21 Yanvar 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyində olub.
Tədbir iştirakçılarına muzey haqqında məlumat verilərək bildirilib ki, bu mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Muzeydə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar nümayiş olunur. Azərbaycanda səhiyyənin, təhsilin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında Şahtaxtinskilər nəslinin xüsusi yeri və böyük rolu olub. Son iki əsr ərzində Azərbaycanın elmi və ictimai-siyasi mühitinə tanınmış diplomat, dövlət xadimi, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtinski, tanınmış dövlət xadimlərindən biri Həmid ağa Şahtaxtinski və digər şəxsiyyətlər bəxş edib.

Vurğulanıb ki, iki ekspozisiya, iki yardımçı otaq olan muzeydə 151 eksponat nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtinskinin anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli, “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 2010-cu il 9 fevral tarixli sərəncamları muzeyin ekspozisiyasında sərgilənir. Şahtaxtinskilər haqqında məlumatlar, onların nəsil şəcərəsi, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun təəssürat yaradır. Bildirilib ki, Ali Məclis Sədrinin tapşırığına əsasən 2017-ci ildə muzeydə yenidənqurma işləri aparılıb, ekspozisiya zalı tamamilə yenidən qurulub, fond otağı yaradılıb, eksponatların ayrı-ayrı guşələr üzrə nümayişi təmin edilib. Muzeyin guşələrində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskinin, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtinskinin, Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, Azərbaycan parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinskinin, görkəmli rəssam Elmira Şahtaxtinskinin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, bu nəslin görkəmli nümayəndələrinin kitabları, eləcə də rəsm əsərləri toplanıb. Muzeydə diplomat Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları və fotoşəkillər, Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmməd­əmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya və digərləri haqqında məlumatlar da yerləşdirilib. Həmçinin ekspozisiyada Şahtaxtinskilərə həsr olunmuş televiziya filmləri, Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə bağlı hazırlanmış poçt markaları və zərflər də nümayiş etdirilir.

Səadət ƏLİYEVA

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR