12 Avqust 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalını unutma!” adlı rəsm sərgisi təşkil edilib.
Əvvəlcə “Xocalıya qayıdış” adlı videoçarxa baxış olub. Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək diqqətə çatdırıb ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün bəşəriyyət bu amansız qətliamı heç vaxt unutmayacaq. Bu faciənin bədii əsərlərdə, kinofilmlərdə, musiqi və rəsm əsərlərində gələcək nəsillərə, eyni zamanda dünya ictimaiy­yətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Bu gün Xocalıya həsr edilən sərgidə naxçıvanlı rəssamların müxtəlif janr və üslubda nümayiş etdirilən əsərləri faciəni göz önündə canlandırır və “Xocalıya ədalət!” şüarını canlı şəkil­də əks etdirir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət attaşesi Məhəmmədrza Pakravan, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış edərək ermənilərin törətdikləri Xocalı soyqırımına öz münasibətlərini bildirib və faciə qurbanlarının xatirəsinin əbədi yaşayacağını vurğulayıblar. Şairlərdən Elxan Yurdoğlu, Əbülfəz Ülvi, Vəli Qaraxan, Tofiq Qəbul Xocalıya həsr olunan şeirlərini qiraət ediblər. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Cəlil İsmayılsoy tarda “Qarabağ şikəstəsi”ni ifa edib.
Sonda sərgiyə baxış olub. Sərgidə 22 rəssamın 40 əsəri nümayiş olunur. Həmin rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgi fevralın 26-dək davam ­edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR