27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Qədim Naxçıvan hər zaman özünün görkəmli şəxsiyyətləri ilə sayılıb­-seçilib. Mədəniyyətdən incəsənətə, ədəbiyyatdan tarixə, təbabətdən hərb elminədək öz sözünü demiş həmyerlilərimiz təkcə ölkəmizdə deyil, onun hüdudlarından da çox-çox uzaqlarda tanınıblar. Anadan olmasının 120 illik yubileyi geniş şəkildə qeyd edilən görkəmli rəssam İbrahim Səfiyev də məhz yaradıcılığı ilə bütün Türk dünyasını fəth edən, təkcə Türkiyədə deyil, Avropanın bir çox ölkələrində də sənətinə böyük maraq oyadan incəsənət ustadlarımızdandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik ­yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı qəlbindəki əbədi Vətən sevgisini məhəbbətlə sənət əsərinə çevirən böyük ustadın həyat və yaradıcılığına yenidən işıq salan qiymətli sənəd, sənətinə verilən ən böyük dəyərdir.

Sərəncamın icrası istiqamətində bu günədək müxtəlif tədbirlər keçirilib, rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Növbəti belə tədbir isə aprel ayında paytaxt Bakıda – Atatürk Mərkəzində təşkil edilmişdi. Belə bir tədbirdə iştirak etmək şansı əldə etdiyim üçün qürurlandım.

Həmin elmi-praktik konfransda ölkəmizin tanınmış elm və incəsənət nümayəndələri ilə yanaşı, daha bir ziyalı – görkəmli rəssamın qardaşı nəvəsi Elşad Səfiyev də iştirak edirdi. Fürsəti əldən verməyib İbrahim Səfiyevin keşməkeşli həyat yolu, hüdudları aşan yaradıcılığı haqqında fikirləri məhz onun qardaşı nəvəsindən dinləmək istədim. Bir neçə gündən sonra vədələşdiyimiz kimi onunla həmsöhbət olduq:
– Elşad müəllim, Səfiyevlər ailəsi və həmin ailənin gökəmli nümayəndəsi İbrahim Səfiyev haqqında onun qohumlarından biri kimi nə deyə bilərsiniz?
– Bildiyiniz kimi, İbrahim Səfiyev üç yaşında olarkən babamgil atalarını itiriblər. Onun qardaşı, yəni babam Kərimdən başqa, Qədirnisə, Xırdaxanım, Siyəmən və Mina adında dörd bacısı da olub. Onların uşaqlıq illəri çətinliklər içində keçib. Babam ötən əsrin 20-30-cu illərində Naxçıvandan Gəncəyə köçüb.
İbrahim Səfiyevin əsl adı Rəhman olub. Babamgil də xatirələrində qeyd etdikləri kimi, Rəhman kiçik yaşlarından rəsmə həvəs göstərib. Hələ 12 yaşında ikən “Araz balıqçıları” adlı rəsm və anasının portretini çəkib. İrəvan Müəllimlər Seminariyasında təhsilini davam etdirərkən buradakı rəsm müəllimi, rumıniyalı Koltsa adlı rəssamın İbrahim Səfiyevin bir sənətkar kimi yetişməsində böyük əməyi olub.
Seminariyanı bitirdikdən sonra iki il Moskvadakı Rəssamlıq İnstitutunun hazırlıq kursunda təhsil alıb. Lakin Rusiyadakı 1917-ci il inqilabı hadisələrinə görə təhsilini yarıda buraxıb Naxçıvana qayıdıb. Qafqaz­-İslam Ordusunun tərkibində Zəngəzur döyüşlərində könüllü olaraq ermənilərə qarşı vuruşub. I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gedib və həyatını orada qurmalı olub. Çünki Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra vətəninə dönməsi mümkünsüz idi. Buna görə də həmin illərdən ailəsi ilə əlaqəsini itirib. Beləliklə, Rəhman Səfiyev qürbət elin nəbzini tutmaq üçün önəmli addımlar atır. Əvvəlcə İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olur və 1923-cü ildə buranı bitirir. Bir il sonra sərgilərdə iştirak edən rəssam II Dünya müharibəsinin başlanması ilə hərbi xidmətə çağırılır. Orduda qulluğunu ­tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşır və həyatını bu sənətə bağlayır. Türkiyə vətəndaşlığına keçərkən Rəhman Səfiyev adını İbrahim Safi kimi yazdırır. Çünki Rəhman adı dinlə qadağan idi. Bildiyimə görə, uzun müddət ailə qurmayıb. Çünki geri dönüb doğma Vətənində yaşamaq arzusunda olduğu üçün orada evlənmək istəməyib. Uzun müddətdən sonra – 1953-cü ildə 55 yaşına çatanda yunan əsilli Zaxarina adlı nəvələri olan xanımla ailə qurmalı olub.
II Dünya müharibəsi bitdikdən sonra Türkiyədə kifayət qədər məşhurlaşan İbrahim Səfiyevin Avropada da sərgiləri açılır. 2 il Münhendə olmaqla bərabər, 11 il Avropa ölkələrində yaşayıb. Türkiyə dövləti tərəfindən Roma və Vyanaya göndərilib. Bu ölkələrdə də fərdi və qarışıq sərgilərdə iştirak edib. 1967-ci ilə qədər təkcə Marsilyada 8 fərdi sərgisi açılıb.
Ömrünün sonlarında İbrahim Səfiyev görmə qabiliyyətini get-gedə itirib. 1983-cü ildə 100-cü fərdi sərgisinin açılışı olacaqmış. Elə həmin axşam, yanvarın 4-də həyata vida edib. Həmin sərgi onsuz keçib. İstanbuldakı Zəncirli quyu məzarlığında dəfn olunub. Adı qardaş ­ölkədə əbədiləşdirilib, İstanbul şəhərindəki “İstiqlal” prospektində onun yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub.
– Sizcə, İbrahim Səfiyev Türk dünyası rəssamlığında hansı mövqedə olub?
– İxtisasıma uyğun olmadığına görə onun əsərlərini peşəkarcasına dəyərləndirmək mənə çətin olar. Amma İbrahim Səfiyev şəxsiyyəti, yaradıcılığı barədə çox məlumatlar öyrənmişəm. Onunla bağlı Türkiyə rəssamlarının, sənət adamlarının xatirələri, müsahibə və məqalələri rastıma çıxdıqca toplayıb şəxsi kolleksiyamda saxlayıram. Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, İbrahim Səfiyev öz dəst-xəttini yaradaraq türk rəssamlığına yeni bir meyil gətirib. Mən onun daha çox Repin yaradıcılığından təsirləndiyini bildirmək istəyirəm. Çünki o, sərbəst impressionizm üslubunda əsərlər yaradıb. İmpressionizmin gətirdiyi boya incəliyini özünəməxsus tərzdə əsərlərində tətbiq edib.
Türkiyənin sənət adamları deyir ki, o, bizi Avropada müxtəlif janrlarda tanıdıb. Xüsusilə portret janrını vurğulayırlar. Qeyd edirlər ki, Kahramanmaraşda və digər şəhərlərdə bəstəkarların portretlərinin sərgisi keçirilərkən, təxminən, 70-ə yaxın portreti konservatoriyalara bağışlayıb. Hətta məqalələrdən birində onun varisinin olmadığını təəssüf hissi ilə oxumuşam. Onlar bilmirlər ki, Naxçıvanda onun qohumları var. Hətta qeyd olunur ki, İbrahim Səfiyev başqa ölkədə yaşasaydı, onun fan klubu olardı, muzeyi yaradılardı. Çünki “hər bir evdən İbrahim Safi çıxır”. Çoxu da şəxsi kolleksiyalardır. Bu gün Türkiyənin görkəmli şəxsiyyətlərində və kolleksiyonerlərində onun qiymətli rəsmləri var və bu, onlar üçün prestij hesab olunur.
İbrahim Səfiyev 10 mindən artıq rəsm əsəri çəkib və Türkiyədə ən çox əsəri olan və satılan rəssam kimi də tanınır. İbrahim Səfiyevin vəfatından sonra rəssamın öz kolleksiyasında olan ən dəyərli əsərlərini və eskizlərini həyat yoldaşı Zaxarina xanım özü ilə Yunanıstana, Afinaya aparır. Bəzilərini dəyər-dəyməzə antikvar əşya ticarəti ilə məşğul olanlara satır. İbrahim Safinin son nəfəsinə kimi yanında olan şəxsi həkimi var idi, Ənvər Tali. Onun kolleksiyasında rəssamın 350 rəsm əsəri olub. Hansı ki 7 milyon dollar məbləğində dəyərləndirilir. Ölümündən sonra albomunu çap etdirib. 1998-ci ildə Türkiyədə 100 illik yubileyinin qeyd olunmasına təşəbbüs göstərib.
Bir də onu xüsusi vurğulamaq istərdim ki, Türkiyədə İbrahim Səfiyevi ən çox ilk dəfə Mustafa Kamal Atatürkün naturadan portretini çəkən rəssam kimi tanıyırlar. İbrahim Səfiyev rəssamların bir çoxuna nəsib olmayan, tarixə düşəcək hadisəyə imza atıb. O, iki dəfə Atatürkün qarşısında palitra quraraq görkəmli sərkərdənin portretini çəkib. Türk tarixinin şanlı səhifələrini və qəhrəmanlarını öz tablolarında yaşadan rəssam bu portretdə dahi şəxsiyyətin obrazını sənətkarlıq kamilliyi ilə yanaşı, tarixi gerçəkliyi ilə də mükəmməl şəkildə ifadə edə bilib.
Həm də onu deyə bilərəm ki, İbrahim Səfiyev yaradıcılığında uşaqlıq xatirələrinə əsaslanan doğma yurdun məişətinə dair mövzulara da rast gəlmək olur. Buna misal olaraq onun Şərurdan Əyricə yaylağına gedən köçərilərin həyatını əks etdirən “Şərq rəqqasları dağlıq ərazidə” adlı silsilə əsərlərini göstərmək olar. Rəsmə baxarkən gözlərimiz önündə əzəmətli dağ mənzərəsi canlanır. Bu əsərdə arxa planda qədim karvansara qarşısında köçərilər dəstəsinin əyləndiyini görə bilərik. Məlumdur ki, “Şərq rəqqasları dağlıq ərazidə” freskası rəssam tərəfindən divara çəkilmiş möhtəşəm əsərdir. Əsər öz monumentallığı və orijinallığı ilə tamaşaçıları bu gün də heyran edir.
– İbrahim Səfiyev yaradıcılığı, onun əsərləri ilə ilk dəfə nə vaxt tanış olmusunuz? Ən çox diqqətinizi hansı əsərləri cəlb edib?
– Yadıma gəlir, ilk dəfə 16 yaşım olanda onun çəkdiyi portreti görmüşəm. Çox maraqlı bir əsər idi. İbrahim Səfiyev haqqında ilk məlumatları almağımızda bibim Zərri xanımın rolunu qeyd etmək istəyirəm. O, Türkiyədə yaşayan əmisi İbrahim Səfiyevin sorağına düşsə də, ovaxtkı mövcud siyasi rejimə görə bu ölkəyə getmək mümkün olmayıb. Yalnız 1968-ci ildə Türkiyəyə getmək üçün icazə alıb. İbrahim Səfiyevi taparaq 3 ay onun yanında qalıb. Bu müddətdə əmisindən cızma­-qara etməyi də öyrənib. İbrahim Səfiyev ona portretini çəkərək hədiyyə edib. Qayıdanda əmisinin bir neçə portretini özü ilə gətirib. O vaxt görkəmli rəssam yavaş-yavaş bizim ölkədə tanınmağa başlayıb. Vətənpərvər alimlərimizdən Abbas Zamanov belə bir azərbaycanlı rəssamın olduğu barədə məqalə yazıb, onun sərgisinin keçirilməsi haqqında təklif irəli sürüb.
– Tarixən şahidi olmuşuq ki, istedad bir çox hallarda irsi xarakter daşıyır. Bəs Səfiyevlər nəslindən onun sənətinin davamçıları varmı?
– İbrahim Səfiyev yaradıcılığının təsiri olub, yoxsa yox, deyə bilmərəm, amma bacımın oğlu bu sənətlə məşğul olur. Adını eşitməmiş olmazsınız, Faiq Əhməd. Günümüzün məşhur xalçaçı rəssamlarından biridir. Onun yaradıcılığında xalça əsas yer tutur. Rəssamın bu sahədə yaratdığı əsərlər bir neçə mötəbər sərgilərə çıxarılıb. Onu xalça rəssamlığı stereotiplərini qıran rəssam kimi xarakterizə edirlər.
– Elşad müəllim, çağdaş dövrümüzdə İbrahim Səfiyev irsinə qayıdış bildiyimiz kimi, Naxçıvandan başlayıb...
– Babamın qardaşı İbrahim Səfiyev Türkiyədə yaşayıb-yaratmaqla bütün Türk dünyasında, Avropada məşhurlaşıb. Ancaq bütün bunlara baxmayaraq, hər zaman qəlbi Vətən eşqi ilə döyünüb, doğulduğu Naxçıvan torpağının xiffətini çəkib.
Mən burada bir haşiyə çıxıb İbrahim Səfiyevin Vətən həsrətini tam dolğunluğu ilə əks etdirən bir xatirəyə diqqəti çəkmək istərdim. Onun Türkiyədə sənət dostları çox olub. Onlardan biri də qocaman kolleksiyaçılardan olan dostu Naci Tərzi idi. O, xatirələrinin birində İbrahim Səfiyevi anaraq deyirdi: “Ömrünün axırlarına yaxın mənə ağlaya-ağlaya dedi ki, Naci bəy, mən özümü xoşbəxt hiss etmirəm. Naci Kalmıkoğlu ilə pulumuz olmazdı, çörəyin arasında balıq yeyərdik, onda çox xoşbəxt idim. İndi maddi cəhətdən heç bir problemim yoxdur, xəstəliyimi də vecimə almıram, ancaq xoşbəxt deyiləm... Çünki doğulduğum torpağın həsrəti məni heç vaxt tərk etməyəcək”. Bu xatirə bir daha göstərir ki, İbrahim Səfiyev Türk dünyasında kifayət qədər tanınmış sənətkarlardan olsa da, onun üçün doğulub boya-başa çatdığı doğma Vətəni daha müqəddəs, daha əziz olub.
Bəzən təəssüf edirəm ki, o dövrlərin mövcud siyasi və tarixi məqamlarına görə İbrahim Səfiyev kimi qürbətdə parlayan şəxsiyyətlər, ­görkəmli elm və sənət adamları araşdırılıb öyrənilməyib, onlar tədqiqatdan kənarda qalıblar. Hətta mən deyərdim ki, son illərədək bu yurdun görkəmli yetirməsi İbrahim Səfiyev heç ölkəmizdə kifayət qədər tanınmırdı. Şükürlər olsun ki, bu gün ölkə­miz öz müstəqilliyini bərpa edib, Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərən tanınmış insanlarla bağlı tədqiqatlar aparmaq, onlarla bağlı məlumatlar almaq imkanları əlçatan olub.
Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Mən deyərdim ki, Ali Məclis Sədrinin görkəmli rəssamın 120 illik yubileyinin qeyd olunması ilə bağlı s­ərəncamı İbrahim Səfiyevi yenidən öz Vətəninə, xalqına qazandırdı. Məhz bu sərəncam sayəsində görkəm­li rəssamın yaradıcılığı daha geniş araşdırılıb öyrənilir və təbliğ olunur. Bu, onu göstərir ki, Vətən üçün çalışanlar, yaşadığı ölkəni təbliğ edənlər heç zaman unudulmur.
İbrahim Səfiyev yaradıcılığının araşdırılıb öyrənilməsində böyük əməkləri olan görkəmli ziyalılarımıza, o cümlədən akademik İsa ­Həbibbəyli və istedadlı rəssamımız, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevaya minnətdarlığımı bildirirəm. Mən sizə deyim ki, akademik İsa Həbibbəyli bu nəsli çox yaxından tanıyır. Babam Kərim bəy barədə məlumatları çox maraqlı gəldi mənə.
Görkəmli rəssamla bağlı ciddi elmi-tədqiqat işləri üzərində çalışan, onun Naxçıvanda və Bakıda sərgilərinin təşkilində böyük əməyi olan Ülviyyə xanımla söhbətimiz zamanı öyrəndim ki, İbrahim Səfiyevin Naxçıvandakı evinin bərpa edilməsi nəzərdə tutulur. Onun doğma yurdu Cəlilkənddə ev-muzeyi təşkil ediləcək. Rəssamın doğmalarından biri kimi bu xəbər məni çox sevindirdi. Bu gün İbrahim Səfiyevin ruhunu onun ən böyük nisgili – Vətən həsrətinə qovuşduranlara minnətdaram.

– Müsahibə üçün çox sağ olun.


 Gülcamal TAHİROVA
Naxçıvan-Bakı-Naxçıvan