17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

– Ey Şərqin müdrik ağsaqqallarından olan Molla Nəsrəddin! Sən 100 il bundan əvvəl bizi – Azərbaycan xalqını, müsəlman qardaşlarını deyib gəlmişdin. Böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin ideyalarından, xalqını, millətini necə görmək istəyindən, dövrün ən müasir inqilabi məsələlərindən danışmağa, din pərdəsi altında min bir oyundan çıxıb milləti cəhalətə sürükləyən “ruhanilərin” iç üzünü açmağa gəlmişdin. Sən Ana dilimizin qayğıkeşi oldun. Ömrünün sonunadək doğma dil uğrunda mübarizə apardın. Millət sevdasından “Dəli” olub, “bəlkə millətimə bu cür təsir edə bilərəm”, – dedin. Bunun yetərli olmadığını görəndə düşüncələrindəkini “Lağlağı”lıqla anlatmağa çalışdın. “Yox, bundan da fayda olmadı, bunlarla yenə də milləti oyada bilmədim”, – deyə fikirləşərkən “Molla Nəsrəddin” oldun. Vətənini el-el, oba-oba səyahətə çıxıb hər təbəqə ilə öz ”dili” ilə danışmağa başladın, bəlkə oyanalar, bəlkə dəyişələr deyə. Molla Nəsrəddin, ağsaqqal sözü dinlənilən olar deyib səni yuxuya getmiş bir xeyli müsəlmanı oyatmaqda ona kömək etməyə çağırmışdı böyük Cəlil Məmmədquluzadə. Mən də səni deyib gəlmişəm, necə gəldin, səni necə qarşıladılar, necə yola saldılar, bundan söhbət aç, biz də maraqla dinləyək.

 – Cəlil Məmmədquluzadə “bu gün” idi. Milləti isə “dünən”də qalmışdı. Böyük canyanğısı ilə onları səsləyirdi: dünənlərdən bu günlərə səsləyirdi. Onu çox gözəl anlayırdım, ona görə də sözünü yerə salmağa haqqım yox idi. Gəldim, 1906-cı ilin 7 aprelində gəldim, Mirzə Cəlilə köməyə gəldim və onun redaktorluğu ilə iyirmi beş il ərzində fəaliyyətimizi Tiflisdə, Təbrizdə və Bakıda böyük uğurla davam etdirdik. Gəldiyim gün üz tutdum millətə: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükamalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.

Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.

Sözümü tamam etdim, ancaq bir üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: “Bala, ağlama, xortdan gələr, səni aparar” və siz dəxi canınızın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz.

Hərdən bir Ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!”

Fəaliyyətimizə ana dilini qorumaqla başlamışdıq. Çünki milləti yuxudan oyatmaq üçün lazım olanların ən ümdəsi dil idi. “Dil” ucbatından “Anama de ki, Fatmanın oğlu oldu”nu “Fatmanın oğlu öldü” kimi oxuyub az qala bir ananın ürəyini partladan Molla Cəfəri ittiham eləmədik, dilimizi bəyənməyib başqa dildə danışan “Bizim”obrazovannı”lar”ı qofta (küftə) atəşinə tutmadıq, “Meymunlar” kimi bir-birini yamsılayıb özgə dildə danışın, Fatmanı “Fatya”, Həsəni “Qasanka” Münəvvəri “Varya” çağıranlara qarşı üsyankar olmadıq? “Əlifba” dan söhbət açıb millətin yarısının ərəb, farc, bir yarısının da rus dilində danışmasını səhifələrimizə çıxarıb “Molla Nəsrəddin”in münasibətini bildirmədik? Öz dilində danışmayanları qınamaq necə olar ki? Bax, biz beləə yazmışdıq: “... Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili? Qardaş, zarafat deyil ki, dilimizdən iyrənirik, vəssalam!

Uca papaqlılarımız bir-birinə kağız yazanda yazır: “və nigarani nədarim səvayi əz duri və mofariqəti şoma”.

Alçaq papaqlılarımız da bircə il qorodskoy şkolada uçit eləyəndən sonra küçədə bir iznakomini vstret eləyəndə o saat şapqasını çıxarıb deyir:

– İzdrasti, bacalusqa”.

– Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi isə onun vətəndaşlıq qayəsi idi: “…Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, özümdən soruşuram ki:

– Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

– Dilim nə dilidir?

– Azərbaycan dilidir.

–Yəni Vətənim haradır?

– Azərbaycan vilayətidir.

– Haradır Azərbaycan?

– … Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, Qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir…”.

Böyük Cəlil Məmmədquluzadəşünas alim, akademik İsa Həbibbəyli özünün “Cəlil Məmmədquluzadə – Milli İstiqlal ədəbiyyatının sərkərdəsi” adlı məqaləsində yazır: ”1917-ci ildə yazılmış “Azərbaycan” məqaləsində Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini böyük məharətlə qələmi ilə cızmışdır. “Azərbaycan” məqaləsi Cəlil Məmmədquluzadənin Azərbaycançılıq konsepsiyasının bəyannaməsidir: Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün Vətən, millət və ana dilindən başqa nicat yolu olmadığını var gücü ilə car çəkmişdir. Vətən, millət və dil məsələləri Cəlil Məmmədquluzadə yaradıcılığının əsas sütunlarıdır”.

         – Bəli, Cəlil Məmmədquluzadə qələmi ilə birgə azad Vətən, xoşbəxt millət naminə axtarışa çıxmışdı. Hələ “Mozalan”, “Hop-hop”, “Lağlağı”, “Hərdəmxəyal” millət, Vətən adına bir qulluq eləmək niyyətilə rusların “zadaça” dediyi 18 məsələdən ibarət “Təzə təlim kitabı” cəm etmişdilər ki, cəmiyyətin bütün eybəcərlikləri bu məsələlərdə öz həllini tapmışdı. Amma nə fayda? Bunları dərk edən kim idi? “Niyə məni döyürsünüz” deyib, “Niyə mən dərsdən qaçdım” ı anladanın:- “A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuəmin vərəqlərini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?” səsinə səs verən kim idi?

         “Molla Nəsrəddin” deyirdi ki, “Biz” “Nə vaxt” , “Bəs nə vaxt” “Azadiyi-vicdan” olacağıq. “Fürsət” tapıb“ xalqa “Bir para sözlər” dinlədib, “Oktyabr kimin bayramıdır? “ı açıqlaya və onlara “İnqilab lazım” olduğunu anlada biləcəyik? “İfratın mənfəəti” nin “Tərəqqi əlamətləri” olduğunu “Müsəlman içində gördüklərim”dən fərqliliyini sübut edə biləcəyik? “Çox qəribə” idi ki, “Molla Nəsrəddin” dəfələrlə yazsa da, millətə üz tutub onlara hüquqlarından, azad yaşamağın gözəlliyindən bəhs etsə də, onun “Nəsihət”ini dinləyən yox idi. Lakin molanəsrəddinçilər bu yoldan çəkinmir, yorulmur, usanmır, “Müsəlman”lara “Qatıq ağdırmı, qaradırmı?” mı ilə “İsti su-soyuq su”yun fərqini yenə də izah edir və bu yolda mübarizəni böyük yanğı ilə davam etdirirdilər.

 – “Molla Nəsrəddin” milləti doğru yola tək yazmaqla deyil, həm də şəkillərlə, karikaturalarla dəvət edirdi.

– Jurnalın rəngarəng çıxmasında, bəzən şəkillərin, karikaturaların sanki “dil açıb” danışmasında rəssamlar – Əzim Əzimzadə, Oskar Şmerlinq, Iosif Rotterin böyük əməkləri olmuşdur. Birinci nömrəmizin üz qabığında həmvətənlərimizi yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etmişdik. Bununla da ümumi amalımızı, məqsədimizi ortaya qoymuşduq. Onları oyandırıb söylədiklərimizə qulaq asmaqlarını xahiş edirdik. Çünki “Molla Nəsrəddin”i Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri çox düşündürürdü. Bu dərdlər içərisində dini fanatizm daha dəhşətlisi idi. O dövrün cəmiyyətində dini əldə rəhbər tutub bundan yararlanan ruhanilərə hər addımda rast gəlinirdi. Onların sayı sanki yağışdan sonra çıxan göbələklər kimi gündən-günə artırdı. Dinin mahiyyətini bilməyənlərə, bundan sui- istifadə edib camaatın malını tar-mar edənlərə, onları mövhumata sürükləyib elmdən, təhsildən yayındıranlara, azadlığı, intibahı din pərdəsi altında kəsib doğrayanlara qarşı “Molla Nəsrəddin” üsyan edib deyirdi: – “Əvvələn mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: Bir Allaha sitayiş edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yazan, cadukün, həmzad, əcinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin!

...Mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız.

...Mən də mollayam, siz də mollasız. Amma bir balaca təfavütü budur ki, mən heç olmasa bir parça qalın kağız üstünə bir neçə nağıl-nuğul yazıb ilan- qurbağa şəkli çəkirəm ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıq ilə ocağı yandırsınlar. ..

Siz mollalar deyirsiniz:

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!

Yatmışları razı deyiləm kimsə oyatsın.

Tək-tək ayılan varsa da haqq dadıma çatsın!

Mən salim olum, cümlə cahan batsa da batsın!

Millət necə tarac olur-olsun, nə işim var?

Düşmənlərə möhtac olur olsun, nə işim var?”.

Nə deyirdi ki, “Molla Nəsrəddin”? “Məscidlərimiz”də “Din”lə, “Dindarlıq”la məşğul olan dırnaqarası mollaların “Din və millət”in başına açdıqları oyunlardan danışırdı. “Oruc yeyənlərin və oruc tutanların hesabı”ndan “Orucu batil eləyən şeylər”ədək açıb tökürdü ortaya. Camaatı yoldan çıxarıb günlərlə çölün düzündə, günün altında yağış üçün “Müsəlla” ya vadar edənlərin fitnə-fırıldağını lağa qoyub gülürdü. “Ruzi-aşura”dan ta “Aşura oğruları”nın hərəkətlərinədək xalqa bəyan edirdi. Küçələrdə zəncir vurub özünə zərər verən, “Baş yarmaq”la qanlarını axıdanlara üz tutub: “Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır!”, — deyirdi. Amma yenə də nə fayda? “Molla Nəsrəddin” nəşrindən düz 20 il sonra “hələ ayılmayıb” deyə hayqıranda, qonşunun “Kim ayılmayıb?” sualına “Hələ dəm alır” dedi: “Ayılmayan həmin mənim millətimdir ki, iyirmi il bundan qabaq mən onu yuxuda qoyub gəldim”.

– Cəlil Məmmədquluzadəni dinsizliklə ittiham edirdilər.
 – “Molla Nəsrəddin” Azərbaycanda milli satirik mətbuatın və tənqidi-realist ədəbiyyatın əsasını qoymuşdu. Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, kimi görkəmli sənətkarları öz ətrafında toplayan dərgi açıq söz söyləyirdi, düz yol göstərirdi. Yalanı qamçılayırdı, haqsızlığı kəsirdi, ədalətsizliyə meydan oxuyurdu, fırıldaqçılara müharibə elan edirdi. Məqsəd dövrün ziyalılarının düşüncələrindəki Azərbaycanı görmək idi. Azərbaycan xalqını , millətini hər xalqdan, millətdən öndə görmək idi. Onları fanatizm, mövhumat girdabında yox, inkişaf, intibah yollarında görmək idi. Elə bütün bunlara görə də məlum qüvvələr Mirzə Cəlili dinsizliklə, “Molla Nəsrəddin”i Allahsızlıqla damğalamaq istəyirdilər. O necə Allahsız idi ki, ədəbiyyat aləmi ilə tanışlığa böyük İslam şairi, dahi Məhəmməd Füzulinin əsərləri ilə başlamışdı? O necə Allahsız idi ki, “Molla Nəsrəddin” jurnalının adının “Allahsız” adı ilə əvəzlənməsinə qəti şəkildə etiraz edib, “Allah olmayan yerdə mən yoxam”, – demişdi? O necə Allahsız idi ki, yaşadığı ev dəfələrlə axtarışlara məruz qalmışdı? Nə axtarırdılar, “Allahsızın” evində?

“Molla Nəsrədiin” bu və digər səbəblərdən də yeni dövrün sərt tənqid, qınaq və təqiblərinə məruz qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətləri olan, sovet dövrü kimi ağır pejimdə təzyiqlər altında işini davam etdirib sözünü deyə bilən, milli şüuru formalaşdıran jurnal 1931-ci ildə öz fəaliyyətini dayandırdı. 1932-ci ildə isə böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə dünyasını dəyişdi. Elə Mirzə Cəlilin jurnalın nəşrinin dayandırılımasından cəmi bir il sonra ölümünə səbəb ona qarşı haqsızlıqlar, səhv başa düşülməsi oldu. O, bu haqsızlığa dözə bilmirdi. Hələ neçə-neçə nəşr olunmamış gözəl əsərləri də var idi ki, hamısını yandırdı. Kaş ki əsərlərini yandırarkən onun üzündəki, “Od əllərimi, qəlbimi, yoxsa əsərlərimi yandırır?” ifadəsini görə bilərdiniz…

– Bəli, tək Mirzə Cəlil deyil, Nəsimilər, Füzulilər, Nizamilər, Vaqiflər, Sabirlər-yüzlərlə şair və yazarlarımızın əksəriyyəti dövründə düzgün başa düşülməyib. Çünki Azərbaycan iştahasında olanlar xalqı, milləti əsrlərlə doğru yoldan döndərməyə çalışıblar. Şükürlər olsun ki, əsrlərin mücadilə və mübarizəsi öz bəhrəsini verib, Azərbaycan müstəqil respublika olub. Dünyada tanınıb, inkişaf etmiş ölkələr sırasında yer alıb. Qızıl toprağın içərisində də öz parlaqlığını saxladığı kimi, Mirzə Cəlil kimiləri də xalq milli yaddaşının dəyər genofondunda saxlaya bilib. Onların hər biri qiymətlərini alıb, xalqın mənəvi irsinə çevriliblər. Budur, Cəlil Məmmədquluzadə haqqında umummilli liderimiz Heydər Əliyevin dəyərli fikirləri: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.

2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin sərəncamı, böyük ədibin ayrı-ayrı illərdə keçirilən yubileyləri, Bakıda və doğulduğu doğma Naxçıvanda ev muzeylərinin yaradılması, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeylərinin açılması, heykəlinin ucaldılması, teatr, muzey, şəhər, qəsəbə , kənd və küçələrə adının verilməsi, əsərlərinin səhnələşdirilməsi, kulliyatının dəfələrlə, hətta latın qrafikası ilə nəşri, kitabxanalara hədiyyə edilməsi, “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil olunması onun ölməz irsinə sonsuz sevginin, sayğının göstəriciləridir.

Ey Şərqin müdrik ağsaqqallı Molla Nəsrəddin! Naxçıvanda illərdir ki, Cəlilşünaslıq məktəbi fəaliyyət göstəririr. Bu məktəbin banisi akademik İsa Həbibbəyli yazır: “BöyükCəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilən məşhur “Molla Nəsrəddin” jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının ideya-sənət cəbbəxanasıdır. Mübariz ideyalarına və qətiyyətli mövqeyinə görə “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının istiqlal kitabına çevrilmişdir”. Kaş ki gəlib sizin qələmlə becərdiyiniz, bizlərin isə qanla sulayıb cücərtdiyimiz istiqlalımızı görə bilərdiniz. Kaş ki yaralarınıza məlhəm olacaq ana dili haqqında qanunlarımızla tanış ola, ana dilinə ucaldılan abidələrimizi görə bilərdiniz. Həmfikirlərinizi, nəşr olunan çoxsaylı qəzet və jurnalları, onlara verilən söz, mətbuat azadlığını görə bilərdiniz. Şəhər, qəsəbə, kəndlərimizdə uşaqların oxuduqları məktəbləri, respublikamızdakı ali məktəblərdə, xarici ölkələrdə təhsil alan gənclərimizi, gəncliyimizin intellektual səviyyəsini görə bilərdiniz. Kaş ki ölkəmizdəki dini tolerantlığı, sizin yaralı yeriniz olan Aşura günlərində qanvermə aksiyalarının xalqın neçə-necə övladına həyat verdiyini görərdiniz. Dövrünüzün mövhumat yuvalarından fərqli dini ocaqlarımızı, oradakı təhsilli ruhaniləri, dini və yas mərasimlərimizin sadəliyini görə bilərdiniz. Kaş ki görə bilərdiniz: 100 il öncəkindən çox fərqli 100 il sonranı…

Müsahibə üçün ruhun sad olsun, Molla Nəsrəddin! 

                                                                  Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455124
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11743
19453
66647
119165
4455124

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter