25 May 2020, Bazar ertəsi

Yurdumuza sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirən daha bir ilimiz də beləcə gözəl notlarla sona yetdi, nurlu sabahlara aparan yeni ilə qədəm qoyduq. Bayram günləri muxtar respublikanın bütün sakinləri xoş, mənalı istirahət etmək ­imkanı qazandılar. Ayrı-ayrı müəssisələr tərəfindən keçirilən bayram tədbirləri, xüsusilə balacaların yaddaşına maraqlı anlarla yazıldı.
Yanvarın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında keçirilən Yeni il bayramına həsr edilən konsert pro­qramı uşaqlar üçün xüsusilə yadda­qalan olub. Əvvəlcə tədbirin aparıcısı bildirib ki, 2018 naxçıvanlıların yaddaşına unudulmaz, xoş duyğularla dolu il kimi həkk edilib. Yola salınan il bir daha göstərib ki, on illər ərzində bu qədim türk yurdu böyük tərəqqi yolu keçib, dünyanı heyran edən diyara çevrilib. Bu gün muxtar respublika nail olduğu intibah mərhələsinin zirvəsindədir. Ötən il əldə olunan nailiyyətlər 2019-cu ilin daha da uğurlu olacağını deməyə əsas verir.
Daha sonra bayram konsertinə uşaqların sevimlisi olan Şaxta baba və Qar qız gəlib, onlar məktəbliləri təbrik edib, balacalar Vətənə, xalqa həsr edilən şeirlər söyləyiblər. Ən yaxşı şeir deyənlərə hədiyyələr verilib. Mərkəzin “Əlvan çiçəklər” vokal və rəqs qruplarının, “Nağara” və “Qarmon” ansambllarının, eləcə də istedadlı dərnək üzvlərinin ifasında nümayiş olunan biri-birindən maraqlı rəqs və musiqi nömrələri uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

Bayram günlərində mədəniyyət müəssisələrində də müxtəlif tədbirlər keçirilib. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 2018-ci il dekabrın 30-dan 2019-cu il yanvarın 3-dək əyləncəli tamaşa ilə balacaların görüşünə gəlib. Bəhs edilən günlərdə müəllifi Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov olan “Cırtdanın yeni il qonaqları” tamaşası göstərilib. Teatrsevərlər tamaşada Cırtdanın digər nağıl qəhrəmanları ilə dostluğunun şahidi olublar. Yeni tamaşa Azərbaycan folklorunun əsasında hazırlanıb, göstərilən şən və maraqlı səhnələr uşaqlara böyük sevinc bəxş edib.
Naxçıvan Dövlət Uşaq Teatrı da bayram günlərində balacalara maraqlı tamaşa təqdim edib. Teatrsevərlər Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun müəllifi olduğu “Qar qızı axtarırıq” tamaşasına baxıblar. Tamaşada uşaqlar yeni il şənliyinə tələsən Qar qızın başına gələn qəribə sərgüzəştlərlə tanış olublar. Nikbin sonluqla başa çatan tamaşa şən mahnıları ilə uşaqlara xoş ovqat bəxş edib.
Yeni il bayramı ilə əlaqədar Naxçıvan Dövlət Film Fondunda da uşaqlar üçün maraqlı cizgi filmləri nümayiş olunub, balacalar doyunca əylənmə imkanı əldə ediblər.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının təqdim etdiyi səhnəciklər, şən mahnılar valideynləri ilə birgə şəhər gəzintisinə çıxan uşaqlarda xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi yaradıb.

 Nail ƏSGƏROV
Əli RZAYEV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR