17 Sentyabr 2019, Çərşənbə axşamı

Hindistan Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyində ümummilli ­liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Səfir Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix­-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olub.
Diplomat Naxçıvan Avtomobil Zavodunun, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Mineral Sular” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal ­potensialı ilə maraqlanıb.
Naxçıvan Biznes Mərkəzində olan qonaq mərkəzin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb. Məlumat verilib ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi və Naxçıvanla tanışlığının onda yaratdığı təəssüratlar barədə danışıb:
– Öncə onu deyim ki, Naxçıvan Muxtar Respublikasına səfər etməkdən, bura ilə tanışlıqdan çox məmnunam. Üç aydır, Azərbaycandayam və sevinirəm ki, bu qüdrətli ölkənin qədim diyarına da gələ bildim. Səfər çərçivəsində mən Naxçıvanın mədəni-tarixi abidələri ilə tanış oldum. Bir diyarın müasirləşməsi ilə paralel qədimliyini də qoruyub saxlaması, həqiqətən, təqdirə­layiq haldır. Səfər müddətində mən bir sıra rəsmi görüşlər də keçirdim, qarşılıqlı fikir mübadiləsi apardıq. Gələcəkdə bir sıra sahələrdə əməkdaşlığımızı daha da artırmağı planlaşdırdıq. Xüsusilə mədəniyyət kollektivlərinin qarşılıqlı şəkildə gediş-gəlişini təmin etmək, bir sözlə, mədəni əlaqələrimizi gücləndirmək niyyətindəyik.
Səfər müddətində Naxçıvanın bir sıra istehsal və sənaye müəssisələrində də oldum, quraşdırılan avadanlıqların müasir tələblərə cavab verməsi, istehsal edilən materialların yüksək keyfiyyətə malik olması xüsusilə diqqətimi çəkdi. Fikrimcə, iqtisadiyyat sahəsində də əməkdaşlığımızı gücləndirməliyik və bu həm Hindistan, həm də Azərbaycanın bu qədim diyarı üçün olduqca uğurlu nəticələr verə bilər.
Onu da qeyd edim ki, Naxçıvana gəldiyim gündən buradakı səmimi atmosfer, sakitlik, təmizlik gözümü, könlümü oxşadı. İnsanlar çox mehriban və qonaqpərvərdirlər. Şəhərin estetik görünüşü olduqca valehedici təsirə malikdir. Qədim abidələr, yaşıllıq ərazilər insana xoş duyğular bəxş edir. Gəzdikcə, ətrafı seyr etdikcə insana sanki mənəvi rahatlıq gəlir, əhval-ruhiyyən daha da artır. Bir sözlə, Naxçıvan məndə böyük təəssürat yaratdı və bu diyara gələcəkdə də səfər etmək niyyətim vardır.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR