16 Oktyabr 2019, Çərşənbə

Böyük filosof-şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığının nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olmuşdur. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi böyük şairin yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.

Nəsimi insanların qəlbini, onların daxili aləmini ilahi şeiriyyətlə, özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Böyük şairin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. “Bulunmaz” rədifli qəzəlində mərdlik, igidlik, xalqa əməllə xidmət etmək kimi ideyalar aşılanır:

Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.

Nəsimi belə hesab edirdi ki, nəfsi öldürmək kamil insana məxsus ən böyük mənəvi keyfiyyətdir. “Nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir”. Nəfs düşgünü olan insan şüursuz canlılardan seçilmir. Eşq yolunu tutan isə ruhuna qida verən, öz könlündə ilahi nuru gəzdirən, öz idealını arayıb-axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan gizli sirləri duya bilər, bu isə haqqa qovuşmaq deməkdir.

Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəldir. Şairə görə “mən” həyatdır, elə bir gözəllikdir ki, əgər özünü dərk edərsə, ülvi bir varlığa çevrilib ilahiləşir. Onun fikrincə, insan bütöv bir aləmdir, insan kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. Şairin “Bəhrüləsrar” adlı fəlsəfi qəsidəsi bu baxımdan, xüsusilə təqdirəlayiqdir. Bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihət və fikirlərlə zəngindir. Əsərdə şair insanı həyat və ölüm haqqında düşünməyə, Xəyyamanə bir ruh ilə dünyanın başdan-başa acı və şirinliklərlə dolu olduğunu dərk etməyə çağırır və göstərir ki, bütün həyatını ancaq sərvət qazanmaq uğrunda sərf edən insan əzab və əziyyətdən başqa heç bir şeyə sahib ola bilməz, insanın əsl zinəti, yalnız onun mərifət və əxlaqıdır.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən,
Ömrümüz qor tək ərir hər an Günəşdən, şölədən.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,
Aqil insan zər üçün öz ömrünü verməz hədər.

Nəsimi yaradıcılığı böyük tərbiyəvi əhəmiyyətə malik olmaqla bu gün də kamil insan formulunu misralarla oxucuya aşılayır. Bu kamillik, insan qüdrəti heyranedici bir himn kimi səslənir. Və bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü dərk etmiş kamil insanlara xasdır. Şairin əsərlərindəki kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək kimi ideyalar müasir pedaqoji fikrin əsas konsepsiyaları ilə uzlaşır.
Nəsimi böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınır. Dahi şairin sənətindəki dərin humanizm ideyaları əxlaq tərbiyəsinin poetik təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Onun dərin humanizmi qlobal-bəşəri mahiyyət daşıyırsa, yüksək poetik sənətkarlığı, dilinin şirinliyi və axıcılığı, heyrətamiz poetik ritmi xalqının estetik zövqünün kamilləşməsində önəmli rol oynayır. Xüsusən xalq dilinin üslub-qrammatik imkanlarından yaradıcı şəkildə bəhrələnməkdə Nəsimi şeiri misilsizdir. Bu poetik nümunələrdə müəllifin fikrini rəqibinə cəsarətlə sübut etmək bacarığı var.

Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir – nəm olsun!

Rəqibinin istehzalı, kinayəli, tikanlı sualına bu cür sərrast, səlis və şirin cavabı ancaq Nəsiminin lirik qəhrəmanı verə bilərdi.
Şairin yaradıcılığında dini-fəlsəfi əsərlərlə yanaşı, dünyəvi şeirlər də vardır. Onun bu şeirlərində səmimiyyət və təbiilik daha qabarıqdır, hər şeiri xəlqiliyi, dil-ifadə və üslub gözəlliyi ilə fərqlənir. Şair burada insan səadətini, onun könül sərbəstliyini və azadlığını irəli çəkir. Pedaqoji tərbiyədəki doğruçulluq, söz bütövlüyü, yalansız, haqqı tanıyan kamil şəxsiyyət anlayışını Nəsimi belə ifadə edir:

Qanı bir əhdi peyman bütün yar,
Qanı bir qövlü gerçək, doğru dildir.
Qanı, həqqi bilən bir gerçək ər kim,
Ola doğru anın dilində göftar?

Yaradıcılığı Yaxın və Orta Şərqdə geniş yayılmış Nəsimi əsərlərini üç dildə – ərəb, fars və Azərbaycan dillərində yazan ilk böyük söz ustadıdır. O, bu dillərdə divanlarını ərsəyə gətirib. Müxtəlif dillərdə yazıb-yaratmaq qabiliyyəti şairə öz mütərəqqi fikirlərini geniş təbliğ etmək imkanı verib, dərinməzmunlu fəlsəfi şeirləri ilə xalqlar arasında mədəni əlaqələrin və ədəbi mühitin inkişafında mühüm rol oynayıb.
Nəsimi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünə­məxsus rola malik olduğunu bir daha təsdiq edir. Sərəncamda deyilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir”.
Ölkə Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eyni zamanda bu sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsimizin təbliğinə də çox böyük töhfədir.

Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR