27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin müəllimi,  folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətovanın “Ağı janrı: funksiya və poetik imkanlar” adlı monoqrafiyası nəşr edilib. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar İmanovdur. 

Giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət monoqrafiyanın girişində bu janrın dünya və Azərbaycan folklorunda tutduğu yer qeyd edilib, həmçinin janrın sistemli şəkildə öyrənilməsi probleminin xalq yaradıcılığının mərasim qanadının da müəyyən mənada tədqiqində əhəmiyyəti vurğulanıb. Folklor­şünaslıq elmi tariximizdə bu janr ayrıca elmi tədqiqata cəlb edilmədiyindən əsərin mahiyyəti öz yeniliyi və aktuallığı ilə diqqət çəkir.
Müəllif janrın əhatəli öyrənilməsi zamanı, ilk növbədə, ağı mətnlərini tədqiqata cəlb edib. Bu zaman həm şifahi xalq yaradıcılığında toplama zamanı qeydə alınan nümunələr öyrənilib, həm də sonrakı mərhələlərdə yazılı şəkildə yaranan və ortaya çıxan ağılar tədqiq olunub.
Monoqrafiyada Azərbaycan bədii və ictimai-fəlsəfi düşüncəsinin qaynağı, bənzərliyi baxımından ağı janrının tarixi-poetik səciyyəsi müəyyən edilib, janrın mərasimlə bağlı aspektlərinə işıq tutulub, qohum və qohum olmayan xalqların elegiyatipli janrları ilə müqayisədə ağının fəlsəfi-poetik özünəməxsusluğu aşkara çıxarılıb, eyni zamanda bu deyilənlərdən yola çıxaraq ağının dil, fikir və sənət hadisəsi kimi poetikası müəyyən edilib.

Monoqrafiyada ağının ədəbi janr kimi çəkisi, yeri və mahiyyəti müxtəlif mənbələrə istinadlarla, həmçinin şəxsi təhlil nəticəsi kimi ortaya qoyulur. Bununla bərabər, qədim türk dastanlarındakı ağı nümunələri ilə digər türk xalqlarındakı ağılar arasında müqayisələr aparılır. Tədqiqatçı ağı mətnlərində bölgə ilə bağlı məqamlara da diqqət çəkir.
Müəllif belə bir nəticəyə gəlir ki, ta qədim zamanlardan bu günədək yas mərasimlərində icra olunan elementlər hələ də yaşadılmaqdadır. Bu elementlərdən biri də, heç şübhəsiz, ağı söylənilməsidir. Maraqlı məqamlardan biri də İslamın yaranmasından sonrakı dövrdə ortaya çıxan mərsiyəçiliyin mərasim folklorunda ağı ilə qarşılıqlı münasibətdə öyrənilməsidir.
Monoqrafiyada qeyd olunduğu kimi, janrın yaranma tarixi çox qədimdir, məzmununa görə də müxtəlif tiplərə ayrılır, bir neçə qrupa bölünür. Həmçinin ağılar poetik baxımdan bayatılarla müqayisə oluna bilər.
Müəllif, eyni zamanda Azərbaycanın ictimai-siyasi həyatında baş verən bir sıra hadisələrə, həmin hadisələrlə bağlı yaranmış yazılı nümunələrə də müraciət edir, həmçinin bölgə yazarlarının əsərlərinə istinad etməklə fikirlərini ortaya qoyur. Belə bir nəticə də diqqəti cəlb edir ki, yazılı və şifahi ədəbiyyatın qarşılıqlı münasibətləri zamanı fərqli janrlar daxilində də ağıların ortaya çıxması prosesi baş verə bilər.
Monoqrafiyanın nəticə hissəsində filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətovanın öz tədqiqatlarının sonunda ortaya çıxardığı yeniliklər, əldə etdiyi yeni nəticələr öz əksini tapıb.
Ümumiyyətlə, “Ağı janrı: funksiya və poetik imkanlar” monoqrafiyası şifahi xalq ədəbiyyatının daha bir janrının əhatəli öyrənilməsinə həsr edilib. Digər cəhətdən janrın tarixi inkişaf prosesini, sonrakı mərhələdə yazılı ədəbiyyatda da öz yerini möhkəmləndirməsi məsələləri ortaya qoyulur. Bu əsər həm folklorşünaslar, həm də ali məktəblərin müvafiq ixtisaslarında təhsil alan tələbələr üçün maraqlı mənbə rolunu oynayacaqdır. Eyni zamanda folklor­şünaslıqda müxtəlif xalqların şifahi yaradıcılığı ilə qarşılıqlı müqayisələrin aparılmasında istinad ediləcək elmi əsər kimi mühüm rol oynayacaqdır.

Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022108
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2385
2657
2385
104490
4022108

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter