17 Fevral 2020, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən bu il böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Azərbaycan publisistikasını, dramaturgiyasını bənzərsiz əsərlərlə zənginləşdirən, yeni bir ədəbi məktəb yaradan, “kiçik hekayənin böyük ustadı” kimi tanınan qüdrətli naşir “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu.
Ədibin yaradıcılığında bir müddət onun Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövr də xüsusi yer tutur. Burada dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına, tərəqqisinə həsr edən böyük ədib Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaradıb. Bununla bağlı Cəlil Məmmədquluzadənin bu kənddə yerləşən Xatirə Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə həmsöhbət olduq.

– Akif müəllim, Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbi-mədəni irsimizin unudulmaz himayədarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına da böyük ehtiram, diqqət və qayğı göstərilməyə başlandı və bu müqəddəs məram bu gün də layiqincə davam etdirilir. Siz də təsdiqləyərsiniz ki, ölkə başçısının böyük ədibin anadan olmasının 150 illik yubileyinin keçirilməsi üçün Sərəncam imzalaması, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Tədbirlər Planının təsdiq olunması milli birlik və Azərbaycançılıq ideologiyasının yaradıcılarından olan dahi demokratın həyatına və bədii-publisistik irsinə verilən yüksək qiymətdir.

 – Ömrünü xalq yolunda şam kimi əridən bu dahi yazıçının 150 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul edilən tarixi qərarları eşidən zaman bir ziyalı, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinə uzun müddət rəhbərlik edən bir vətəndaş kimi qürur hissi keçirdim. Bir çox ədəbi janrlarda öz qələmini uğurla sınayan böyük vətəndaş publisistin əsərləri müstəqillik illərində kütləvi tirajlarla nəşr olunub, xatirəsi əbədiləşdirilib, yaradıcılığına və şəxsiyyətinə böyük qiymət verilib. Ali Məclisin Sədri tərəfindən imzalanan Sərəncamla təsdiqlənən “Oxunması zəruri olan kitabların Siyahısı”nda ədibin “Hekayələr”inin yer alması da Mirzə Cəlil yaradıcılığının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. 

– İstər mövzu, istərsə də dərin həyat müşahidələrinin formalaşması baxımından Nehrəm kəndi dahi ədibin həyatında hansı mövqeyə malikdir?
– Cəlil Məmmədquluzadə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan quberniyasının Uluxanlı və Şərur rayonunun indiki Cəlilkənd kəndlərinə gəlir və burada müəllim kimi fəaliyyətə başlayır. Sonradan yaradıcılığını daha da genişləndirmək, ziyalılarla sıx əlaqədə olmaq üçün Naxçıvan şəhərinə yaxın kəndlərdə məskunlaşmaq istəyir. Buna görə də o, 1890-cı ildə Nehrəmə gəlir. Çox keçmir ki, Nehrəmdə maarifpərvər ziyalı, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi ilə görüşür. XX əsr Azərbaycan ədəbiyyatında yeni bir cığır açan sənətkar 1894-cü ildə ilk irihəcmli nəsr əsəri olan “Danabaş kəndinin əhvalatları” povestini yazır. Əsərdə XIX əsrin sonları üçün Azərbaycan kəndinin feodal-patriarxal mühiti, zülm və özbaşınalıqlar, xalqı cəhalətdə saxlayan mövhumat və xurafat əks etdirilir. Bənzərsiz nasirin qələmi ilə çar Rusiyası dövründə Azərbaycan kəndlərinin ümumi mənzərəsi əks olunub. Povestdə diqqətçəkən məqamlardan biri ictimai quruluşun əzib təhqir etdiyi Məhəmmədhəsən əmi kimi sadəlövh kəndlilərin mənəvi hüquqsuzluğudur. Əsərdə Xudayar bəy kimi kəndxudalar, rüşvət xatirinə İslam qanunlarını pozan qazılar, qlava və kərbəlayılar, cəhalət və nadanlıq girdabında boğulmuş kəndlilər Mirzə Cəlil qələminin əsas tənqid obyektləri olub. Nicat yolunu yalnız maariflənmək, elm öyrənməkdə görən Cəlil Məmmədquluzadə təkcə yazıçı-publisist kimi öz satirik qələmi ilə deyil, ziyalı, vətənpərvər kimi ictimai fəaliyyəti ilə də bu ideya uğrunda mübarizə aparıb. Bunun üçün o, Nehrəmdə məktəb açıb, bacısı Səkinə xanım da daxil olmaqla, səkkiz qızı məktəbə cəlb edib. O dövrdə xurafatın və fanatizmin hökm sürdüyü bir dövrdə qızları təhsilə cəlb etmək üçün böyük iradə, qətiyyət tələb olunurdu. Mirzə Cəlil o zaman mövcud mühiti yaxşı bildiyi üçün hətta kəndlilərin daha çox rəğbət bəslədiyi, mütərəqqi fikirli din xadimlərinin nüfuzundan belə, istifadə edib. Bu xəbər qısa bir vaxtda mətbuatda yer aldı və imperiyanın mərkəzindən çox-çox uzaqlarda yerləşən bir müsəlman kəndində qızların təhsilə cəlb olunması təşəbbüsü, deyərdim ki, şok effekti yaratdı və o, qabaqcıl müəllim kimi şöhrət tapdı.
Ədibin şəxsi həyatının da Nehrəmlə bağlı mühüm məqamları var. O, burada yaşayarkən Nağı kişinin qızı Həlimə xanımla ailə qurub və bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlib. Münəvvər xanım da dövrünün mütərəqqi fikirli ziyalı qadınlarından biri olub. SSRİ Ali Sovetinin deputatı Münəvvər xanım Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərib, 10 il Naxçıvanda Səhiyyə Şöbəsinin müdiri işləyib. 23 yaşımda onunla görüşmək mənə də nəsib oldu. Ömrünün son illərində sovet hökuməti tərəfindən mənəvi terrora məruz qalan və buna əsərlərinin çoxunu sobada yandırmaqla mənəvi etirazını bildirən Mirzə Cəlilin qızı da sovet ideologiyasının yaratdığı mənəvi-psixoloji sarsıntı, qorxu altında atası haqqında ətraflı danışmaqdan ehtiyatlanırdı. Bu da dövrün reallıqları idi. Heç şübhəsiz ki, Cəlil Məmmədquluzadə yaşasaydı, o da xalqının düşünən beyinlərindən biri kimi ailəsi ilə birgə bolşevik rejimi tərəfindən repressiyaya məruz qalacaqdı.
–Yuxarıda da qeyd etdiyimiz kimi, ədəbiyyatımızın mirzəsi şüur­larda, düşüncələrdə yeniliklər yaratmaqda təkcə sözün qüdrətinə arxalanmayıb. Bu mənada, ədibin Nehrəmdəki ictimai fəaliyyəti barədəki fikirləriniz də maraqlı olar.

– Görkəmli sənətkar, vətənpərvər ziyalı 1896-cı ildə ilk dəfə olaraq kənd məktəbində diyarşünaslıq muzeyini yaradıb. Nəzərə alsaq ki, Azərbaycanda ilk muzey Cümhuriyyət dövründə – 1919-cu ildə fəaliyyətə başlayıb, onda muzey yaradıcılığı da böyük ədibin adı ilə bağlıdır. O, Naxçıvan tarixi ilə bağlı olan bir çox maddi-mədəniyyət nümunələrini bu muzeydə toplaya bilmişdi. Bolşeviklərin hakimiyyətə gəlişi ilə həmin mədəniyyət müəssisəsinin də fəaliyyəti dayandırıldı. Kənd camaatının əməyini yüngülləşdirmək məqsədilə Tiflisdən ucqar əyalət kəndinə dəmir kotan gətirmişdi. Bundan başqa, fəaliyyətinin Nehrəm dövründə latın qrafikasına keçmək üçün təşəbbüs göstərib, bu məqsədlə Peterburqa gedərək “Novoe vremya” qəzetinin redaktoru ilə görüşüb. Ümumilikdə, onun məqsədi, amalı, sadəcə, xalqa xidmət, onun yaralarını sağaltmaq olub. Ömrünün hər dəqiqəsi, hər anı xalq üçün sərf olunub.
– Muzeydə qorunub saxlanılan eksponatlar və tarixi sənədlər, Mirzə Cəlilin 150 illik yubileyi ilə bağlı reallaşdırılacaq tədbirlər haqqında da oxuculara məlumat ­vermənizi də istərdik.
– Əvvəla, onu deyim ki, müstəqillik illərində muzey işinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb, fondları zənginləşdirilib. Bu işdə sakinlər də yaxından iştirak edirlər. Dahi demokratın müasir üslubda qurulan Xatirə Muzeyində isə ona aid geyimlər, asılqan, beşik, şamdan kimi əşyalar, eləcə də maarifçi-ziyalı Əziz Şərifin atası Qurbanəli Şərifzadə ilə yazışmaları saxlanılmaqdadır.
Mədəniyyət müəssisəsində Mirzə Cəlilin 150 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub. Fevral ayının 16-da muzeydə muxtar respublikanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə tədbir keçirilib. Belə tədbirlər ilboyu davam etdiriləcək.
Böyük ədib, yaradıcılığı ilə əsl vətənpərvərlik mücəssəməsi olan dahi Mirzə Cəlilin ruhunun yaşadığı, mənəvi irsinin təbliğ olunduğu muzeydən bu hisslərlə ayrılıram: O dövrdə qızları təhsilə cəlb etməklə böyük bir iradə, qətiyyət, vətəndaşlıq örnəyi nümayiş etdirən Cəlil Məmmədquluzadənin millətinin maariflənməsi ilə bağlı arzularını müstəqil dövlətimiz reallığa çevirib. İndi kənddəki 3 böyük məktəbdə ölkəmizin gələcəyi hazırlanır. Nehrəm ölkəmizin və muxtar respublikamızın ictimai-siyasi, mədəni həyatına tanınmış simalar bəxş etməkdədir. Zamanında Tiflisdən gətirilən dəmir kotana ümid bəsləyən nehrəmlilərin bu gün hər cür texnika və texnoloji avadanlıqları var. Vaxtilə müəllim işlədiyi Nehrəm kənd məktəbində muzey yaratmaq üçün Xalq Məktəbləri İdarəsi müdiriyyətindən yazılı müraciət edərək hansı çətinliklər hesabına icazə alan Mirzə Cəlilin bu gün kənddə müasir üslubda qurulan Xatirə Muzeyi fəaliyyət göstərir, zəngin ədəbi irsi təbliğ olunur. Bir sözlə, Nehrəm bugünkü inkişafı ilə qüdrətli qələm ustasının bir zamanlar arzuladığı, görmək istədiyi bir görkəmdədir.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR