26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Mayın 22-də Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq xalq teatrlarının festivalına start verilib.

Festivalın ilk günü Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı şair-dramaturq, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının ikipərdəli yeddişəkilli “Vəzifə hərisi” pyesi əsasında hazırlanmış tamaşanı göstərib.
Tamaşadan əvvəl muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək 22 may-19 iyun tarixlərdə nazirlik tərəfindən Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçiriləcək “Xalq teatrlarının muxtar respublika festivalı – 2019”un açılışı münasibətilə teatrsevərləri təbrik edib, festivalda iştirak edən kollektivlərə uğurlar arzulayıb.
Nazir bildirib ki, qədim diyarımızda ənənəvi olaraq keçirilən festivallardan biri də məhz xalq yaradıcılığının uğurlarını özündə ehtiva edən xalq teatrlarının muxtar respublika festivalıdır. 2014-cü ildən keçirilməsinə başlanılan bu mədəniyyət tədbiri xalq teatrlarının mədəniyyətimizin beşiyi olan Naxçıvanda teatr sənətinin inkişafına və teatra həvəsi olan istedadlı insanların aşkar edilərək peşəkar səhnəyə cəlb olunmasına öz töhfəsini verəcəkdir. Dram dərnəklərinin işinin daha da səmərəli təşkili, bu teatrların qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək və teatr kollektivlərini geniş ictimaiyyətə tanıtmaq baxımından da bu festivalın əhəmiyyəti böyükdür.
Qeyd edilib ki, bu gün muxtar respublikada beş xalq teatrı fəaliyyət göstərir. Dövlətimiz tərəfindən bu xalq teatrları diqqət və qayğı ilə əhatə olunub, kollektiv üzvlərinin əməyi yüksək qiymətləndirilir. Xalq teatrları hazırladıqları müxtəlifməzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayırlar. Ötən illər ərzində xalq teatrlarının səhnələşdirdikləri “Kamança”, “Ac həriflər”, “Məhəbbət nişanəsi”, “Çimnaz xanım yuxudadır”, “Ezop”, “Qəşəmin yuxusu”, “Motsart və Salyeri” kimi 20-dən çox tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Vurğulanıb ki, muxtar respublikada ilk xalq teatrı olan və 1964-cü ildə yaradılan Ordubad Rayon Xalq Teatrı zəngin repertuarı ilə hər zaman teatrsevərlərin rəğbətini qazanıb, muxtar diyarımızda teatr sənətinin inkişafına dəyərli töhfələr verib. Bu mənada, “Xalq teatrlarının muxtar respublika festivalı – 2019”un açılışının məhz Ordubad Rayon Xalq Teatrı ilə olması təsadüfi deyil. Bir aya yaxın davam edəcək festival istedadlı aktyorların bacarığının üzə çıxarılmasına və professional səhnəyə cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Sonra “Vəzifə hərisi” pyesi əsasında hazırlanmış tamaşa təqdim edilib. “Vəzifə hərisi” tamaşasının rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur.
İstedadlı aktyorların yaratdıqları obrazlar maraqla qarşılanır və yadda qalır.

Əli RZAYEV