22 Yanvar 2020, Çərşənbə

Naxçıvan hər zaman özünün tarixi, mədəniyyəti, yetirdiyi görkəmli şəxsiyyətləri ilə tanınıb. Son illərdə şəhərimizə yolu düşən qonaqlar da Naxçıvanın gözəlliyindən ağızdolusu danışır, bu qədim diyarın hər bir yaradıcı insan üçün ilham mənbəyi olduğundan bəhs edirlər. Bu günlərdə belə yaradıcı insanlardan biri ilə şəhərimizdə aparılan çəkilişlər zamanı görüşüb söhbət etdik. Şəhərimizin budəfəki qonaqları Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova, çəkiliş heyəti və 9 yaşlı tələbəsi Həsən Əliyevdir.

Naxçıvana səfərinin sevincini bizimlə bölüşən Əməkdar artist deyir ki, qədim diyara bundan öncə də gəlib. Qayıdanda Bakıda hər kəsə demişəm ki, istəyirəm köçüm Naxçıvanda yaşayım. Yəni bu qədər sevmişəm bu şəhəri, buradakı sakitliyi, səliqə-sahmanı, nizam-intizamı... Bu şəhər mənim qəlbimi oxşayır, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı insana zövq verir. Təbii ki, Naxçıvandakı bu gözəlliklər muxtar respublika rəhbərinin zəhmətinin bəhrəsidir.
Aybəniz Haşımovadan səfərin məqsədini soruşduqda bunları dedi:
– Gəlişimizin məqsədində dahi Hüseyn Cavid, onun sevgisi dayanır və uzun illər ürəyimdə yaşayan bir arzu gerçəkləşir. Muxtar respublika rəhbərinə minnətdaram ki, bu arzumuzun gerçəkləşməsi üçün bizə belə bir şərait yaratdı. Məqsəd Fikrət Əmirovun dahi Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindən olan misralarına bəstələdiyi “Kor ərəbin mahnısı”na klip çəkməkdir. Mən bu layihəni yetirməm, 9 yaşlı Həsən Əliyevin üzərində qurmuşam və məqsədim də, arzum da Cavid əfəndini, onun həyatını məhz klip formasında az da olsa, göstərməkdir.
Qeyd edək ki, yeni klipin çəkilişləri böyük ədibin şəhərimizdəki ev-muzeyində və türbəsində aparılıb. Təbii ki, indiyədək bu mahnıya müraciət edənlər çox olub və kliplər də çəkilib. Ancaq Aybəniz xanımın sözlərinə görə, bu klip tam fərqli olacaq. Onun ana xəttini Cavid əfəndinin öz obrazı təşkil edəcək. Aybəniz xanım deyir ki, Cavid əfəndinin bütün həyatı 9 yaşlı Həsənin gözlərində canlanacaq. Bu, onun baxışı və körpə ürəyi ilə reallaşacaqdır. Klipin fərqi ondadır ki, orada ancaq Hüseyn Cavid olacaqdır. Özünüz görmüsünüz, digər kliplərdə müxtəlif şah obrazlarını, şahın sarayında baş verən hadisələri canlandırıblar. Ancaq burada tam əksinə, baş rolda səma şairinin özü olacaqdır. Klipin çəkilişində nadir arxiv lentlərinə müraciət edilib. Cavid əfəndinin cənazəsinin Naxçıvana gətirilməsi, onun doğma torpağında dəfn olunması, ulu öndərin tapşırığı ilə Naxçıvanda məqbərəsinin ucaldılması da klipdə öz əksini tapıb. Mən inanıram ki, klipi izləyən bütün insanlar təsirlənəcək. Çünki Azərbaycanda ilk hadisədir ki, 9 yaşlı uşaq Hüseyn Cavidin sözlərinə bəstələnmiş bu məşhur əsəri ifa edir.
İstedadlı ifaçı balaca Həsənin də təəssüratlarını bizimlə bölüşməyini istəyirik. O deyir:
– Bu gün Naxçıvana gəlmişik. Mən çox xoşbəxtəm ki, Hüseyn Cavidin Vətənindəyəm və bu əsəri ifa edirəm.
Qeyd edək ki, ötən bazar günü axşam saat­larınadək davam edən klipin çəkilişləri şəhərimizdə bir neçə ünvanda, eləcə də Əshabi­-Kəhf ziyarətgahına gedən yolun kənarlarında aparılıb.

 Gülcamal TAHİROVA

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR