27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

1995-ci il noyabrın 15-də YUNESKO Parisdə keçirilən 28-ci sessiyasında aprel ayının 23-nü  Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Azərbaycan Respublikasında 1997-ci ildən hər il aprel ayının 23-ü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.

Kitab çapının meydana gəlməsindən əsrlər ötsə də, bu gün də mənəvi və əqli sərvətlərimizin nəsildən-nəslə ötürülməsində kitablar əvəzsiz vasitədir. Təsadüfi deyil ki, kitabın meydana gəlməsi bununla bərabər müəlliflik hüququnun yaranmasına da səbəb olmuşdur. Orta əsrlərdən başlayaraq şairlərimiz öz əsərlərinin sonunda adlarını, ləqəblərini işlətməklə müəlliflik hüquqlarının ilkin formasını yaratmışlar. Əslində, xalqımız çox­əsrlik müəlliflik hüququ ənənələrinə malikdir. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanının hər boyunda Dədə Qorqudun hadisələrin sonunda gəlib boy boylaması, soy söyləməsi, əslində, bir növ bu dastanlara Dədə Qorqud möhürünün vurulması kimi başa düşülməlidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, o cümlədən kitab nəşri və müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər görmüşdür. Ulu ­öndərin qayğısı ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara qayğı və diqqət artırılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ümummilli liderin rəhbərliyi ilə kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüququ qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi bu sahənin inkişafına öz təsirini göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agent­liyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olmuşdur. Bu gün xalqımızın tarixi, mədəniyyəti, folkloru, ədəbiyyatı, musiqisi, muğamları, yallıları, memarlığı, milli mətbəxi, geyimləri, mədəni irsi haqqında bir-birindən maraqlı kitablar nəşr olunur, məqsədyönlü tədbirlər həyata keçirilir. Xalqımızın min illər boyu yaratdığı zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Ötən il YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
Naxçıvan Muxtar Respublikasında da kitab nəşrinə, müəlliflik hüquqlarının qorunmasına böyük diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə hesablanıb. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurulmuş və burada elektron kitabxana sistemi istifadəyə verilmişdir.
Qədim diyarımızın təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davam etdirilir. Naxçıvan Dövlət Universitetində, Naxçıvanşünaslıq Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar istifadəyə verilmişdir. Məhdud fiziki imkanlıların mütaliəsi məqsədilə lazımi şərait yaradılmış, onlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmişdir.
Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kənd­lərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağını artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi” və başqa kitablar tariximizi və milli dəyərlərimizi öyrənmək üçün əvəzsiz elmi mənbələr olmaqla yanaşı, həm də ulu babalarımızın min illər boyu yaratdıqları irsə müəlliflik hüququmuzu göstərir.
Gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkə ictimaiyyəti, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənc­lərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.
Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sarıdan heç bir çətinlik çəkmirlər. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə son on ildə hazırlanan “Dünyanın bəzəyi”, “Uşaqlar və günəş”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Xoş baharlı Naxçıvanım”, “Əlincəqala” və 3 kitabdan ibarət “Dünyaya pəncərə” adlı tərcümə kitabları da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitab nəşrinə göstərdiyi qayğının daha bir ifadəsidir. Həmçinin son illər Yazıçılar Birliyi üzvlərinin mindən artıq kitabı nəşr olunmuşdur. Bütün bunlar bir daha muxtar respublikada müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021102
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1379
2657
1379
103484
4021102

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter