12 Avqust 2020, Çərşənbə

Deyirlər ki,  övladınıza gözəl adlar seçib qoyun, çünki ad sahibinin xarakterinə də, gələcək həyatına da təsir göstərir. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası Nurbəniz Niftəliyevanın həm nur bənizini, həm də onun yaratdığı obrazlarla son illər sənət aləmində öz sözünü deyən Naxçıvan teatrının səhnəsində bir nur kimi doğduğunu görənlər bu xanımın adını olduqca gözəl daşıdığını, ona, həqiqətən, layiq olduğunu etiraf edərlər.

Aktyorluq çox çətin bir peşədir. İnsanların qarşısına çıxmaq, onların diqqətini özünə cəlb etmək, səhvə yol verməmək, yaratdığın obrazı tamaşaçılara sevdirmək, bir sözlə, onları tamaşanın sonunadək teatr salonunda əyləşdirə bilmək istedad və böyük məharət tələb edir. Bütün bunlar Nurbənizdə olduğu üçün indi o, hər kəsin sevdiyi aktrisadır.
Nurbəniz Niftəliyeva 1984-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Kənd məktəbində orta təhsil alıb. Məktəbdə oxuduğu illərdə rayon mədəniyyət evində keçirilən mədəni-kütləvi tədbirlərin, şeir müsabiqələrinin ən fəal iştirakçılarından olub. Aktyorluq sənətinə yiyələnmək arzusunda olan Nurbənizə Şərur Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə yaxından köməklik göstərib, hətta onu qabiliyyət imtahanına belə, o hazırlaşdırıb.
Nurbəniz 2004-cü ildə Bakı Mədə­ni-Maarif Texnikumunun Kütləvi tədbirlərin rejissoru ixtisasına daxil olur. 2007-ci ildə texnikumu bitirib, elə həmin il də İrəvan Dövlət Azərbaycan Dram Teatrına aktrisa kimi işə qəbul olunur. Burada bir sıra obrazlara həyat verir.

2011-ci ilədək bu teatrda çalışan Nurbəniz elə həmin il Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin və Nəsimi Məmmədzadənin təklifi ilə Naxçıvana qayıdır və dram teatrda fəaliyyətə başlayır. 2014-cü il Nurbənizin həyatında iki əlamətdar hadisə baş verir. O, Prezident mükafatçısı olur və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Solo oxuma ixtisasına qəbul olunaraq ali təhsil almağa başlayır. Onsuz da gözəl səsi olan Nurbənizin həm bu sahədəki təhsili, həm də teatrda bir-­birindən maraqlı, rəngarəng rolları onu sənət dünyasının yollarında uğurlu bir yolçuluğa çıxarır. Nazim Hikmətin “Kəllə” əsərində Dolbanezonun qızı, Anton Çexovun “Russayağı evlənmə”sində Natalya Stepanovna, Əli Əmirlinin “Varlı qadın”ında Həvva, Çingiz Aytmatovun “Manqurt”unda Qazanqapın qızı, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”ində Qətibə, Nəriman Nərimanovun “Nadanlığ”ında Gülpəri, Hüseyn Cavidin “Xəyyam”ında Sevda, Moris Meterlinkin “Göy quş”unda Pişik, Mirzə Fətəli Axundzadənin “Kimyagər”ində Şərəfnisə və sair rollar aktrisanın obrazlar qalereyasını yaradır, onu yüzlərlə tamaşaçının sevimlisinə çevirir.
Əli Əmirlinin “Varlı qadın”ına tamaşa edənlər aktrisanın burada ikili xarakterli obrazın öhdəsindən böyük bacarıqla gəldiyini müşahidə ediblər. Həvvanın əvvəlki həyatında yoxsul, düşkün və miskinliyini, varlandıqdan sonra isə hiyləgər və özündənrazı halını böyük məharətlə canlandıran aktrisa məhz bu qabiliyyəti ilə ürəklərə yol tapıb. Nurbəniz, eyni zamanda bu illər ərzində Şərur Rayon Xalq Teatrının tamaşalarına da dəvət alır.
“Oxunması zəruri olan kitablar” silsiləsindən olan Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərinin səhnələşdirməsi teatrımızın boyük uğuru ilə yanaşı, həm də Nurbənizin sənət yolunda yeni bir qələbəsi olur. Əsərdəki Qətibə obrazı gənc aktrisanı Naxçıvan teatrının səhnəsində bir nur kimi parladan obraz olaraq yaddaşlara köçürür. Tamaşaya baxan və tamaşadan sonra aktyor heyəti ilə görüşən Ali Məclisin Sədri demişdir: “... Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu”.
Əksəriyyətinin quruluşçu rejissoru Tofiq Seyidov olan tamaşaların bir neçəsinə Nurbəniz ikinci rejissorluq da edib. O, həm də tamaşalara mahnı oxumaq və rəqs kimi əlavələri etməklə tamaşaçıların marağına səbəb olan yeniliklərin müəllifidir. Belə tamaşalardan birində, əsasən, gənc aktyor truppasının iştirak etdiyi “Xəyyam” da canlı ifa etdiyi üç mahnı onun gənc aktrisa kimi istedadını ortaya qoydu, gələcəyin məşhur sənət adamı olacağının müjdəsini verdi.
2015-ci ildə Gənclərin III Ümumrespublika Teatr Festivalında Nurbəniz Niftəliyeva “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olur. O, 2016-cı ildən həm də Naxçıvan Dövlət Uşaq Teatrında rejissor kimi fəaliyyətə başlayıb. Onun bu teatrda da yaddaqalan rolları və quruluş verdiyi tamaşalar var. Öz istedad və bacarığı ilə uşaqların sehrli aləminə təmas edə bilən bu xanım teatrda Abdulla Şaiqin “Danışan kukla” əsərində Şahzadə, teatrın 10 illik yubileyi münasibətilə hazırlanan Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərində balaca Şahzadə obrazını məharətlə yarada bilib. Həmçinin Nurbəniz “Balaca Şahzadə”nin, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə dramaturqun “Çay dəsgahı” pyesinin motivləri əsasında hazırlanaraq bu günün çay dəsgahını əks etdirən tamaşanın, Həsənəli Eyvazlının “Nadan xoruz”, Əli Səmədovun “Meşə çaqqalsız olmaz”, Bayram İsgəndərlinin “Özgəyə quyu qazan” səhnə əsərlərinin quruluşçu rejissoru olub. Gənc rejissor həm də Novruz, Yeni il şənliklərində və müxtəlif əlamətdar günlərlə bağlı uşaqların iştirakı ilə səhnələşdirilmiş tamaşalara quruluş verir. Onu da vurğulamaq yerinə düşər ki, teatrın Naxçıvan Uşaq Bərpa Mərkəzi ilə birgə layihələrinə əsasən sağlamlıq imkanları məhdud uşaqlar da tamaşalarda rol alırlar. Bu da onların cəmiyyətə inteqrasiyasına xeyli kömək edir. “Meşə çaqqalsız olmaz” və “Özgəyə quyu qazan” tamaşaları tamamilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırlanıb.
Həm Naxçıvan Dövlət Universitetində, həm də Musiqi Kollecində müəllim kimi də fəaliyyət göstərən Nurbəniz deyir ki, orta məktəb illərindən uşaq teatrına cəlb olunan uşaqlar var ki, indi onlar artıq gəncdirlər, adıçəkilən təhsil ocaqlarını bitirənlər də, hazır­da təhsil alanlar da var. Həmin gənclərdən Uğur Nəsirli, Heyran Abdullayeva, Vəli Babayev və Mehri Nəbiyeva hazır­da Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərirlər.
“Aktyor, rejissor… Bax bunlar sizin üçün nə deməkdir. Həm də bəzən bu iki yaradıcı işin öhdəsindən bir arada gəlmək sizə çətin olmurmu?” suallarımın cavabında gənc aktrisa deyir: – Aktyorluq yaradıcı, həm də çətin bir peşədir. Sənə tapşırılan obrazı öyrənməlisən, onun haqqında dərin anlayışın olmalıdır. Sən o rolu hökmən yaşamalısan. Məhz belə olarsa, tamaşaçıya rolunu sevdirə, onun məmnunluğunu qazana bilərsən. Rejissorluq isə deyərdim ki, aktyorluqdan qat-qat çətindir. Əgər tamaşada rol almısansa, tək özünə cavabdehsən, lakin rejissorluq edirsənsə, bütün yaradıcı kollektivin cavabdehi sənsən. Qaldı ki, bir tamaşada həm aktyor kimi rol almağa, həm də ona rejissorluq etməyə, bu, daha çətin və məsuliyyətlidir.
10-dək səhnə əsərində rejissor-aktrisa kimi birgə çalışdıqları rejissor Tofiq Seyidovun da Nurbənizin aktyorluq məharəti ilə bağlı fikirlərini öyrəndim. O deyir: “Nurbəniz, ilk növbədə, məsuliyyətli insandır. Verilən obrazı dərindən öyrənən, məşqlərə vaxtında gələn, bir sözlə, rejissorun istəyini, qurduğu səhnənin məğzini tutan aktrisadır. Onun xarici görkəmi, səsi, mahnı ifası, rəqsləri tamamilə səhnənin tələblərinə uyğundur. Düşünürəm ki, Nurbəniz Naxçıvan teat­r­ının tarixinə adını yazdıra bilən sənətkarlardan olacaq”.
Bəzən kino və teatrdan söhbət düşəndə sənət korifeylərimiz haqqında deyirlər ki, bir də Azərbaycan səhnəsinə Leyla Bədirbəylilər, Hökumə Qurbanovalar, Amalya Pənahovalar, Zəroş Həmzəyevalar, Sofiya Hüseynovalar gəlməyəcək. Mən bu fikirlərlə heç cür razılaşmıram. Nə üçün məsələyə ümidsiz yanaşırıq, nə üçün gəncləri onların davamçıları kimi görmürük? Axı onlar da qədim mədəniyyətin beşiyi olan bu Vətənin övladlarıdır. Elə söhbəti müsahibimin – Nurbənizin üzərinə gətirib demək istəyirəm ki, bu aktrisanın səhnə mədəniyyətində, emosionallığında və yaratdığı obrazlarda – Həvva, Sevda, Qətibədə mən mərhum aktrisamız Amalya Pənahovanın gəncliyini görürəm. Və ümidvaram ki, Nurbəniz haqqında da bir gün sənətdə öz sözünü demiş aktrisalar haqqında deyilənlərin eynisi söylənəcək.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR