14 Dekabr 2019, Şənbə

İcbari tibbi sığorta vətəndaşların mənafeyinə yönəlmiş, onların keyfiyyətli tibbi xidmət və dərmanlarla təmin olunmasına yardım edən bir sistemdir. Bu sistemin həyata keçirilməsi ilə insanların hər hansı bir xəstəliyi vaxtında aşkar edilir, onlar böyük xərc çəkmədən müalicə oluna bilirlər. Dünyanın əksər ölkələrində çoxdan həyata keçirilən bu sistemin respublikamızda da bir neçə ildir, tətbiqinə başlanılıb. Söz yox ki, yaxın gələcəkdə Azərbaycan vətəndaşları da həmin sistemdən istifadə etməklə onun bütün yaş qrupundan olan insanlar, xüsusilə də uşaqlar üçün nə dərəcədə faydalı olduğunu görəcəklər. Bir çox ilklərə imza atılan muxtar respublikamızda isə icbari tibbi sığortanın tətbiqinə 2017-ci ildən başlanılıb. Qısa zaman ərzində bu sahədə xeyli işlər görülüb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov bu sahədə görülən işlər barədə suallarımızı cavablandırdı.

– Vüsal müəllim, muxtar respublikamızda icbari tibbi sığortanın tətbiqi insan amilinə verilən ən böyük dəyərdir. Bunu deməyə əsas verən başlıca səbəb isə bu işin ilk olaraq sərhəd bölgəsində yerləşən Sədərək rayonunda həyata keçirilməsidir. Ümumilikdə, tibbi sığortaya keçidin mahiyyəti nədən ibarətdir?

– Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsi daim milli sosialyönümlü siyasətin prioritetləri arasında mühüm yer tutub. Bu sahəyə dövlət tərəfindən əhəmiyyətli sərmayə qoyuluşu, səhiyyədə texnoloji innovasiyaların və müasir müayinə-müalicə üsullarının tətbiqi ölkəmizdə yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan yaradıb. Əhalinin artmaqda olan tibbi xidmət ehtiyaclarını qarşılamaq və səhiyyənin uzunmüddətli inkişafına nail olmaq məqsədilə bu sahədə dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması və mövcud resursların daha səmərəli istifadəsi tələb olunur. Bütün bunlar isə, təbii ki, əhalinin sağlamlığına hesablanmış tədbirlər, insan amilinə verilən dəyərdir. Bəli, icbari tibbi sığortanın muxtar respublikamızda ilk olaraq həm ucqar, həm də sərhəd bölgəsində yerləşən Sədərək rayonunda tətbiqi bunu bir daha sübut edir. Bu, sərhəd bölgəsində yaşayan insanlara böyük dövlət qayğısının təzahürüdür. Muxtar respublikamızda bütün işlər ucqarlardan başlanılıb, şəhər və rayonlarımızdakı şəraitlə müqayisədə ilk olaraq onların problemləri həll olunub, yaşayış səviyyələri yüksəldilib. Buna misal olaraq ucqar kəndlərimizdə yaradılan onlarla səhiyyə ocaqlarını göstərmək olar.
İcbari tibbi sığortaya keçid məsələsinə gəlincə, bu, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını və keyfiyyətini artıraraq səhiyyə sisteminin maliyyə potensialını gücləndirmək əhəmiyyəti daşıyır. İcbari tibbi sığorta səhiyyəyə sərf edilən vəsaitlərin səmərəli cəmləşdirilməsinə, bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinə, əhaliyə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinin stimullaşdırılmasına şərait yaradır.
– Bəs icbari tibbi sığortanın baza zərfinə hansı xidmətlər daxildir?
– Təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr.
– İcbari tibbi sığortanın tətbiq olunduğu yer, söz yox ki, müasir səhiyyənin tələblərinə cavab verə biləcək səviyyədə olmalıdır. Sədərək rayonunda bu sahədə nə kimi işlər görülüb?
– Əlbəttə, bu sığorta növünün tətbiqi müasir səhiyyə sistemini tələb edir. “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli Fərmanı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamı ilə “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair tədbirlər planı” təsdiq edilmişdir.
İcbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılmış, kompüter və zəruri avadanlıqlar quraşdırılmış və hər birinə 1 vahid qeydiyyatçı işə qəbul edilmişdir.
Sədərək Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılmış, rayonda yerləşən tibb müəssisələrində ən son texnoloji yeniliklərə cavab verən fiber-optik xətlər vasitəsilə internet şəbəkəsinə qoşulmaqla vahid məlumat bazası yaradılmış və onun idarə olunması üçün server otağı təşkil edilmişdir. Xəstəxanada Yaponiya, ABŞ və Avropa ölkələrində istehsal olunmuş, ən müasir texnoloji yenilikləri özündə birləşdirən tibbi cihaz və avadanlıqlar alınaraq quraşdırılmışdır. Mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə ­sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək mümkün ­olmuşdur.
– İcbari tibbi sığortanın tətbiq olunduğu ikinci rayon isə ən çox əhalisi olan Şərurdur.
– Bəli, ötən dövr ərzində əldə olunmuş uğurlu nəticələrə əsasən bu sığorta növünün əhatə dairəsi genişləndirilmiş, Şərur rayonunda tətbiqi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq bir sıra işlər həyata keçirilmişdir. Belə ki, bu məqsədlə rayon əhalisi üzrə məlumatlar toplanmış, həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılmışdır.
Ali Məclis Sədrinin tapşırığı ilə Şərur rayonunda yaşayan uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə rayon uşaq xəstəxanasının yaradılması, mərkəzi xəstəxanada təcili tibbi yardım, laboratoriya və əməliyyat blokunun ən müasir tibbi cihaz və avadanlıqlarla təmin olunaraq yenidən təşkil edilməsi, bölgədəki həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin yenidən qurulması, ümumilikdə, görülmüş yenidən­qurma işləri, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir tibbi cihaz və avadanlıqlarla təmin edilməsi rayonda icbari tibbi sığortanın tətbiqinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq iyunun 1-dən rayonda bu prosesə başlanılmış, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilərək tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılmışdır.
– İcbari tibbi sığortanı şərtləndirən amillərdən biri də vətəndaşlara verilən şəhadətnamələrdir. Bu barədə nə deyərdiniz?
– Sığortaolunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədilə 10 min plastik kart alınmış və kartlara məlumatların yüklənməsi üçün “ZEBRA ZPX Series 9” markalı məlumatyazıcı barkod printer quraşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə əhalinin sığortalanması prosesinə başlanılmış və müraciət edən şəxslərlə sığorta müqaviləsi bağlanılmış, şəhadətnamə verilmişdir.
İcbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az domen adı verilməklə elektron portal yaradılmışdır. Onlayn sığortalanma vasitəsilə əhalinin elektron qaydada sığortalanmasının həyata keçirilməsi mümkün olmuşdur ki, bu günədək 500-ə yaxın şəxs elektron müraciət etmiş və onlarla sığorta müqaviləsi bağlanaraq şəhadətnamə verilmişdir.
– Məncə, icbari tibbi sığorta əhali üçün yeni olduğundan onların maariflənməyə də ehtiyacı var.
– Təbii ki, icbari tibbi sığorta əvvəlki səhiyyə xidmətlərindən kəskin şəkildə fərqlənir. Buna görə də agentlik tərəfindən maarifləndirmə aparılması məqsədilə müxtəlif broşürlər, məlumat kitabçaları və qısametrajlı videoçarxlar hazırlanmışdır. Səhiyyə işçilərinin biliyinin daha da artırılması məqsədilə müayinə və müalicə protokolları tərtib edilmişdir. Həmçinin yuxarıda adını qeyd etdiyimiz portalda maarifləndirmə məqsədilə xüsusi bölmə yaradılmış, zəngin məlumat bazası yerləşdirilmişdir.
Dünyanın qabaqcıl ölkələrində istifadə edilən “Fonet” və “Medisoft” informasiya proqramları vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılmış və icbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrinin agentlik və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilmişdir. Həmin sistem vasitəsilə sığortaolunanların 6 aydan bir “Chek-up” müayinələrinə cəlb olunması barədə, milli peyvənd təqviminə və dispanser nəzarətə ehtiyacı olan xəstəliklərin müayinə təqviminə uyğun olaraq SMS vasitəsilə məlumatlandırılması təmin edilmişdir. Muxtar respublika əhalisini icbari tibbi sığorta haqqında məlumatlandırmaq üçün agentlik əməkdaşlarının kütləvi informasiya vasitələrində dəfələrlə çıxışları olmuşdur.
– Əhali kimi, icbari tibbi sığortanın tətbiq olunduğu rayonların səhiyyə işçiləri də, yəqin ki, bu sahədə kifayət qədər məlumata malik deyildilər.
– Muxtar respublika həkimlərinin xəstələrin müalicəsində daha yaxşı nəticələr əldə etməsi, daim öz bilik və təcrübələrini artırması, əsasən də, təcili qərarlar qəbul edərkən müasir tibbi biliklərin xüsusi bir ardıcıllıqla həyata keçirilməsi üçün Avropa ölkələrində istifadə edilən 145 müxtəlif müayinə və müalicə protokolu dəqiqliklə tərcümə edilmişdir. Həmin protokollara uyğun olaraq tibb işçiləri üçün maarifləndirici seminarlar təşkil olunmuşdur. Şərur və Sədərək rayonlarında keçirilən həmin tədbirlərdə tibb işçilərinə ­sığortaolunanın müayinə-müalicə hərəkət sistemi, sığortaolunanın icbari tibbi sığorta proqramından istifadə qaydaları, təqdim olunacaq hesabat formalarının yazılması, agentliyin rəsmi internet portalı və sığortaolunanın elektron qeydiyyatı haqqında geniş məlumat verilmiş, eyni zamanda tədbir iştirakçılarını icbari tibbi sığortanın tətbiqi və xidmətlər zərfi ilə əlaqədar maraqlandıran suallar cavablandırılmışdır.
– Bu günlərdə yeni bir qürurverici xəbər də eşitdik ki, icbari tibbi sığortanın coğrafiyası genişləndirilərək Kəngərli rayonunu da əhatə edəcəkdir.
– Bəli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırıqlara uyğun olaraq bu məqsədlə zəruri tədbirlər həyata keçirilmişdir. Kəngərli rayonunda icbari tibbi ­sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazası yaradılmışdır. Əminliklə demək olar ki, icbari tibbi sığorta qısa zamanda bütün muxtar respublikada yüksək səviyyədə tətbiq olunacaqdır.
– Vüsal müəllim, icbari tibbi sığorta dünya praktikasında tibbi xidmətlər modeli və həmrəyliyə əsaslanan sosial layihə kimi qəbul edilib.
– Doğrudur, bu sığorta növü dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modelidir. Bunu ona görə həmrəyliyə əsaslanan sosial layihə adlandırırlar ki, insanlar xəstələnmədiyi halda da müəyyən fondlara vəsait keçirir, xəstəliyi olan insanlar yığılan həmin vəsaitdən istifadə etməklə müalicə ala bilirlər. Bu qaydada insanlar həmrəy olaraq bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Həmçinin onlar hər zaman, əllərində maliyyə vəsaitinin olub-olmamasından asılı olmayaraq, dövlətin zamanət verdiyi tibbi xidmətləri pulsuz əldə edirlər. Qururverici haldır ki, icbari tibbi sığortanın tətbiq olunduğu Şərur və Sədərək rayonlarının qeydiyyatında olan vətəndaşlar hazırda 2019-cu il üçün heç bir vəsait ödəmədən bu sistemdən yararlanırlar. 2020-ci ildən etibarən isə “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlardan sığortahaqqı toplanacaqdır. Müvafiq qanuna əsasən müəyyən əhali qrupu dövlət büdcəsi hesabına sığortalanacaq ki, bu da əhalinin 45 faizə yaxını – hamilə qadınlar, 18 yaşına çatmamış vətəndaşlar, 23 yaşına qədər əyani təhsil alan tələbələr, 65 yaşdan yuxarı işləməyən pensiyaçılar, sosial müavinət, sosial yardım alanlar və əlilliyi olanlardır. Yaxın gələcəkdə ölkəmizdə, eləcə də muxtar respublikamızda icbari tibbi sığorta tam həyata keçirildikdən sonra bu sistemdən ən çox yararlanan, sözsüz ki, əhali olacaqdır. Onlar insan amilinə verilən bu dəyəri hər an hiss edəcəklər.
– Müsahibə üçün sağ olun.

Müsahibəni apardı:
 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR