25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamında böyüməkdə olan nəsillərin mükəmməl şəxsiyyət kimi formalaşması, soykökə bağlılığının möhkəmləndirilməsi, siyasi dünyagörüşünün yetkinləşməsi, dövlət idarəçiliyi prosesində iştiraka hazırlanması, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsi və sair kimi çox vacib vəzifələrə xidmət edən dəyərli əsərlər mütaliə üçün tövsiyə olunmuşdur. Sərəncamda nəzərdə tutulduğu kimi, oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işi daim diqqətdə saxlanılır, yeniyetmələrin, gənclərin hərtərəfli inkişafına, mənəvi tərbiyəsinin müasir tələblər səviyyəsində qurulmasına mühüm təsir göstərən müvafiq yeni əsərlər bu siyahıya artırılır. Bu günlərdə həmin siyahı daha bir kitabla zənginləşmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə Tədbirlər Planına əsasən hazırlanaraq kütləvi tirajla nəşr olunmuş “Pedaqoji fikir tarixindən” kitabı elmi-pedaqoji əhəmiyyətinə, təlim-tərbiyə prosesində mühüm roluna görə “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilmişdir.

 Bu kitab həm yeniyetmə və gənc­lər, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli liderimiz­­ Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək ­demişdir:­­­­­­ “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazır­lamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazır­lamaqdır”. Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı оlacaqdır”. Yenicə çapdan çıxmış “Pedaqoji fikir tarixindən” kitabı da məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə geniş elmi-pedaqoji, didaktik imkanlara malikdir.

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktubla başlanan bu kitabda toplanmış əsərlərin çox böyük professionallıq və dəqiqliklə seçildiyini, ilk növbədə, qeyd etmək gərəkdir. Bəllidir ki, dünya, o cümlədən Azərbaycan pedaqoji fikri zəngin və çoxşaxəli inkişaf yolu keçmiş, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlərin dəyərli əsərləri ilə təmsil olunmuşdur. Bu qiymətli pedaqoji irsin hər bir nümunəsi təlim-tərbiyə prosesində ciddi əhəmiyyətə malikdir. “Pedaqoji fikir tarixindən” kitabında onların sırasından ən zəruri örnəklər seçilərək toplu halında oxuculara çatdırılmışdır. Məharətlə düşünülmüş bir başqa məqam isə odur ki, kitabda elmi-tədqiqat xarakterli materiallarla klassik pedaqoji-didaktik mətnlərdən seçmələr bir-birini uğurla tamamlayır. Elmi təhlillər isə quru akademizmdən uzaq olub, özünün oxunaqlılığı, haqqında söz açılan ustad pedaqoqların müvafiq əsərlərində ifadəsini tapmış ideyaların sadə, anlaşıqlı tərzdə, bir sıra məqamlarda bədii-publisistik üslubun imkanlarından da istifadə etməklə izahı ilə səciyyələnir.
Bu baxımdan publisist-politoloq Reyhan Mirzəzadənin kitabda verilmiş “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” və “Pedaqogikada misli görünməmiş təcrübə” adlı irihəcmli tədqiqatları özünün fundamentallığı və konseptuallığı ilə maraq doğurur. İlk əsərdə adları çəkilən məşhur pedaqoqların ömür yolu, fəaliyyətləri nəzərdən keçirilmiş, təlim-tərbiyəyə dair dəyərli fikirləri, müvafiq əsərləri, onların müasir əhəmiyyəti ətraflı şəkildə təhlil olunmuşdur. Azərbaycan məktəb və pedaqoji fikir nümayəndələrinin Uşinski, Çernyayevski və Suxomlinskinin irsinə müraciəti barədə deyilənlər də diqqəti cəlb edir. Bu fəsildə problemin ümumi təqdimatı boyunca məşhur ziyalımız Məhəmməd Hinduşah Naxçıvaninin fikirlərinə də nəzər salınmış, maraqlı dəyərləndirmələr aparılmışdır.
“Pedaqogikada misli görünməmiş təcrübə” isə məşhur pedaqoq A.S.Makarenkonun həyatı və yaradıcılığına həsr olunmuşdur. Görkəmli pedaqoqun ömür yolunun və müəllimlik fəaliyyətinin ən maraqlı faktlarına nəzər salan R.Mirzəzadə bir sıra səciyyəvi məqamları şərh etməklə onların müasir təlim-tərbiyə üçün böyük önəm daşıyan aspektlərini də aydınlaşdırmışdır. Makarenkonun “Pedaqoji poema”sı barədə aparılan təhlillər də bu məqsədə xidmət edir. Müəllifin haqlı qənaətinə görə, islah olunmayan uşaq yoxdur. Sadəcə, ona səbir və təmkinlə, həm də fərdi xüsusiyyətləri nəzərə alınmaqla yanaşmaq gərəkdir. Makarenkonun Azərbaycanla əlaqələri barədə də müvafiq məlumatlar nəzərə çatdırılmışdır.
Kitabda bir sıra məşhur ədiblərin – Maksim Qorkinin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin əsərlərindən verilmiş seçmələr də tərbiyəvi-didaktik qayəsi ilə səciyyələnir. M.Qorkinin əsərlərindən “Mən necə öyrənirdim”, “Oxumaq lazımdır”, “Mən necə oxumuşam” başlıqları altında təqdim olunmuş parçalar müəllifin uşaqlıq illərində ən ağır şəraitdə belə, oxumağa macal tapması barədə dolğun, təsirli təsvirləri nəzərə çatdırmaqla yanaşı, hər bir yeniyetməni mütaliəyə, elm öyrənməyə həvəsləndirir, kitabların əhəmiyyətini onlara izah edir: “Kitabı sevin, o, bilik mənbəyidir, ancaq bilik insana nicat verir”.
Görkəmli yazıçı-dramaturq və publisist Cəlil Məmmədquluzadənin “Maarif” əsəri kiçikhəcmli olsa da, özünün dərin mündəricəsi ilə önəmlidir, təhsilin tərəqqisinin əsl yolu barədə düşüncələri müfəssəl şəkildə əks etdirir.
Böyük maarifçi ədib Məhəmməd Tağı Sidqi həm ustad müəllim kimi maarifçilik hərəkatında misilsiz xidmətləri, həm də qələmə aldığı tərbiyəvi-didaktik əsərlər ilə on doqquzuncu əsrin son onilliklərində və iyirminci əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir tarixində çox böyük rol oynamışdır. Onun təlim­-tərbiyəyə dair fikirləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır. “Pedaqoji fikir tarixindən” kitabında M.T.Sidqinin “Nümuneyi-əxlaq” dərsliyindəki qırx imla mətni və bəzi digər əsərləri, o cümlədən pedaqoji hekayələri, həmçinin “Nəsihətnamə”si, “Əzbər ediləcək hikmətli sözlər”i yer almışdır. Böyük pedaqoqun nəsihətamiz fikirləri insan həyatının ən müxtəlif sahələrində onun köməyinə çatır, düzgün yol göstərir. Bütün bunların əsasında isə elmin, maarifin tükənməz qüdrətinə ardıcıl inam dayanır. M.T.Sidqinin aşağıdakı sözləri də bundan soraq verir: “Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir”.
Ədəbiyyat və ictimai fikir tariximizdə məxsusi mövqeyi olan Nəriman Nərimanovun “Müəllimlər ictimainə dair” adlı irihəcmli əsəri də diqqəti çəkir. Bu əsərdə yazıçı ozamankı Azərbaycan təhsilinin qarşısında duran aktual vəzifələri, müəllim hazırlığı, yenitipli məktəblər və dərsliklər barədəki düşüncələrini ümumiləşdirmişdir. N.Nərimanovun öz fikir­lərinin izahında məşhur pedaqoq Henrix Pestalotsinin ideyalarına əsaslanması, onun təlim-tərbiyəyə dair qiymətli müddəalarını ətraflı şəkildə təhlil edib dəyərləndirməsi də maraq doğurur. Tədrisin təşkilində tərbiyəvi məsələlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayan N.Nərimanov bu məqsədlə H.Pestalotsinin kəlamını xatırladırdı: “Təlim gərəkdir tərbiyəyə bağlı ola”. Yazıçının “Türk dilində yeni jurnal” məqaləsi uşaq ədəbiyyatının inkişaf problemlərini, “Cümə söhbəti” yazısı isə milli­-mənəvi dəyərlərin qorunması, birlik ideyasının vacibliyi barədə düşüncələri nəzərə çatdırır. N.Nərimanovun belə əsərləri indi də təlim prosesində öz məna və dəyərini saxlamaqdadır.
Mütəfəkkir, romantik sənətkarımız Hüseyn Cavid təlim-tərbiyə mövzusunda bir sıra qiymətli məqalələr yazmışdır ki, onlardan kitabda “Naxçıvandan təbsirə”, “Naxçıvanda nə gördüm?”, “Naxçıvana nə lazım?”, həmçinin “Həsbi-hal” başlıqlı silsilə yazılar verilmişdir. Bu əsərlərdə Hüseyn Cavid böyüməkdə olan nəsillərin təlim-tərbiyəsi ilə əlaqədar özünün sistemli düşüncələrini nəzərə çatdırmışdır. Onun təlimin mahiyyəti, prinsipləri, yenitipli məktəblərin və müəllimlərin formalaşdırılması məsələləri, müəllim-şagird münasibətləri, ailədə övladların tərbiyəsi kimi aktual mətləblər barədə təhlil və dəyərləndirmələri dolğunluğu, dərinliyi ilə diqqəti çəkir. Bu əsərlərdə böyük Cavidin dünya pedaqogikasının bir sıra mühüm nümunələrinə yaxından bələdliyi də ilk baxışdan özünü göstərir.
Məşhur ziyalılardan E.Sultanovun, M.Şahtaxtlının, M.S.Ordubadinin müxtəlif əsərlərindən verilmiş seçmələr də məktəb və pedaqoji fikir tariximizin aktual səhifələrinə və problemlərinə işıq salan mətnlər kimi təqdirəlayiqdir. Bunlar həm müəlliflərin yaşayıb fəaliyyət göstərdikləri dövrün ictimai-pedaqoji mənzərəsi barədə müvafiq təəssürat yaradır, həm də bir sıra dəyərli qənaətləri bugünkü nəsillərə çatdırır.
Ümumiyyətlə, “Pedaqoji fikir tarixindən” kitabındakı bütün material­lar tərbiyəvi-didaktik mahiyyətinə görə mühüm əhəmiyyət daşıyır.
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı: “Yaxşı kitab çox qiymətli xəzinədir”. “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilən bu yeni nəşr də həmin dəyərli incilər sırasında layiqli yer tutmaqla hər bir oxucunun stolüstü kitabına ­çevriləcəkdir.

Hüseyn HƏŞİMLİ
Əməkdar elm xadimi, professor

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127773
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
577
4356
4933
91373
4127773

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter