23 Yanvar 2020, Cümə axşamı

Yazının sərlövhəsini əbəs yerə belə seçməmişəm. Bu yaxınlarda Bəhruz Kəngərli Muzeyində olarkən rəssamın əsərləri qarşısında heyranlıqdan gəldiyim qənaət belə oldu: Yaş 30, baxış 60. Bəli, cəmi 30 il bu gəlimli-gedimli, bir ucu ölümlü dünyanın qonağı olan, ömür pəncərəsindən həyatı, sadəcə, bir qərinədən də az seyr edən rəssamın zamana baxışının, dünyagörüşünün yaşı 60, hələ, bəlkə də, bundan çox olub. Sözsüz ki, Bəhruz bəy Kəngərlinin əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Hələ üstəlik onun 30 səhifəlik ömür kitabını vərəqləyib, bu üç onilliyin birini onun uşaqlığına çıxanda, yerdə qalan illərdə bu qədər, həm də bir-birindən gözəl, qeyri-adi əsərlərin yaranmasını  zamanın ömrə, yoxsa ömrün zamana sığdırması qarşısında heyrət etməyə bilmirsən. Düşünürsən ki, bu, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad ola bilər.    

Nədənsə, rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Lakin Bəhruz bəy rəssamlığa yeniliklər gətirdiyi kimi, özü də bir çox rəssamlardan fərqli ömür sürdü. Bir əsrdən artıqdır ki, o, qəlblərdə öz gənc portreti ilə yaşayır. İndiyədək çox rəssamların əsərlərinə baxıb, onların yaradıcılığı ilə tanış olub, fəaliyyəti haqqında oxumuşuq. Yaradıcılığa, adətən, kiçikhəcmli əsərlərlə başlayan, gənclikdə daha asan mövzulara toxunub, daha sonralar, yəni püxtələşdikcə fırçasını abidələr, tarixi məkanlar, portretlər yaratmaqda sınayan rəssamları tanımışıq. Lakin Bəhruz bəy yaradıcılığa elə böyük əsərlərlə başlayıb. Onun “Möminə xatın türbəsi”, “İmamzadə”si, “Şəhər məscidi”, “Əshabi-Kəhf”i, “Nuhun qəbri”, həqiqətən də, öz dövrünün gəncliyində fərqli bir gənc olduğundan söhbət açır. Bu rəsmlərdəki çalarlar, rəng keçidləri heç də hər gəncin duyub, düşündükləri ola bilməz. Sözsüz ki, rəssamın abidələrlə zəngin şəhərin – Naxçıvanın sakini olması da onun yaradıcılığını başqalarından fərqləndirib, əlinə fırça alandan ətrafında gördüklərini rəsmlərə köçürməsinə səbəb olub. Elə illərdir ki, diyarımızda tarixi abidələrin bərpasında orijinal görüntü olaraq Bəhruz bəyin əsərlərinə istinad olunur.

Budur, rəssamın sulu boya ilə çəkdiyi “Qaçqınlar” silsiləsindən olan 30-dək əsəri – “Qaçqınlar”, “Ayaqyalın qadın”, “İki qaçqın qız” və sair... 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlərdə üzlərdəki kədər, doğma ocaq yanğısı necə də poetik çalarlarla əks olunmuşdur! Sanki rəsmlər dil açıb qaçqınlıq acısından, torpaq həsrətindən danışacaq. Bir-bir baxıb keçdiyim bu rəsmlər mənə sanki bir film təsiri bağışlayır.
Sözsüz ki, hər bir rəssamın əsərləri onun dünyagörüşünün, bu həyatı necə gördüyünün, bəzən görmək istədiyinin əksidir. Bəhruz bəyin realist rəssam kimi yetişməsi də, təbii ki, onun həyat hadisələrinə düzgün yanaşmasından doğub. Və onu Azərbaycan rəssamlığına realizmi gətirən Bəhruz bəy Kəngərli kimi bu sənətin tarixinə həkk edib. Hadisələrə ahıl bir insanın gözü ilə baxıb, gənc bir adamın enerjisi ilə gecəsini gündüzünə qatıb yaratdığı saysız əsərlərin müəllifinin 22 yaşlı rəssam olması insanda heyrət doğurur. 1914-cü ilin iyununda Naxçıvanda açılan bu əsərlərdən ibarət ilk böyük sərgisindəki tamaşaçı heyranlığı “İqbal” qəzetinin onun haqqında bu cümləni yazması ilə nəticələndi: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
Tək realizmmi? Bəhruz bəyportret və mənzərə janrlarında da gözəl rəsm əsərləri yaratmışdır. Onun portretlərinə diqqətlə baxanda özünü sanki canlı insanlarla qarşı-qarşıya durubmuş kimi hiss edirsən. Kömürlə işlədiyi akademik əsərləri və portretləri isə adama möcüzəvi təsir bağışlayır, ağ kağızın üzərində qara kömürlə müxtəlif obrazlar yaratmağın çətinliyi insan zəkasının nələrə qadir olduğundan “söhbət açır”. “Nəhəcir dağları”nın, “Ağrı dağı”nın, “Haçadağ”ın, ümumilikdə isə “Dağlar”ın füsunkarlığı, “Ağaclar”ın, “Bahar”ın, “Payız”ın göz­oxşayan, könülaçan mənzərələri qarşısında heyrət edirsən. Mənzərələrdəki rəng seçimi, təbiilik bir insanın təbiətə necə bağlılığının, onu duyduğunun, hiss etdiyinin göstəricisidir.
“Naxçıvan toyu” bir əsr bundan əvvəlki toylarımızın bugünkülərə nümunə olan mənzərəsini, buradakı milli geyimlər, zinət əşyaları, çalğı alətləri, rəqslər qədim diyarımızın zəngin mənəvi irsini ortaya qoyur. “Naxçıvan gözəli” bu yurdun təbii, boyasız gözəllərindən, “Naxçıvan çaparı” igid, ər oğullarımızdan “danışır”.
2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə açılışı olan Bəhruz Kəngərli Muzeyində rəssamın sərgilənən əsərlərindən 61-i orijinaldır. Bundan başqa, muzeydə onun yaradıcılığı boyu cızıb, yəqin ki, sonralar rəsm əsərlərinə çevirmək istəyində olduğu 109 eskiz də yer alır. Bu eskizlər də onun əsərləri qədər dəyərlidir. Diqqət­çəkən məqamlardan biri rəssamın sərgilənən əsərləri arasında “Yatmış uşaq” silsiləsindən olan 30-dək rəsmdir. Müxtəlif fonlarda, vaxtlarda çəkilmiş bu rəsmlər sirli məqamları ilə insanı düşünməyə vadar edir. Nə üçün bu qədər yuxuda olan uşaq rəsmi, məsum görüntü? Çox düşünürəm və belə qənaətə gəlirəm ki, bu rəsmlər, bəlkə də, rəssamın duyğularında yaşatdığı övlad həsrətindən doğubmuş?..
Bəhruz Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. O, Naxçıvan teatrında səhnəyə qoyulan 60-dək əsərə, o cümlədən “Ölülər”, “Hacı Qara” , “Pəri-cadu” tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.
Bəhruz bəyin füsunkar əsərlərinə tamaşa edə-edə ümummilli liderimiz Heydər Əliyevin rəssam haqqında söylədiyi fikirləri xatırlayıram: “Bəhruz bəy Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir”.
Naxçıvanda istedadlı insan, unudulmaz şəxsiyyətlərdən biri kimi Bəhruz bəy Kəngərliyə də layiq olduğu yüksək dəyər verilib. Naxçıvan şəhərində rəssamın adını daşıyan muzeyi və bir zamanlar sərgisi açılan yerdə Rəssamlar Parkı yaradılıb. Rəssamlar Birliyində Bəhruz Kəngərli adına Sərgi Salonu açılıb. Əsərlərinin tam külliyyatı albom-kataloq şəklində hazırlanıb, haqqında sənədli film çəkilib. Şair-dramaturq Adil Babayevin rəssama həsr etdiyi “Yarımçıq şəkil” pyesi tamaşaya qoyulub. 120 illik yubileyinə həsr olunan zərf və marka buraxılıb. Məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb və sair. Bəhruz bəy Kəngərlinin adının əbədiləşdirilməsi və irsinin öyrənilməsi ilə bağlı bütün bu işlərin müəllifi olan Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Əgər Əcəmi Naxçıvani Azərbaycan memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz bəy Kəngərli də Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır”.
Muzeydə rəssamın əsərləri ilə yanaşı, naxçıvanlı rəssamların Bəhruz bəyi düşündükləri, xəyallarında canlandırdıqları kimi portretləşdirdikləri əsərlər də sərgilənir. Rəssama, onun əsərlərinə olan sevgi xalçaçı rəssam Aynurə Əsədullayevanın “Bəhruz Kəngərli dünyası” adlı əsərində isə daha özünəməxsus şəkildə ifadə olunub. Bəhruz bəyin 1911-ci ildə işlədiyi avtoportretinin və onun ətrafında əsərlərinin də ilmə-ilmə xalçaya köçürülməsi rəssama sevginin, əsərlərinə heyranlığın təzahürüdür. Muzeydə sərgilənən kitablar da rəssamın həyat və yaradıcılığının öyrənilməsinə əvəzsiz töhfədir.
Muzeydən Bəhruz bəyin qısa, lakin zəngin ömür yolunun, bənzərsiz yaradıcılığının təəssüratları ilə ayrıldım. Yolboyu bir zamanlar çox istedadlı, lakin bir o qədər də sadə insan olan İohann Sebastyan Baxın şagirdinin onun məzarı üstündə söylədiyi fikirləri xatırlayıram: “Bizim qoca o qədər sadəürəkli idi ki, dahiliyinin qiymətindən xəbəri yox idi. Dünyanın tanıyıb onu anlaması üçün aradan, bəlkə də, əsrlərin keçməsi lazım olacaq”.
Bəli, əsrlər sonra Bax musiqisi qarşısında bütün Avropa “diz çökdü”. Düşünürəm ki, Bəhruz bəy Kəngərli yaradıcılığının sirli məqamları bir gün tamamilə tədqiq olunarsa, onun 2 mindən çox itmiş əsəri tapılıb ortalığa çıxarılarsa, bu əsərlər qarşısında isə Qoca Şərqin “diz çökəcəyi” sözsüzdür.
Beləcə, Bəhruz bəy Kəngərlinin əsərləri ilə tanış olandan və onlara doyunca tamaşa edəndən sonra mən də riqqətə gəlib bir portret yaratmaq istədim, lakin fırça və rənglərlə deyil, qələm və sözlə. Buna nə dərəcədə nail olduğumu deyə bilməsəm də, “Yaşlanmamış yaşlı” adlı bir portret yaratdım...

 Mətanət MƏMMƏDOVA

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR