23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Təbiətin ilk cücərtisi, yaşıl rəngi səməni… Yaşıl donlu, incə belli səməni. Elə-aləmə baharın gəldiyini müjdələdiyi üçün sevilərək, əzizlənərək belinə qırmızı lent də bağlanan, Novruz  süfrələrini bəzəyən, el-el, ev-ev gəzən, nişanlı qızların “görüşünə gedən”, təzə gəlinlərin xonçasını rövnəqləndirən, ruzi-bərəkət rəmzi səməni. Bilirsənmi, sən hansı zamandan arzulanırsan?

Payızın ortalarından başlayan ayaz-soyuq dağların, çəmənlərin, bağların yaşılına qənim kəsilib onları sarı xəzələ çevirəndən…Qışın qarı-şaxtası hər yanı aylar uzunu bəyazlara bürüyəndən… Zamanın bu kəsik­lərində insanların gözləri yaşıla həsrət qalandan. Qışın böyük çilləsini yola salan, kiçik çilləsini başa vuran, Boz aya qədəm qoyan insanın ruhu sanki baharı səsləyir. Yaşıl rəngin min bir çaları ilə təbiətə dirilik, ömrə bəzək gətirən baharı. Gözlər yaşılı axtarır. Bax, bu zaman sən arzulanırsan, səməni. Çünki baharı sən gətirirsən. Novruzaqədərki çərşənbələrin bir-birinin ardınca suya hərarət, torpağa istilik, yelin, odun yurdumuza ilıq nəfəs bəxş etməsini bayram edərkən sən hökmən o bayram şənliklərinin, süfrələrinin bəzəyi olmalısan. Elə buna görə də Novruza 10-15 gün qalmış hər bir evdə xoş sözlərlə, xeyir-dualarla səni cücərdərlər ki, vaxta-vədəyə özünü yetirə biləsən. Sən o qədər sevimlisən ki, ana-­nənələrimiz sənə zinət vurmaqdan usanmırlar.

Elə bu bayram ərəfəsində şəhərimizdə yaşayan və çeşidli səmənilər cücərdən Leyla xanımla bu mövzuda həmsöhbət olduq. O deyir:
– Səməni bolluğun, firavanlığın rəmzidir. Həm də səməni cücərtmək adəti heç də boş-boşuna yaranmayıb. Qədimdə torpaq oyanana yaxın bir az buğda götürüb cücərdərdilər ki, görsünlər, bu toxumluq üçün yaxşıdır, ya pis. Elə o vaxtdan ta bu günə kimi səməni cücərtmək bir adət halını almışdır. Gözümüzü dünyaya açıb özümüzü dərk edəndən ana-nənələrimizin bayramqabağı səməni cücərtməsinin şahidi olub öyrənmişik. Zaman keçdikcə səməni də fərqli şəkildə cücərdilməyə başlanıldı. Məsələn, mən milli ornamentimiz olan buta formasında səməni cücərtməyi çox sevirəm. Burada sanki iki rəmz birləşərək Novruz bayramının gözəlliyinə daha bir gözəllik qatır. Bayrağımızdakı səkkizguşəli ulduz formasında səməni daha gözəl alınır. Və yaxud böyük dairəvi səməni. Bunun üçün əvvəlcə karton kağızın üzərində qələmlə buta, ulduz, dairə şəkli cızıram. Sonra onu kəsirəm. Kartonu dəmir lövhənin üzərində bir qədər böyük ölçüdə kəsirəm ki, kənarları yuxarıya doğru qatlana bilsin. Sonra həmin formaların üzərinə nazik təbəqə torpaq tökür, əvvəlcədən isladılmış və artıq ağ cücərtilər əmələ gəlmiş buğdanı eyni qalınlıqda yayır, üstünə yenə də torpaq səpirəm. Torpaq əvəzinə tənzifdən də istifadə etmək olar, lakin torpaqda cücərdilən səməni daha uzun müddət yaşıl qalır və ətri də gözəl olur. Artıq bir neçə ildir ki, səmənini butulkada da göyərdirəm. Bunun üçün cücərdilmiş buğda nazik şəkildə bintin üzərinə yayılır. Butulkanın aşağı hissəsi bintin başlanğıcına qoyulur və yuxarıya doğru buğdalı bint sıx şəkildə ona sarılır. Bintin yuxarıda qalan hissəsi su doldurulmuş butulkanın içərisinə qoyulur ki, səməni oradan su ala bilsin. O, əvvəlcə bir neçə gün – yəni cücərtilər çoxalanadək qaranlıq yerdə, sonra isə günəş şüaları düşən yerdə saxlanılır. Ona su nə az, nə çox, qədərində verilməlidir. Yoxsa səməni xarab olar. Leyla xanım deyir ki, bu cür fərqli formalarda səmənilərin cücərdilməsi həm qadınlarımızın təxəyyülünü, həm də səliqə-sahmanını ortaya çıxarır. Bayram mərasimlərinə, evlərə, süfrələrə daha bir gözəllik qatır. Leyla xanım söyləyir ki, biz uşaq olanda tək-tək adam tapılardı ki, səmənini pulla alsın, amma indi əksər qadınlar tənbəllik edib səmənini almağa üstünlük verirlər. Amma, məncə, hər kəs bunu evində cücərtsə, daha maraqlı olar. Həm ruzi-bərəkət baxımından, həm də səməninin boy atmasını izləmək insana xoş təsir bağışlayır. Xanım vurğulayır ki, o vaxtlar nənələrimiz bir araya gələrək səməni halvası da bişirər, ondan hər kəsə pay verərdilər. Onlar deyərdilər ki, səməni müqəddəsdir. Ona təmiz qabdan su vermək, təmiz yerdə saxlamaq, hündür yerə qoymaq lazımdır. Saralandan sonra da natəmiz yerə atmaq günah sayılar. Onu ya axar suya atmalı, ya da yeməsi üçün həyətdəki toyuq-cücəyə verməlisən.
Leyla xanımla söhbətləşə-söhbətləşə evinin səməniləri saxladığı guşəsinə çatanda o, “Səməni, saxla məni, ildə göyərdərəm səni”, – deyərək onları əzizləməyə başladı. Səmənilərə su verə-verə bir neçə bayatı da söylədi:

Ay səməni, səməni,
Utandırma, sən məni,
Yaşılın qoy bol olsun,
Heyran etsin çəməni.

Əzizim yaşıl çəmən,
Yaşıl bağ, yaşıl çəmən,
Qoy səmənidən alsın,
Bu rəngi hər bağ, çəmən.

Yaşıl donlu, incə belli səməni,
Gül ətirli, buğda cilli səməni,
Şux qamətin düşüb dildən-dillərə,
Bizim gözəllərlə elli səməni.

Leyla xanımı dinlədikcə düşüncələrə dalıram: Təbiət və insan… Bir-birindən ayrı təsəvvür belə, edilməyən iki canlı. Təbiət insan qayğısından, nəvazişindən ilhama gəlir, insan isə təbiətin əsrarəngizliyindən, gözəlliyindən. Bu ilhamda canlı təbiətlə yanaşı, həm də rənglərin harmoniyası yer alır. Yaşılın, sarının, qırmızının, bəyazın…Budur, baharın ilk yaşılı səməni bir azdan öz rəngini çəmənlərə, düzlərə yayacaq, bu yaşılın içərisindən ağ, sarı, qırmızı çiçəklər boylanacaq, ağaclar ağlı-çəhrayılı örpəklərini atacaqlar başlarına. Beləliklə, əllərimizlə cücərtdiyimiz, yazın, ruzi-bərəkətin rəmzi səməni ömrümüzə-günümüzə növbəti baharı gətirəcək. Cücər, yar buğdanın bağrını, Günəşə doğru boylan səməni, geyin yaşıl libasını, o incə belinə bağla qırmızı kəmərini… Bayram xonçalarında şirniyyatların, rəngbərəng yumurtaların, yanar şamların fonunda nazla­-nəvazişlə baharı – xoş günləri səslə. Səslədiyin bu bahar xalqımıza, millətimizə əmin-amanlıq, uğur, səadət, gətirsin. Səməni, qoy sənin şux qamətin taxıl zəmilərinə də sirayət edib ellərimizə bol ruzi-bərəkət bəxş etsin. Gətirdiyin bu baharın da qədəmləri mübarək ­olsun!..

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006621
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
855
4717
14111
89003
4006621

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter