21 Yanvar 2020, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2018-ci il ərzində əlamətdar və tarixi günlərlə bağlı 652 tədbir olmaqla, ümumilikdə, 4520 müxtəlif mədəniyyət tədbiri keçirilib, 588 sərgi təşkil edilib. Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyət­lərin yubileylərinin, tarixi və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılıb.
Vurğulanıb ki, ilin mühüm mədəniyyət hadisələrindən biri də “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına salınmasıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı isə mədəniyyətimizə göstərilən daha bir diqqət və qayğının bariz ifadəsidir.
Mart ayının 17-dən 27-dək “Şərur” Xalq Yallı Ansamblı Türkiyənin Kastamonu şəhərində keçirilən “Kastamonu – 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində müxtəlif yallı nömrələri ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Heydər Əliyev Sarayında konserti olub, Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti təşkil edilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” mədəniyyət ilinə həsr olunmuş müxtəlif xarakterli tədbirlər davamlı olaraq təşkil edilib. Belə ki, mədəniyyət ilinə həsr olunmuş 263, bu deviz altında 2509 olmaqla, ümumilikdə, 2772 tədbir keçirilib.
20 iyun tarixdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış mərasimi, dekabrın 15-də isə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında bağlanış tədbiri olub. Bu əlamətdar hadisə ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti olub, “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” keçirilib.
Mədəniyyət naziri diqqətə çatdırıb ki, bəhs olunan dövr ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatı məhsulları”, “Milli geyimlər” festivallarında nazirliyin tabeliyindəki müxtəlif mədəniyyət kollektivləri rənga­rəng konsert proqramı ilə çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı müvafiq ixtisasların tələbələri üçün 13 açıq dərs və 1 dəyirmi masa, 1 konfrans, 21 ustad dərs, ali və orta ixtisas təhsili müəssisələrində 6 kitab müzakirəsi keçirilib.
Nazir bildirib ki, hesabat dövründə 14 yeni tamaşa hazırlanıb, xalq teatrları tərəfindən 18 tamaşa oynanılıb. Filarmoniyanın kollektivləri il ərzində müxtəlif dövlət tədbirlərində, festivallarda və yay konsertlərində iştirak edib. Ötən ilin iyun-sentyabr aylarında Naxçıvan şəhərinin park və meydanlarında 9 konsert təşkil edilib, 8 “Xalq yaradıcılığı günü” keçirilib.
Hesabat dövründə muzeylərdə 8 eksponat təqdimatı keçirilib, mədəniyyət müəssisələrinə 1564 ədəd eksponat daxil olub. 2018-ci ildə muzeyləri, ümumilikdə, 592 min 683 tamaşaçı ziyarət edib ki, onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşdır.
Ötən il Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin saytları fəaliyyətə başlayıb, Mədəniyyət Nazirliyinin yeni www.nmn.az saytı yaradılıb.
Qeyd olunub ki, hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Bu dövrdə kitabxanalarda 957 mədəni-kütləvi tədbir keçirilib.
Bildirilib ki, hesabat dövründə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə 10 nəfər Prezident mükafatına, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi”, 4 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 4 nəfər “Tərəqqi” medalına layiq görülüblər.
Natəvan Qədimova çıxışının sonunda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bundan sonra da qədim diyarımızda mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında nazirliyin 2019-cu il üçün iş planları təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR