkən kədərlənsə də, bu günün xoş təəssüratlarını bizimlə bölüşərkən üzündəki təbəssümü sezməmək olmur. Onun dediklərindən: “O zamanlar bizim kimi sağlamlıq imkanları məhdud insanlar taleyin onlara qismət etdiyi ağır sınağın çətinliklərinə boyun əyib, həyata küskün, diqqətdənkənar, ümidsiz, qayğısız ömür yaşamağa məcbur olurdular. Ancaq bu gün onların sosial şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması istiqamətində muxtar respublikamızda davamlı işlər aparılır, cəmiyyətə inteqrasiyaları, reabilitasiyaları üçün lazımi şərait yaradılır. Bu isə bizi həyata daha sıx tellərlə bağlayır, həyatsevərlik əzmimizi daha da artırır”.
Bəli, həqiqətən, bu gün muxtar respublikamızda bir çox dövlət qurumları, o cümlədən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə ardıcıl tədbirlər həyata keçirirlər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi istedada malik insanların üzə çıxarılması və digər qurumlarla birgə fəaliyyəti nəticəsində belə istedadlı qadınlarımızın əməyi dəyərləndirilir, onların yaradıcılıq imkanları genişləndirilir.
Həyatda sağlam, fiziki qabiliyyətli yaşamaq hər kəsin qismətində olmur. Bəziləri dünyaya göz açarkən, bəziləri isə sonradan müxtəlif hadisələr nəticəsində sağlamlıqlarından məhrum olurlar. Ancaq dövlətimizin bu qəbildən olan insanlara qayğıkeş münasibəti nəticəsində onların yaşamaq, qurub-yaratmaq əzminin nə qədər yüksək olduğunu görməmək mümkün deyil. Züriyyə Musayeva sonda onu dedi ki, bu gün biz qadınların taleyinə qədim diyarımızın tarixinin qızıl hərflərlə yazılmış dövründə yaşamaq, baş verən yeniliklərin şahidi olmaq qisməti düşüb. Muxtar respublikamızın gündən-günə tərəqqi etməsi, bütün sahələrin inkişafı, milli və mənəvi irsimizin qorunması istiqamətində görülən işlər gözlərimizin önündə baş verir. Buna görə də yaradıcı insan kimi biz bu irsi inkişaf etdirməli, onu qoruyub gələcək nəsillərə çatdırmalıyıq.
Həqiqətən də, bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud istedadlı şəxslərə dövlətimizin hərtərəfli dəstəyi milli dəyərlərimizin qorunmasına və təbliğinə geniş imkanlar açır. İnanırıq ki, Züriyyə Musayeva kimi zəhmətkeş qadınlarımızın bu dəyərlərimizə verəcəyi töhfələr hələ qabaqdadır.

Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR