22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açıb. Bildirilib ki, bəşər sivilizasiyasının beşiyi olan qədim Naxçıvan torpağı tarixin bütün dövrlərində dünya elminə, mədəniyyətinə, siyasətinə görkəmli simalar bəxş edib. Belə şəxsiyyətlərdən biri də Nemətullah Naxçıvanidir. Orta əsrlərdə yaşamış bu görkəmli mütəfəkkir Türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təfsir və təsəvvüf alimi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasına və kamilləşməsinə Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Şərqin böyük filosofunun elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edib.

Qeyd olunub ki, görkəmli mütəfəkkir Nemətullah Naxçıvaninin yaradıcılığına həsr olunmuş kitab və qəzet materialları mərkəzdə təşkil olunmuş sərgidə nümayiş etdirilir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Bəhruz Gülmalıyevin çıxışları olub. Çıxışlarda bildirilib ki, Naxçıvan torpağının yetirməsi olan görkəmli fikir adamları obyektiv və subyektiv səbəblərdən orta əsrlər dönəmində mühacirət həyatı yaşayıblar. Nemətullah Naxçıvani də belələrindəndir. O təkcə ilahiyyat elmində deyil, həm də dünyəvi elmlərdə mahir idi.
Vurğulanıb ki, görkəmli filosofun həyat və yaradıcılığına həsr edilən “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı yeni kitabın nəşri də muxtar respublikamızda bu istiqamətdə atılan növbəti addımlardan biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən nəşr olunan kitabda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşlarının Nemətullah Naxçıvaninin irsi ilə bağlı araşdırmaları yer alıb. Yeni nəşrdə öz əksini tapan 10 elmi məqalə görkəmli naxçıvanlı alimin həyat və yaradıcılıq yolunun öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Görkəmli filosofun əsərlərindən tərcümə olunaraq topluya yerləşdirilən hissələr kitabın elmi əhəmiyyətini daha da artırıb. Kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.
Sonda görkəmli mütəfəkkirin həmin kitabda özünə yer almış əsərlərindən seçmələr qiraət edilib.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR