22 Mart 2019, Cümə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyulub. Tamaşanın nümayişində əsərin müəllifi Xaqani Əliyev də iştirak edib. Biz də bu fürsətdən istifadə edib Xaqani müəllimlə söhbət etmək imkanı qazandıq. Yazıçı-dramaturq şəhərimizə gəlişinin məqsədindən, Naxçıvana ilk səfərinin təəssüratlarından, eləcə də burada elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan belə bəhs etdi: 

– Görüşlərimizin birində, ürəyi hər zaman Naxçıvanla, Naxçıvan teatrı ilə döyünən, Xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən “İrəvan – üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra Kamran müəllim Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Naxçıvan xanlığının tarixini daha dərindən öyrənməyə başladım. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində böyük rol oynadı. Naxçıvan xanlığı haqqında olan materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi. Naxçıvana gəlişimin məqsədi də məhz həmin tamaşanın premyerasında iştirak etmək idi. Tamaşanı izlədik, bir sözlə, möhtəşəm keçdi, inanıram ki, teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi. Ümumilikdə isə Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Naxçıvanın muxtariyyət tarixindən bəhs edən əsərlərin səhnələşdirilməsi böyük əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşümüz də çox maraqlı oldu, – deyən Xaqani Əliyev burada yetişdirilən kadrların gələcəkdə incəsənətin müxtəlif sahələrinə öz töhfələrini verəcəklərinə inandığını vurğuladı. Görüşdə iştirak edən Xalq artistləri Kamran Quliyev və Sərvər Əliyev, qiraət ustası Zülfiyyə Eldarqızı gələcəkdə bu sənətlə məşğul olacaq gənclərə öz tövsiyələrini verdilər. Suallardan da aydın görünür ki, burada təhsil alan tələbələr incəsənətə çox maraqlıdırlar və bu sahəni sevərək seçiblər. Digər tərəfdən Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti istedadlı tələbələrin inkişafında, onların yaradıcılıq bacarıqlarının püxtələşməsində böyük rol oynayır.
Xaqani Əliyev bildirdi ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya standartlarına cavab verən bir səhnəni görəndən sonra muxtar respublikada mədəniyyətə göstərilən qayğının bir daha şahidi oldum. Burada yaradılmış şəraitə heyrətini və məftunluğunu gizlədə bilməyən yazıçı teatrla bağlı fikirlərini belə ifadə etdi: “Bu əzəmətli bina, möhtəşəm səhnə, bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Yəqin ki, buradakı təəssüratlarımı uzun müddət unuda bilməyəcəyəm. Mən bir çox ölkələrdə, bir çox teatrlarda olmuşam. Səmimiyyətimə inanın, heç bir yerdə belə gözəl, möhtəşəm teatr binası görməmişəm. Adama elə gəlir ki, sanki nağıllar aləmindədir, buradakı nizam-intizam, səliqə-sahman, peşəkar aktyor-rejissor heyəti tərifəsığmazdır”.
Tarixi əsərlər müəllifi şəhərimiz haqqında da təəssüratlarını bölüşdü:
– Bu şəhər mənim yaddaşımda muzeylər, tarixi abidələr şəhəri kimi qalacaq. Hər addımda bir muzey, bir abidə var. Naxçıvandakı dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına getmək çoxdankı arzum idi. Bu arzuma çatdım. Həqiqətən də, bu ziyarətgah insanı öz sehrinə salan, möcüzəli bir məkandır. Naxçıvandakı sakitlik, səliqə-sahman, nizam-intizam məni heyran etdi. Bu şəhər qəlbimi oxşadı, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı, könül rahatlığı mənə əsl zövq verdi. Keçmişini, tarixini, bu gününü göz bəbəyi kimi qoruyan, tarixi qəhrəmanlarına, ağsaqqallarına, ziyalılarına, sadə adamlarına, sözə, sənətə ehtiramla yanaşan, əzəməti və gözəlliyi ilə ruha dinclik gətirən qeyrət qalası Naxçıvandakı bu gözəllikləri qurub-­yaradanlara eşq olsun.
Qeyd edək ki, yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Ehsan xan Kəngərli” tarixi dramının quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər olduqca maraq doğurur.
Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanov və digər tarixi obrazlar da tamaşaçıda böyük maraq doğurur. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir. “Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.
Tamaşada Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev (Şıxəli bəy), Səyyad Məmmədov (Qriboyedov) və digərləri maraqlı obraz və personajlar yaradıblar.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3785122
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
365
1300
7672
49439
3785122

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter