22 Mart 2019, Cümə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

İlaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Ona xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də deyirlər.
Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan mifik varlıq qədim türk dünya duyumuna görə, dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Türklər arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, yel yeldir, onu da əsdirən var. Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanmış xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək olar ki, Yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət yaşamışdır. Bu baxımdan muxtar respublikanın bölgələrindən toplanmış mərasim örnəkləri haqqında məlumatlar yelin qədim türklərdə kult məqamında olduğunu sübut edir.
Xalq arasında bu çərşənbəyə “Quyruqlu çərşənbə” də deyilir. Bu çərşənbənin xalq arasında “Quyruqlu çərşənbə” kimi adlanması ikinci çərşənbənin də “külə” olduğunu deməyə imkan verir. Bu zaman əsən küləklər yazın gəldiyini xəbər verir, havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması da məhz bu çərşənbədə baş verər.

Topladığımız etnoqrafik çöl materiallarına görə, “Külək çərşənbəsi”ndə küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir.
Güney tərəfdən gələn yelə “vədə yeli”, “ağ yel” deyərdilər atalarımız. Bu yel hər il mart ayının əvvəlində əsər. Ağ yel isti bir yel olub qarları əridir. Bu yelin əsməsi ilə xalq “Bayram (Novruz) gəlir”, – deyib sevinər:

Əsdi vədə yeli yaz müjdəsiylə,
Qondu eyvanıma yenə qaranquş!

Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən vədə (yəni gözlənilən vaxtda əsən) küləyi adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (ələyəz ot adıdır), “ağ yel” deyilir. Bir deyimə görə, ələyəz yeli qalxdı, artıq qar əriyər, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama “Ələyəz yelidir, hərdən bir tərəfə əyilir”, – deyirlər.
Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərər.
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan toplanılan folklor nümunələrinə əsasən söyləmək mümkündür ki, ərazidə xalq arasında Yel çərşənbəsi zamanı yel əyəsinin ayıldığına inanc dolaşmaqdadır. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, küləy əsir, ağaşdar cifdənir, havanın ağırrığı sınır”. Bu inanclar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir.
Yelin “baba” hesab edilməsi xalqımızın şifahi təfəkküründə uzun zamanlar başlıca mövqedə ­olmuşdur.
Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayar. Xalq arasında belə bir deyim var ki, leylək deyər: “Təzə ildə gəlmərəm, köhnə ildə də qalmaram”. Xalqın müşahidələrinə əsasən demək olar ki, yazın ilk əlaməti leyləyin qayıtmasıdır. Leyləklər, əsasən, kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində gəlirlər. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna “leylək boranı” deyirlər. Bu köçəri quşlar içərisində yazın carçısı ­qaranquşla durnanı xüsusi qeyd etmək olar. Bizim mifologiyamızda da hər iki quşun feneloji zaman ­hesablaması ilə əlaqəsi vardır.
Əvvəldə qeyd etdiyimiz kimi, Yel çərşənbəsində Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində bir-birindən maraqlı ayin və rituallar icra edilməkdədir ki, bu ayin və ritualların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, xırmanın aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir.
Naxçıvan Muxtar Respublikasının bölgələrində xalq yaddaşında yaşayan, yel kultuna tapınmanı ifadə edən atalar sözləri diqqətçəkəndir: Yel qayadan nə aparar?! Yelnən gələn selnən gedər. Alçaxda yatma sel aparar, ucada yatma yel aparar. Kələklə gələn küləklə gedər. Verirsə, el gətirir, sel gətirir, yel gətirir. Alırsa, el aparır, sel aparır, yel aparır.
Ərazidə kiçik janr nümunələrindən olan tapmacalar da yelin mifopoetik obrazını yaratmaq baxımından xarakterikdir:

Hər yan ələk-vələkdir,
İsti tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir (yel, külək).

“Yel baba” obrazı ərazidən toplanmış inanclarda da öz əksini tapmaqdadır: “Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün yarpaqları ağaca toxunsa, diləyin yerinə yetər”.
Xalq arasında deyilir ki, yaz ilin elə bir dövrüdür ki, hər şey ondan asılıdır. Gərək hər işi vaxtında, vədəsində görəsən. Bir el söyləməsində deyildiyi kimi: “Hər şey vədəyə baxsa da, vədə heç nəyə baxmaz”. Xalqımıza xoş günlər, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyilə Yel çərşənbəniz mübarək olsun!

Asəf ORUCOV
dosent,
Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3785064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
307
1300
7614
49381
3785064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter