25 Sentyabr 2020, Cümə

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənc­lərlə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov açaraq bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Belə bir tarixi ildə ­görkəmli şairin yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyat və yaradıcılığının, ideallarının muxtar respublika gənc­lərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkanlar açır.
Tədbirdə çıxış edən şairlər Əbülfəz Ülvi, Elxan Məmmədov və Ələsgər Nehrəmli bildiriblər ki, bədii dilin sadəliyi, aydınlığı və xəlqiliyi etibarilə İmadəddin Nəsimi lirikası sələflərindən və xələflərindən fərqlənir. Onun dərinmənalı şeirləri Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını, geniş imkanlara malik olduğunu nümayiş etdirir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük verib. Onun XIV-XV əsrlərdə yazılmış elə şeirləri vardır ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar.

Qeyd olunub ki, bu müsabiqənin keçirilməsi yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkar nümunəsində tərbiyə edilib Azərbaycançılıq ruhunda formalaşmasına göstərilən qayğı kimi qiymətləndirilməlidir. Çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Sonra müsabiqəyə start verilib, gənclər Nəsimi yaradıcılığına dair müxtəlif şeirlər səsləndiriblər.
20 gəncin iştirak etdiyi müsabiqədə gənclərin bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən “Hardasan” şeiri ilə Qızbəsti Quliyeva I, “İstəmə” şeiri ilə Gülay Tahirli II, Aytac Əliyeva isə yenə də “Hardasan” şeiri ilə III yerin qalibi adına, digər üç yerin sahibləri isə həvəsləndirici mükafatlara layiq görülüblər.
Qeyd edək ki, qaliblər fevralın 16-da “Nəsimi həftəsi” çərçivəsində təşkil olunacaq “Nəsimi kəlamının işığında” ədəbi-bədii gecədə mükafatlandırılacaqlar.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR