26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyi binanın tarixçəsi barədə yazı hazırlamaq üçün apardığım araşdırmalar zamanı şəhərimizin qədim tarixə malik digər bir ünvanı, Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli bina barədə də maraqlı faktlara rast gəldim. Öyrəndim ki, Cəmşid Naxçıvanskinin ev-muzeyinin də yerləşdiyi bu bina qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malikdir. Bu barədə daha geniş məlumat əldə etmək məqsədilə ötən günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və görkəmli hərbi xadimin ev-muzeyində oldum. Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Kəngərli sülaləsindən olan Naxçıvan generalları ilə bağlı yazdığı elmi-publisistik məqalələrini nəzərdən keçirdim, şəhərin yaşlı sakinləri ilə söhbət etdim.

Məlum oldu ki, orijinal üslubu ilə seçilən, şəhərimizin ümumi görünüşünə yaraşıq gətirən bu tarixi bina XIX əsrin ikinci yarısında naxçıvanlı ustalar tərəfindən ucaldılıb. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan tikilinin inşasında Ehsan xan Naxçıvanskiyə məxsus iki zavodun kərpiclərindən istifadə edilib. Deyilənə görə, tikinti materialının üzərində 1 və 2 rəqəmlərinin yazılması da məhz buna işarədir. Ümumiyyətlə, muxtar respublikamızda o dövrə məxsus binaların əksəriyyətinin həmin zavodlarda istehsal edilən kərpiclərlə inşa olunduğu məlumdur.

Şəhərin yaşlı sakinləri tarixi keçmişimizə işıq salan həmin binanı “Cəfərqulu xanın malikanəsi” də adlandırırlar. Onların dediyinə görə, 1895-ci il avqustun 23-də Naxçıvanda dünyaya göz açan Kəngərli nəslinin sonuncu generalı Cəmşid Naxçıvanski 12 il burada yaşayıb, anası Fərəntac xanımdan ana dilini, bu dildə yazmağı, dayəsi Anna Nikolayevnadan isə rus və fransız dilində danışmağı öyrənib. Təbii ki, onun bacarıqlı hərbçi kimi yetişməsində mənsub olduğu ailədən, xüsusilə də atası Cəfərqulu xandan aldığı təlim-tərbiyənin böyük rolu olub.
Tarixdən yaxşı məlumdur ki, 1918-ci il iyunun əvvəllərində Türkiyə ordusunun 9-cu və 11-ci diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan hərəkət edərək iyunun 11-də Naxçıvana daxil olub. Türk qoşunları Naxçıvanın könüllülərdən ibarət taborları ilə birlikdə erməni daşnaklarını darmadağın ediblər. Bölgəni erməni zülmündən qurtarmaq üçün Naxçıvanda Araz-Türk Respublikası yaradılıb. Həmin hadisələrə haqqında danışdığımız bu bina da şahidlik edib. Belə ki, Araz-Türk Respublikasının qərargahı məhz bu binada yerləşib, bir sıra qərarların qəbulu və müzakirəsi burada aparılıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu proses qısa müddəti əhatə etməsinə baxmayaraq, Araz-Türk Respublikası Naxçıvanın sonrakı taleyində mühüm rol oynayıb. Haqqında söhbət açdığımız binada 1921-ci ildə körpələr evi yerləşib, 1936-cı ildən 1985-ci ilədək Naxçıvan Şəhər Poliklinikası, həmçinin 1950-ci illərdə şəhər komsomol komitəsi, rabitə və poçt mərkəzi, 1960-cı illərdə prokurorluq orqanı fəaliyyət göstərib.
Yaşı 80-ni adlamış Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Sübhü Kəngər­li binanın həmin dövrünü belə ­xatırlayır:
– Ötən əsrin 50-ci illərində Atatürk küçəsində (Həmin dövrdə binanın yerləşdiyi ərazi Kirov küçəsi adlanıb!) yerləşən 6 nömrəli bina ilə əlaqəm çox olub. Yaxşı yadımdadır, o dövrdə şəraitsizlik üzündən uzaq yerlərdə yaşayan qohum-əqrəba ilə gec-gec ünsiyyət qura bilirdik. Bunun üçün şəhər sakinləri məhz bu binada qurulan rabitə xidmətlərindən istifadə edərdilər. Xalam Aminə xanım Ordubadda yaşadığı üçün anam onunla əlaqə saxlamaq məqsədilə tez-tez həmin binaya gedib-gələrdi. 3-cü sinifdə oxuyanda anam məni yanına çağırıb, oğlum, artıq böyümüsən, xalana yazdığım məktubu aparıb göndərə bilərsən, – deyib əlindəki kağızı mənə tərəf uzatdı. Sözün düzü, ilk dəfə belə məsuliyyətli iş dalınca getdiyimdən poçt yerinə çatanda məktubu hara qoyacağam, – deyə çox düşündüm. Orada çalışan işçilərdən biri mənə məktubu yaşıl qutunun kənarındakı deşikdən içəri atmağı məsləhət gördü. Həmin gündən sonra xalama yazılan məktubları mən yollayırdım. Ancaq hər dəfə geri dönəndə məni bir sual möhkəm düşündürürdü. Öz-özümə deyirdim ki, axı necə olur ki, mən o qutuya məktubu Naxçıvan şəhərində atıram, xalam da Ordubadda götürür. Qəribədir, görəsən, hansı fövqəladə qüvvə o məktubu ünvanına çatdırır. Lakin böyüyəndən sonra bir vaxtlar mənə sirli-sehrli gələn hadisənin əsl mahiyyətini dərk etdim. İndi o illəri düşünəndə yaddaşıma bir o binadakı yaşıl qutu, bir də görkəmli dramaturq Cəlil Məmmədquluzadənın “Poçt qutusu” hekayəsinin qəhrəmanı Novruzəli düşür. Həqiqətən də, görkəmli yazıçı o dövrdə dünyəvi elmi-mədəni tərəqqidən geri qaldığımızı çox gözəl təsvir edib.
Sübhü Kəngərli həmin dövrdə burada yerləşmiş şəhər poliklinikasının da fəaliyyətindən danışaraq bildirdi ki, ölkədə ixtisaslı həkimlərin az olduğu bir vaxtda poliklinikada Bətulə Abdullayeva adlı savadlı, işini çox gözəl bilən diş həkimi çalışırdı. Naxçıvanın hər yerindən onun yanına xəstələr gəlirdi. Anam məni də bir dəfə onun yanına diş çəkdirməyə aparmışdı.
Qeyd edək ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar 1981-ci il 8 avqust tarixli Qərar imzalayıb. Həmin qərarla 1982-ci il oktyabrın 22-də haqqında bəhs etdiyimiz binada generalın ev-muzeyi fəaliyyətə başlayıb. Muzey ilk vaxtlar binanın birinci mərtəbəsində kiçik bir otaqda yerləşirmiş. Lakin 1985-ci ildə Naxçıvan Şəhər Poliklinikası ayrı binaya köçürüldükdən sonra mədəniyyət ocağının səmərəli fəaliyyəti üçün daha geniş imkanlar açılıb, 1987-ci ildən etibarən muzeyin ekspozisiya zalı da fəaliyyətə başlayıb. Yeni yarandığı dövrdə cəmi 300 eksponatı olan muzeyin fondunda bu gün 5360 eksponat qorunub saxlanılır.
Müstəqillik illərində həmin binada muzeylə bərabər bir sıra dövlət əhəmiyyətli idarələr, o cümlədən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı, 3 nömrəli musiqi məktəbi, Xalq yaradıcılığı emalatxanası və digər qurumlar fəaliyyət göstərib.
Ötən il iyun ayından başlayaraq həmin binada yenidənqurma işləri aparılır, tikilinin tarixi görkəminin və memarlıq quruluşunun saxlanılmasına xüsusi diqqət yetirilir. İnşaat işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin ev-muzeyi yerləşəcək. Binanın ətrafında da abadlıq işləri aparılacaq, yeni park salınacaq. Cəfərqulu xanın malikanəsi olan bu binanın həyətində vaxtilə göz­oxşayan yaşıllıq, gül-çiçək guşələri də olub. Elə bərpadan sonra burada parkın salınması da keçmişimizdən bu günümüzədək qorunub saxlanılan binanın sahibinin də ruhunu şad etmiş olar. Yeni parkda Naxçıvan Muxtar Respublikasının turizm marşrutlarının xəritəsini və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulması nəzərdə tutulur.
Aqillər: tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz dəyərinə görə pay götürür, – deyiblər. Bu gün Naxçıvanın tarixi keçmişinə dərin izlər salan, Kəngərlilər sülaləsinə məxsus olan Atatürk küçəsindəki 6 nömrəli binanın hər guşəsində xalqımızın bu qiymətli sərvətinin izləri sezilir. Həmin binanı qoruyub saxlayaraq gələcək nəsillərə ərməğan etmək isə xalqın keçmişinə verilən ən böyük dəyərin ­təzahürü, tarixi keçmişimizin bərpası istiqamətində atılan mütərəqqi ­addımlardandır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
2548
2901
56832
3792515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter