20 Fevral 2020, Cümə axşamı

Bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.
Fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Həftənin proqramına uyğun olaraq fevralın 12-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filminin nümayişi olub. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini 270 gənc izləyib.
Fevralın 13-də isə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi olub.

Vurğulanıb ki, şairin şah əsəri sayılan, on il ərzində ərsəyə gələn bu əsər 1976-cı ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Poemada – bu əsərə mənzum roman da deyirlər – Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, mənəvi aləmini aça bilib. Nəticədə, Qabilin “Nəsimi”sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilib. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır. Kitab müzakirəsində 20 gənc iştirak edib.
Dünən isə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyunda 6 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən I yeri “Buta”, II yeri “Zirvə”, III yeri isə “İstiqlal” komandası tutub.
Qeyd edək ki, qalib komandalar fevralın 16-da “Nəsimi həftəsi” çərçivəsində təşkil olunan “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecədə mükafatlandırılacaqlar.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR