20 Fevral 2020, Cümə axşamı

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünə­məxsus zənginliyi ilə başqa dillərdən seçilir. “Dədə Qorqud” və “Koroğlu” dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, böyük sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dilimizi dövlət dili kimi təsdiqləyib. 1936-cı ildən sonra isə Azərbaycan dili rəsmən dövlət dili sayılsa da, bu, formal xarakter daşımış və dövlət idarələrində məhdud çərçivədə işlənmiş, təqiblərə məruz qalmışdır.

Ümummilli liderimiz Heydər Əliyev ölkə­mizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmış, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirmişdir. Bunun nəticəsidir ki, 1970-ci ildən başlayaraq Azərbaycan dili elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Dahi rəhbər ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.
Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldı. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul edilməsi dövlət-dil siyasətinin bütün parametrlər üzrə həyata keçirilməsinə şərait yaratmışdır. Həmçinin təhsil sahəsində dərsliklərin təkmilləşdirilməsi işi aktuallaşmış, ali məktəblərin texniki ixtisaslarının tədris planına “Nitq mədəniyyəti” fənni daxil edilmişdir.
Ölkə başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının daha bir nümunəsidir.
Muxtar respublikamızda da ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.
Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi həm də dilimizin, sözümüzün təbliğinə verilən qiymət kimi dəyərləndirilməlidir. Muxtar respublikada XI əsrdə qələmə alınmış “Qutadqu bilik” mənzum romanının nəşri də böyük mədəni-ictimai əhəmiyyət daşımaqdadır. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin tapşırığı ilə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” kimi kitabların nəşri eyni zamanda dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məmnunluq doğurur.
Dilimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR