24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, bütün dünyada geniş tədbirlərlə qeyd edilir. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan və digər xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə böyük ədibin irsinə yüksək qiymət verilmişdir. 1973-cü ildə YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd edilmiş, Azərbaycanda və Moskvada keçirilən yubiley tədbirlərinə dünyanın bir çox ölkəsindən nümayəndələr gəlmişlər. Bu dövrdə Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş, onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmış, “Nəsimi” filmi çəkilmiş, adına məktəb, küçə, gəmi verilmiş, haqqında elmi-tədqiqat əsərləri yazılmış, böyük şairin əsərləri çap edilmişdir. Bu gün AMEA-nın Dilçilik İnstitutu və Bakı şəhərinin rayonlarından biri Nəsiminin adını daşıyır.

Qüdrətli şairin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən kütləvi tirajla nəşr olunaraq ölkə, o cümlədən muxtar respublika kitabxanalarına hədiyyə edilmişdir. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimiyə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il noyabrın 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir... Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir”.
Nəsimi irsinin milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alan ölkə Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında da Nəsiminin 650 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir, görkəmli şairin zəngin bədii irsi öyrənilir, tədqiq və təbliğ olunur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında fevral ayından başlayaraq böyük şairlə bağlı tədbirlərə start verilmiş, sərgi yaradılmış, şairin əsərlərinin və onun haqqında yazılmış elmi əsərlərin biblioqrafik icmalı hazır­lanmışdır. Mart ayında böyük şairin yubileyi ilə bağlı Şərur rayonunda tədbir keçirilmişdir. Muxtar respublikanın rayonlarındakı kitabxanalarda da Nəsimi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, ədəbiyyat profilli muzeylərdə də böyük şairin yubileyi ilə bağlı tədbirlərin hazır­lanıb keçirilməsi planlaşdırılır.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin ədəbiyyat və ədəbi dil tariximizdə yüksək yeri vardır. Nəsimi ədəbiyyat tariximizdə fəlsəfi qəzəlin ilk kamil nümunəsini yaratmış ustad şairidir. Əruz vəzninin formalaşmasında misilsiz xidmətlər göstərən filosof şairin əsərləri Yaxın və Orta Şərq xalqları ədəbiyyatına, İslam Şərqinin bir sıra şairlərinin yaradıcılığına təsir göstərmiş, yeni ədəbi məktəb yaratmışdır.
Altı yüz ildən çoxdur ki, böyük şairimiz geniş bir coğrafi məkanda mərdlik, fədakarlıq və iradə rəmzi kimi özünə abidə ucaltmışdır. Öz ideyaları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin yaradıcılığı haqsızlığa, ehkamçılığa, nadanlığa, zülmə, ədalətsizliyə qarşı orta əsr dünyasında parlayan bir Günəşdir. Dərin dini-fəlsəfi biliyə malik sənətkar ana dilimizlə yanaşı, ərəb və fars dilində də ölməz əsərlər yaratmışdır. Onun qəzəllərində, rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat, dünya və kainat haqqında düşüncələri sənətkarlıqla ifadə edilmişdir.
Nəsimi poeziyasında mübarizə ruhu qüdrətlə tərənnüm etdirilir. Mübarizə ruhu bu poeziyanın əsas cövhəridir. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn insan kamil olduğu zaman dünyanın sirlərinə vaqif olacaq, ədalətli cəmiyyət yaranacaqdır. Nəsimi şeirlərində ilhamla vəsf olunan kamil insan obrazı əzəmət və əyilməzlik simvoludur. Bu baxımdan “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlayan qəzəl Nəsimi yaradıcılığının kamil nümunəsidir.
Heç şübhəsiz ki, şair mürəkkəb və zəngin yaradıcılıq yolu keçmişdir. Yaradıcılığa aşiqanə lirik şeirlərlə başlayan gənc Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmışdır. Bu şeirlərdə, xüsusilə gənclik illərində yazdığı şeirlərdə insana məhəbbət, insan gözəlliyinin tərənnümü aparıcı mövzudur. Nəsiminin didaktik-tərbiyəvi mövzulu şeirlərində acgözlük, paxıllıq, xudpəsəndlik, riyakarlıq, xəyanət kimi yaramaz sifətlər qətiyyətlə pislənir.
Nəsimi poeziyası üsyankarlığı ilə seçilir. Şair qaranlıq bir mühitdə insanları və xalqları dostluğa, gözəlliyə, hünərli olmağa, buxovlardan azad olmağa səsləyir. Nəsimi həyat və etiqad qarşısında insanın vəzifələrini doğru başa düşmək üçün ayıq və cəsarətli olmağı tələb edir. Böyük şair feodal dünyasının ağır, amansız həyatından, hökmdarların zülm və özbaşınalığından şikayətlənir. O, zəmanəsindən narazı olmasına baxmayaraq, ümidsizliyə qapılmır, ömrü bəxtiyar keçirməyə çağırır. Şair xalqları bir-birinə yaxınlaşdıran, mehriban edən bir amala doğru gedir ki, bununla da bizim müasirimizə çevrilir. Böyük sənətkar dini ixtilafları pisləyir, məzhəb ayrılığına qarşı çıxır. İnsanı bir-birinə düşmən edən mənasız məzhəb ayrılıqları Nəsimi yaradıcılığında qətiyyətlə rədd edilir. Şairin insanpərvərliyinə qida verən məfkurə onun bütün yaradıcılığında özünü göstərməkdədir.
Nəsimi yaradıcılığında hürufiliyin qüvvətli təsiri danılmazdır. Lakin bu yaradıcılığın yalnız hürufi ideyalarının təbliğindən ibarət olduğunu demək doğru olmazdı. Şair olaraq o, həmişə həyatı duymuş, insana böyük qiymət vermiş, gözəlliyi, azadlığı tərənnüm etmişdir.
İmadəddin Nəsimi öz əbədiyaşar yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, poeziyamızın inkişafına təkan vermişdir. O, Azərbaycan ədəbiyyatına humanist, üsyankar bir şair kimi əbədi daxil olmuş, şeirimizi mövzu, fikir və forma baxımından zənginləşdirmişdir. Nəsimi dilinin leksikası dilimizin altı yüz il bundan əvvəlki zənginliyini bu günümüzə daşımaqdadır. Şair folklorumuzun əlvanlığını da dilimizə qataraq möhtəşəm bir sənət dünyası yaratmışdır.

Natəvan QƏDİMOVA
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301721
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3071
5670
14242
133079
4301721

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter