19 Sentyabr 2019, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilmişdir.
Azərbaycan Elmlər Akademiyası son 75 ilə yaxın bir dövrdə şərəfli inkişaf yolu keçmişdir. Elmlər Akademiyası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daha dinamik inkişaf etmiş, ölkəmiz sürətlə inkişaf edən, yüksələn respublikaya çevrilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və dahi rəhbərin ölkə­mizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir mərhələ başlamışdır. 1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini, alimlərin bir qrupunu Prezident sarayında qəbul edən ümummilli lider demişdir: “Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq”.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanına əsasən Azərbaycan Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası adlandırıldı. Ümummilli liderin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamlar öz gələcəyini möhkəm və sağlam elmi zəmində qurmaq istəyən qüdrətli Azərbaycanın işıqlı sabahına ünvanlanmışdır.
Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə etmək, diyarın tarixi, arxeologiyası, etno­qrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi yaradıldı. Ümummilli lider bu münasibətlə keçirilmiş müşavirədə bölmənin qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin... hazır­lanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, tarixi abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olaraq deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
AMEA Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmin daha da inkişaf etməsinə geniş imkanlar açmışdır. Bölmənin yaradılması Naxçıvanda elmi mühitin canlanmasına və elmin inkişafına əsaslı təsir göstərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumun keçirilməsi Naxçıvanda elmi mühitin inkişafında mühüm rol oynadı, Naxçıvanın hərtərəfli və elmi cəhətdən öyrənilməsinə təkan verdi. Məhz bundan sonra muxtar respublikada qədim diyarın hərtərəfli araşdırılması, xüsusən tarix və mədəniyyət sahələri üzrə genişmiqyaslı tədqiqatların aparılması sahəsində ciddi dirçəliş və irəliləyiş dövrü başlanmışdır. Qısa müddətdə “Azərbaycan tarixində Naxçıvan”, “Naxçıvan tarixinin səhifələri” məqalələr toplularının nəşr olunması, bir neçə elm sahəsi üzrə doktorluq dissertasiyalarının müdafiəsi, çoxsaylı kitabların, elmi məqalələrin meydana çıxması regionda elmin inkişafında böyük potensialın mövcudluğunu aşkara çıxarmışdır. Sonrakı illərdə də beynəlxalq səviyyəli simpozium və konfranslar keçirildi. “Naxçıvanda ilk məktəbin yaranması və maarifçilik hərəkatının inkişafı” (1997), “Uluslararası Dədə Qorqud simpoziumu” (1998), “Yaxın tariximizdə Naxçıvan və Qars” (1999), “Naxçıvanda kiçik biznesin və sahibkarlığın inkişafı” (2000), “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan istifadənin səmərəli yolları” (2001) beynəlxalq simpozium və konfranslar elmin müxtəlif problemlərinə həsr edilmiş addımlar kimi mühüm əhəmiyyət kəsb etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmin, təhsilin və mədəniyyətin inkişafına üstün münasibəti və həmin istiqamətdə apardığı fədakar iş müəyyən olunmuş dövlət siyasətinin uğurla həyata keçirilməsinə səbəb olmuşdur. Muxtar respublikada yayılmış dərman bitkilərinin toplanması, öyrənilməsi, onlardan dərman preparatları, tibdə və məişətdə geniş istifadə edilən cövhər, krem və yağlar, habelə bölgənin mineral xammallarının kimyəvi emalı yolu ilə müxtəlif tərkibli duzlar alınması sahəsində önəmli tədqiqatlar aparılmış, nəticələr əldə olunmuşdur. Elmi kadrların hazırlanmasına başlanılmış, bu məqsədlə 1998-ci ildə Naxçıvan Dövlət Universitetində dörd ixtisas üzrə Dissertasiya Şurası yaradılmışdır. Dissertasiya Şurası Naxçıvanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük rol oynamış, 1998-2010-cu illərdə şurada 104 nəfər fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə etmişdir. 2006-cı ildən isə AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə Dissertasiya Şurası yaradılmış, 2013-cü ildən elmlər doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək səlahiyyəti verilmişdir. 2019-cu ilin əvvəlinə kimi bu şurada 112 nəfər fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
1998-2018-ci illərdə muxtar respublikada fəaliyyət göstərən tədqiqatçılardan 182 nəfəri fəlsəfə doktoru, 24 nəfəri isə elmlər doktoru dissertasiyası müdafiə etmişdir. ­Hazırda muxtar respublikada 43 elmlər doktoru, 300-dən çox fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 12-si müxbir üzv seçilmişdir.
Elmin inkişafı, elmi-tədqiqat işlərinin səmərəliliyi onun üçün yaradılmış maddi-texniki baza ilə bilavasitə əlaqədardır. Müasir elm texnika və texnologiyanın ən son nailiyyətlərinə istinad edəndə uğur qazana bilir. Bu cəhətdən həm Naxçıvan Bölməsində, həm də ali təhsil müəssisələrində, xüsusilə Naxçıvan Dövlət Universitetində olan şöbə və laboratoriyaların cihaz və avadanlıqlarla təchizi məsələsi diqqəti cəlb edir. Artıq hər bir elmi işçinin, tədqiqatçının müasir texniki imkanlarla təmin olunması, internet şəbəkəsindən istifadə etməsi müasir cihaz və avadanlıqlar əsasında tədqiqat aparmaq imkanlarını reallaşdırır. AMEA Naxçıvan Bölməsinin Kimya və Biokimya laboratoriyaları üçün 32 adda cihaz və avadanlıq alınmışdır. Naxçıvan Bölməsinin tərkibində ən müasir texnologiyaya əsaslanan Seysmoloji Mərkəz qurulmuşdur. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin tədqiqatları üçün ən yaxşı təchiz edilmiş şöbə və laboratoriyalar yaradılmışdır.
AMEA Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsinin 100-ə yaxın elmi işçisi, ali təhsil müəssisələrinin 420 professor-müəllim heyəti elmi-tədqiqat işləri ilə bu və digər səviyyədə məşğuldurlar. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında, ölkənin və muxtar respublikanın elmi jurnallarında dərc edilir. 1995-2018-ci illərdə muxtar respublika tədqiqatçılarının 292 monoqrafiyası, 859 kitabı, 394 dərslik, dərs və tədris vəsaiti, 25 minə yaxın məqalə və tezisi nəşr edilmiş, 70-dən çox patent alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi “Naxçıvan”, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” və “Axtarışlar” jurnalları, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin “Elmi əsərlər”i, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı həm beynəlxalq kod almış, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına daxil edilmişdir. Naxçıvanlı alimlər hər il dünyanın nüfuzlu jurnallarında elmi məqalələrini nəşr etdirirlər. Bir sıra jurnalların xüsusi nömrələri Naxçıvan Muxtar Respublikasına həsr olunur.
Ali Məclis Sədrinin bilavasitə dəstəyi, qayğısı və himayəsi ilə Naxçıvan Muxtar Respublikasının tarixinin, abidələrinin, folklorunun, ədəbi-mədəni mühitinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmış, bir sıra ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilmişdir. Naxçıvanlı tədqiqatçıların yaxından iştirakı ilə 2002-ci ildə “Naxçıvan ensiklopediyası” nəşr olunmuşdur. “Naxçıvan abidələri ensiklo­pediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan: tarixi və abidələri” (iki dildə), “Naxçıvan tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (üç cilddə), “Naxçıvan teatrının salnaməsi” (1883-2008-ci illər), Naxçıvan Muxtar Respublikasının flora və faunasının “Qırmızı kitabı” (iki cilddə), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: mövcud vəziyyəti və perspektivləri”, “Naxçıvan dialektləri”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (Azərbaycan və rus dillərində), “Naxçıvan arxeologiyası”, “Naxçıvan tarixi” (üç cilddə), “Naxçıvan coğrafiyası” (iki cilddə), “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. “Naxçıvan tarixi” və “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitab və monoqrafiyası Naxçıvan Muxtar Respublikası mükafatına layiq görülmüşdür.
Elm və ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri geniş müzakirə edilir, nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyənləşdirilir. İlk dəfə olaraq Azərbaycan Respublikası Təhsil Nazir­liyinin kollegiya iclası və AMEA Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin 2008-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağı 2009-cu ilin fevralında və AMEA Rəyasət Heyətinin səyyar iclası 2015-ci ilin iyulunda Naxçıvanda keçirilmişdir. Hər iki iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov proqram xarakterli çıxış etmişdir. Ali Məclisin Sədri demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.
Naxçıvan elm adamlarının fəallığı Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji müxtəliflikləri, təbii sərvətləri və başqa sahələri dərin araşdırmalara cəlb edilmişdir. Aparılan ciddi elmi fəaliyyətlər Naxçıvanda tarix, ədəbiyyat, dilçilik, arxeologiya, etnoqrafiya, botanika və başqa sahələrdə elmi məktəblərin formalaşmasına da töhfələrini vermişdir. Alimlərin ciddi tədqiqatları nəticəsində Naxçıvanın tarixi və arxeologiyası sahəsində daha sanballı nəticələr əldə edilmiş, Naxçıvanda insan yaşayışının tarixi 500-300 min, ilkin şəhər mədəniyyətinin yaranmasının 5 min ildən artıq tarixə malik olması, Naxçıvanın Kür-Araz və boyalı qablar mədəniyyətinin ilk beşiklərindən olması, eləcə də bu mədəniyyəti yaradan tayfaların Naxçıvan ərazisində yaşaması, Naxçıvan ərazisində II Kültəpə, Şahtaxtı, Nuhdaban, Oğlanqala və Naxçıvan şəhər dövlətlərinin, Duzdağın mədən üsulu ilə dünyada duz çıxarılan (b.e.ə.V-IV minillik) ilk duz mədəni olması sübuta yetirilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Gəmiqaya abidələrində alimlərin apardığı araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala, Qız qalası, I Kültəpə, Xaraba Gilan, Duzdağ, Sirab ətrafı, Naxçıvantəpə və başqa ərazilərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Muxtar respublika ərazisində bu günədək 1218 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Dünya və ölkə əhəmiyyətli 550-yə yaxın abidə əsasında “Naxçıvan abidələri ensiklopediyası” hazırlanmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2001-2018-ci illərdə də beynəlxalq və respublika səviyyəli elmi konfranslar, simpoziumlar keçirilmiş, bu elmi tədbirlərdəki məruzələr toplu halında nəşr edilmişdir. “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, təbii sərvətlərinin öyrənilməsi” (2004), “Azərbaycanda elmin inkişafı və regional problemlər” (2005), “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” (2006), “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” (2007), “Naxçıvan bu gün: islahatlar, perspektivlər” (2008), “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan” (2009), “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” (2011), “Naxçıvan: ilkin şəhər və Duzdağ” (2012), “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” (2014), “Naxçıvan qalaları: tarixdə və günümüzdə” (2016), “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” (2017), “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” (2018) mövzularında keçirilən beynəlxalq elmi konfrans və simpoziumlar elmin inkişafına, bir sıra tarixi fakt və hadisələrin dəqiqləşdirilməsinə təsir etmişdir.
Naxçıvanda elmin inkişafı elmi əlaqələrin də genişlənməsinə səbəb olmuşdur. Naxçıvanın elm adamları dünyanın müxtəlif ölkələrində keçirilən elmi tədbirlərdə, beynəlxalq səviyyəli simpoziumlarda iştirak və çıxış edirlər. Naxçıvanlı alimlərdən hər il 70-75 nəfəri 60-a yaxın beynəlxalq tədbirlərə – konfrans və simpoziumlara qatılırlar. Təkcə belə bir faktı qeyd etməliyik ki, son üç ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından 102-si 142 beynəlxalq səviyyəli elmi simpoziumlara qatılmış və maraqlı məruzələrlə çıxış etmişlər. Bu isə elmi əlaqələrin genişlənməsinə və elmi potensialın inkişafına müsbət təsir göstərir. Son illərdə Naxçıvanda 50-dən çox beynəlxalq simpozium keçirilmiş, həmin simpoziumlarda ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Ukrayna, İran, Gürcüstan və başqa ölkələrdən gələn alimlər iştirak etmişlər.
Naxçıvanın bir qrup elm və təhsil işçisi orden və medallarla təltif olunmuş, yüksək fəxri adlara layiq görülmüş, 3 nəfəri Azərbaycan Respublikası Milli Məclisinə, 15 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. 7 nəfər Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”, 2 nəfər “Şöhrət” və “Şərəf” ordenlərinə, onlarla tədqiqatçı “Tərəqqi” medalına və fəxri adlara layiq görülmüşdür.
Muxtar respublika rəhbərinin elm adamlarına göstərdiyi diqqət və qayğı doğma diyarımızda elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına misilsiz töhfədir.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR