22 Sentyabr 2020, Çərşənbə axşamı

Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov açaraq müstəqillik illərində Naxçıvan tarixi, mədəniyyəti və təbii sərvətlərinin öyrənilməsi sahəsində görülən işlərdən danışmış, 2018-ci ildə nəşr olunmuş kitabları və hazırlanmış sənədli filmləri bu sahəyə göstərilən dövlət qayğısı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılmış, avadanlıqlarla təmin olunmuş “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, eləcə də AMEA Naxçıvan Bölməsində və ali təhsil müəssisələrində mətbəələr istifadəyə verilmişdir. Yaradılan şərait imkan verir ki, hər il muxtar respublikada yeni tədqiqat materialları olan kitablar nəşr olunsun. Naxçıvanın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisində nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər 2018-ci ildə də davam etdirilmiş, 33 kitab və buklet nəşr olunmuş, 7 sənədli televiziya filmi hazırlanmışdır.

Sahir Rüstəmov nəşr olunmuş kitablar və çəkilmiş sənədli filmlər haqqında geniş məlumat vermişdir.
Sonra yeni kitablardan və sənədli filmlərdən ibarət sərgiyə baxış olmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli ­“Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” ­Sərəncamına uyğun olaraq Qarabağlar Türbə Kompleksi tarixi abidəsi bərpa olunmuş, türbədə geniş elmi-tədqiqat işləri aparılmışdır. Bu elmi tədqiqatların nəticəsi olaraq Azərbaycan tarixində xüsusi yeri və mövqeyi olan Qarabağlar türbəsi haqqında Azərbaycan, rus və ingilis dillərində hazırlanan­­ “Qarabağlar Türbə Kompleksi” kitabı çap olunmuşdur. Kitabın birinci səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamının mətni yerləşdirilib. 6 məqalə, 1 şeir, ədəbiyyat siyahısı və 33 fotoşəkildən ibarət olan kitabda Şərqin incisi, dünya əhəmiyyətli abidə olan Qarabağlar Türbə Kompleksinin tarixi, “Qarabağlar” sözünün etimologiyası araşdırılmış, Qarabağlar türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunmuş, türbə yaxınlığında olan tarix-memarlıq abidələri haqqında məlumat verilmişdir. Kitabda türbənin bərpadan əvvəl və bərpadan sonrakı şəkilləri, ayrı-ayrı hissələrinin memarlıq quruluşu yer almışdır. Kitab Şərq mədəniyyətinin incilərindən sayılan Qarabağlar türbəsi və bu qədim yaşayış məskəni haqqında məlumatları ətraflı öyrənmək baxımından qiymətlidir.
“Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərinin I cildinin tərcümə edilərək nəşr olunması islamşünaslığa böyük töhfədir. Təfsirdə hər surə üç hissədən ibarətdir: Kitabın əhəmiyyətli xüsusiyyətlərindən biri ayələri qısa söz və cümlələrlə təfsir etməsidir. Orijinala xələl gətirilmədən, elmi əsaslara söykənərək edilən tərcümə və tərcüməçinin bəzi mətləblərə gətirdiyi izahlar əsərin aydın şəkildə dərk olunmasına və mütaliəsinə imkan verir. Əsərin 676 səhifəlik I cildində müqəddəs kitabımızın 13 surəsi və onun ayələrinin şərhi verilib. Filosof­-mütəfəkkir Nemətullah Naxçıvaninin bu təfsiri müqəddəs kitabımızdakı hikmətləri daha dərindən dərk etmək baxımından olduqca əhəmiyyətlidir. Bu nəşr Naxçıvanın İslam mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Əsər Ali Məclis Sədrinin təşəbbüs və qayğısı ilə Azərbaycan xalqına yenidən qazandırılan Nemətullah Naxçıvani irsi haqqında gələcək fundamental tədqiqatlar üçün qiymətli elmi mənbədir. Yeni nəşr geniş oxucu kütləsi üçün də dəyərli bir töhfədir.
Ötən il nəşr edilmiş Naxçıvan Muxtar Respublikası Coğrafiyasının I cildi (Fiziki coğrafiya) Naxçıvan Muxtar Respublikası ərazisinin ­fiziki-coğrafi xüsusiyyətlərinə həsr olunmuşdur. Burada Naxçıvanın zəngin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi ən yeni elmi məlumatlar əsasında geniş şərh edilir, təbii ehtiyatların əhəmiyyəti qiymətləndirilir, bütün məlumatlar ümumiləşdirilərək Naxçıvan ərazisinin fiziki-coğrafi rayonlaşdırma sxemi təqdim edilir və ayrılmış hər bir fiziki-coğrafi sahəyə aid konkret məlumatlar verilir. Naxçıvan Muxtar Respublikası Coğrafiyasının II cildində isə (İqtisadi və sosial coğrafiya) muxtar respublikanın iqtisadi-coğrafi və siyasi-coğrafi mövqeyinin təhlili aparılmış, ərazinin formalaşmasının tarixi-coğrafi xüsusiyyətləri, təsərrüfatın inkişafının əsas mərhələləri tədqiq edilmişdir. Muxtar respublikada coğrafi adların yaranması, tarixi dövrlər ərzində dəyişməsi, onların yerli kökə malik olması faktlarla göstərilir. Həmçinin demoqrafik inkişaf, əhalinin sayı, təbii artımı, cins-yaş tərkibi, miqrasiya prosesləri tədqiq olunur. Sənaye və kənd təsərrüfatı sahələrinin inkişafının öyrənilməsi, həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sahələrdə mühüm nailiyyətlərin əldə edilməsinin təhlili kitabın elmi və praktik əhəmiyyətini daha da artırır.
“Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” kitabının yenidən nəşr edilməsi qədim diyarın başdan-başa türk-oğuz yurdu olduğunu bəyan edən elmi əsər kimi böyük əhəmiyyətə malikdir. “Kitabi-Dədə Qorqud”da adı birbaşa çəkilən toponimlərdən 60-a yaxınına Naxçıvan diyarında da rast gəlinməsi sübut edir ki, Naxçıvan ərazisi qədim oğuz torpağıdır. Beş min ildən artıq yaşı olan Naxçıvan şəhəri oğuzların ilk və əsas məskənlərindən biri olmuşdur.
Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılmış, tarix və mədəniyyət abidələri bərpa və tədqiq edilmişdir. 2018-ci ildə nəşr olunan “Naxçıvan hamamları”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan buzxanaları” kitabları da bu sahədə görülən işlərin əhəmiyyətini və ardıcıllığını göstərir. “Naxçıvan hamamları” kitabında türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri olan hamamlar haqqında bəhs olunur, dövrümüzə qədər gəlib çatmış Şərq, Yengicə, Ordubad və Şahtaxtı hamamları, həmçinin 2015-ci ildə istifadəyə verilmiş Şərq hamamı, onların quruluşu, memarlıq xüsusiyyətləri, inşa tarixləri ilə bağlı geniş məlumat verilir. “Naxçıvan türbələri” kitabında orta əsr Azərbaycan memarlıq abidələri içərisində xatirə tikintiləri – türbələr və Naxçıvan memarlıq məktəbi ənənələrini özündə yaşadan və inkişaf etdirən Hüseyn Cavid məqbərəsi haqqında oxuculara məlumat verilir. “Naxçıvan imamzadələri” kitabında muxtar respublika ərazisində olan ziyarətgahlardan Nehrəm, Parçı (Xanlıqlar), Naxçıvan imamzadələri, Düylün piri, tarixi Naxçıvanla bağlı olan Buğakar piri və imamzadələrin mahiyyəti, inşa tarixi haqqında bəhs olunur. “Naxçıvan buzxanaları” kitabında muxtar respublika ərazisində zəmanəmizədək gəlib çıxan buzxanalardan bəhs edilir və orta əsrlər zamanı soyuducu kimi istifadə edilmiş buzxanaların növləri, əhəmiyyəti, memarlıq xüsusiyyətləri, inşa tarixləri hazırda tarix-memarlıq abidələri kimi qorunub saxlanılması ilə bağlı məlumat verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı­­”na daxil edilən kitabların nəşri də 2018-ci ildə diqqətdə saxlanılmış, Nikolay Ostrovskinin “Polad necə bərkidi”, Yusif Balasaqunlunun “Qutatqu bilik”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: Şair-diplomat” kitabları yüksək tirajla nəşr olunmuşdur.
2018-ci il mayın 21-24-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş dördüncü beynəlxalq rəsm festivalı keçirildi, festival iştirakçıları dəyərli əsərlər yaratdılar. Bu əsərlərdən ibarət olan “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının ­albom-kataloqu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr edilib. Nəfis tərtibatda hazır­lanan kataloqda festivalda iştirak edən 63 rəssam haqqında qısa bio­qrafik məlumatlar və festivalda çəkilmiş rəsm əsərləri yer alıb.
2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə yadda qaldı. Bu əlamətdar hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşr olunmuş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” kitabında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış və bağlanış tədbirləri, Təşkilat Komitəsinin iclasları, keçirilən konfrans və elmi forumlar, “İslam filmləri həftəsi”, rəsm sərgiləri haqqında məlumat verilir. Həmçinin kitabda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”ə həsr edilmiş zərf və poçt markalarının, hazırlanmış gümüş medal və döş nişanının, nəşr olunmuş kitabların və əl işlərindən ibarət sərginin fotoları yer alıb.
Ötən il publisist-politoloq Reyhan Mirzəzadənin qələmə aldığı əsərlər toplanaraq “Rus klassikləri haqqında” və “Zəka məşəli” kitabları nəşr olunmuşdur. Bu kitablarda tanınmış yazıçı və pedaqoqların keçdiyi həyat yolu və yaradıcılığından geniş bəhs olunur.
Nəşr olunan kitablar arasında təhlil və analitik materiallar da diqqəti cəlb edir. “2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunlarının xülasəsi”, “2017-ci ildə Naxçıvanın arxeoloji tədqiqi”, eləcə də “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş 37-ci nömrəsi və azərbaycanlıların soyqırımına həsr olunmuş 36-cı nömrəsi, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan Muxtar Respublikasının muzeyləri”, “Keçid dövrünün beynəlxalq əlaqələri keçmiş Qərb dünyasında” kitabları da ötən il çap olunan dəyərli nəşrlərdəndir.
Bundan əlavə, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan Dövlət Televiziyası tərəfindən “Heydər Əliyev və Naxçıvan”, “Babək rayonu: dünən və bu gün”, “Rənglərin sehri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycanlıların soyqırımı”, Azərbaycan və ingilis dillərində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan”, “Naxçıvan mətbəxi” adlı filmlər hazırlanmışdır.
Nəşr olunmuş kitab və bukletlər, hazırlanmış sənədli filmlər muxtar respublikada tariximizin, mədəniyyətimizin və görkəmli şəxsiyyətlərimizin öyrənilməsinə, eləcə də elmi mühitin inkişafına mühüm töhfədir.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR