15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra qonşu Şərq və Avropa ölkələrindən Naxçıvana gələn çoxsaylı qonaqlar ölkəmizdə tarix və mədəniyyət abidələrinə göstərilən yüksək diqqət və qayğının şahidi olurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınıb. Həmin abidələr tədqiqata cəlb edilib, onlarla abidənin təmir və bərpa işləri müvəffəqiyyətlə başa çatdırılıb.

 

Bu il Duzdağ mədənləri tədqiq edilib, Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar olunub. Daş alətlərin keramikanın yayıldığı zonalar üzrə bölüşdürülməsi göstərir ki, bu zonalar başlıca olaraq Son Eneolit və Erkən Tunc dövrlərinə aid keramikanın konsentrasiya olunduğu ərazilər ilə uyğun gəlir. Bu faktlar daş alətlərin daha çox tarixəqədərki dövrün son mərhələsində istifadə olunduğunu ehtimal etməyə imkan verir. Aparılan araşdırmalar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.
Tədqiqata cəlb edilən abidələrin bir qrupu qədim Kültəpə yaşayış yeri ətrafındadır. Azərbaycan arxeologiyasında Eneolit abidəsi kimi tanınan bu yaşayış yerindəki qazıntı sahəsində 2018-ci ildə aparılan tədqiqatlar xam torpağa çatana qədər davam etdirilib, Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi-­arxeoloji əsaslarla tam dəqiqləşdirilib. Bu il, həmçinin I Kültəpə yaşayış yeri ətrafında 2010-2013-cü illərdə aparılan arxeoloji araşdırmalar zamanı aşkar olunan Eneolit dövrü yaşayış yerlərinin tədqiqi də davam etdirilib. Tədqiqatlar göstərir ki, Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçmə maldarlıqla məşğul olublar. Köçmə maldarlıq insanların müxtəlif faydalı qazıntılar, o cümlədən mislə tanışlığına gətirib çıxarıb. Kültəpə ətrafındakı abidələrin tədqiqi ölkəmizin qədim sakinlərinin miqrasiyasının arealını, onların qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verir.
Kültəpə yaşayış yerində və onun ətrafında aparılan araşdırmalar iqlim dəyişiklikləri ilə əlaqədar qədim insanların yaşayış yerlərini dəyişməyə məcbur olduğunu göstərir. I Kültəpə yaşayış yerində həyat eramızdan əvvəl VII minilliyin ortalarından başlayaraq VI minillikboyu davam etsə də, eramızdan əvvəl V minillikdə burada həyat kəsilmişdir. Kültəpədən tapılan bəzi keramika məmulatları eramızdan əvvəl V minillikdə burada həyatın epizodik xarakter daşıdığını, daim məskunlaşma olmadığını göstərir. Bununla belə məlum olur ki, eramızdan əvvəl V minilliyin birinci yarısında Kültəpə ətrafında yaşayış davam edib. Uzunoba, Uçan Ağıl və Naxçıvantəpə yaşayış yerlərində aparılan araşdırmalar zamanı eramızdan əvvəl V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri əldə edilib. Sirabçay vadisində yerləşən Uçan Ağıl, Naxçıvançay vadisində yerləşən Uzunoba və Naxçıvantəpə yaşayış yerlərinin araşdırılması eramızdan əvvəl V min­illiyin əvvəllərində qədim insanların çay vadilərinə daha yaxın ərazidə məskunlaşdığını göstərir ki, bu da iqlim dəyişilmələri, daha doğrusu, quraq iqlimlə bağlı ola bilərdi.
Yaşayış yerlərinin tədqiqinə əsasən demək olar ki, uzun müddət davam edən quraqlıq mülayim və yağmurlu iqlimlə əvəz olunub, daşqınlar baş verib. Bəzi yaşayış yerlərinin üzərinin qalın lil qatı ilə örtülməsi, vadidəki yaşayış yerlərində həyatın kəsilməsinə səbəb də böyük ehtimalla bu iqlim dəyişikliyi olub.
I Kültəpə və onun ətrafında yerləşən Uzunoba, Uçan Ağıl və Naxçıvantəpə yaşayış yerlərinin tədqiqi Cənubi Qafqazın Son Neolit və Son Eneolit mədəniyyətləri arasındakı boşluğu doldurmağa imkan verir. Belə ki, indiyədək Cənubi Qafqazda aparılan araşdırmalar zamanı Son Neolit təbəqəsinin üzərində Son Eneolit təbəqəsinin olduğu müəyyən edilib. Ümumiyyətlə, eramızdan əvvəl V minilliyin birinci yarısı ilə tarixlənən abidələr Cənubi Qafqazda indiyədək aşkar olunmayıb. 2016-cı ildə I Kültəpədə aparılan araşdırmalar zamanı Son Neolit təbəqəsində Son Eneolit qəbirlərinin aşkar olunması eramızdan əvvəl IV minilliyin əvvəlində bu yaşayış yerindən qəbiristanlıq kimi istifadə edildiyini göstərir.
Naxçıvançay vadisində yerləşən Naxçıvantəpə abidəsinin araşdırılması Naxçıvanın Dalma təpə mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu göstərir. Naxçıvantəpə abidəsinin tədqiqi, həmçinin Mil və Qarabağ düzlərindəki mədəniyyətlərin mənsubiyyət və dövrünü müəyyən etmək üçün əhəmiyyətli oldu. Bu il, həmçinin Uçan Ağıl yaşayış yerində tədqiqatlar davam etdirilib. Bu yaşayış yeri Araz çayı vadisini Sirab dağlarının ətəkləri ilə birləşdirən dərənin sonundakı burunda yerləşir. Aparılan arxeoloji qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrlərinə aid keramika məmulatı aşkar olunub. Uçan Ağıl yaşayış yerində tədqiqatlar zamanı Eneolit dövrünə aid ocağın ətrafından mis filizinin qalıqları və mədənçilik alətinin aşkar olunması bu yaşayış yerinin köçmə maldarlıq və mədənçiliklə məşğul olan köçərilər tərəfindən məskunlaşdırıldığını göstərən faktlardandır. Məlum olduğu kimi, mis filizinin qalıqları və mədənçilik alətləri Zirincli yaşayış yerinin tədqiqi zamanı da aşkar edilmişdi. Ümumiyyətlə, Sirab ətrafındakı abidələrdə mədəni təbəqənin az yığılması, mis filizi qalıqlarının tez-tez tapılması, insanların mövsümi həyat tərzi keçirdiyini, mədənçiliyin onların həyatında mühüm yer tutduğunu göstərir. Uçan Ağıldan aşkar olunan bəzi keramika parçalarında I Kültəpə üçün xarakterik olan texnoloji xüsusiyyətlərin izlənməsi Eneolit mədəniyyətinin Son Neolit mədəniyyəti əsasında inkişaf etdiyini göstərir.
Bu il Kültəpə və onun ətrafında aparılan araşdırmalar ulu əcdadlarımızın həyat tərzini, onların Cənubi Qafqaz və Yaxın Şərq regionundakı hərəkət istiqamətlərini müəyyən etməyə imkan verib. Məlum olduğu kimi, Urmiya hövzəsindəki obsidian­ların 90 faizi Zəngəzurdan aparılıb. Kültəpə sakinləri isə başlıca olaraq Göyçə və Zəngəzur obsidianından istifadə ediblər. Sirabçay abidələrinin bir qismində Göyçə, digər qismində isə Zəngəzur obsidianı üstünlük təşkil edir. Şahbuz rayonunda yerləşən Sələsüz, Dərə Şahbuz, Kolanı və digər abidələrdən aşkar olunan obsidianların tədqiqi onların başlıca olaraq Zəngəzur yataqlarından gətirildiyini göstərir. Bu fakt Zəngəzur obsidianının Naxçıvandan keçərək Urmiya hövzəsinə aparıldığını təsdiqləyir.
Kültəpə ətrafında məskunlaşan qədim insanlar Zəngəzur və Dərələyəz dağlarındakı faydalı qazıntılardan yararlandığını Göyçə və Urmiya hövzələri, Mil və Qarabağ düzlərinin daxil olduğu böyük coğrafi məkanda yaşayan insanlar arasında iqtisadi və mədəni əlaqələrin olduğunu deməyə əsas verir. Yaşayış yerinin müxtəlif təbəqələrindən mis filizinin minerallarının tapılması qədim Kültəpə sakinlərinin ətraf aləmlə, o cümlədən misin mineralları ilə tanış olduğunu göstərir. I Kültəpə, Uçan Ağıl, Zirincli, Ovçular təpəsi kimi yaşayış yerlərindən mis filizinin və mineralların tapılması Naxçıvanın Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzlərindən biri olduğunu deməyə əsas verir. Ovçular təpəsindən körük ucluğunun, Zirinclidən isə saxsı qəlibin tapılması, eramızdan əvvəl V minillikdə Naxçıvanda metal emalının mənimsənildiyini sübut edir. İlk tədqiqatlar Naxçıvandakı mis yataqlarının qədim insanlar tərəfindən istifadə olunduğunu təsdiqləyir. Qədim mis, qurğuşun alətlərin mis yataqları ilə qarşılıqlı analizi Naxçıvanın qədim metallurgiyasının yerli xammala əsaslandığını deməyə imkan verir.
I Kültəpə yaşayış yeri və onun ətrafında aparılan araşdırmalar Naxçıvanın qədim sakinlərinin Zəngəzur və Dərələyəz sıra dağlarındakı xammal mənbələrindən, xüsusilə obsidian və mis yataqlarından istifadə etdiyini göstərir. Bu xammal mənbələrinə gedən yolları müəyyənləşdirmək üçün 2018-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında, xüsusilə Babək, Culfa və Şahbuz rayonları ərazisində kəşfiyyat xarakterli araşdırmalar da aparılıb. Araşdırmaların əsas məqsədi, yuxarıda da qeyd etdiyimiz kimi, qədim insanların istifadə etdiyi metal, xüsusilə mis filizi, obsidian yataqlarını və köç yollarını müəyyənləşdirməkdən ibarət olub.
Qədim köç yollarını müəyyənləşdirmək üçün etnoqrafik araşdırmalar da aparılıb, Eneolit abidələrindən aşkar olunan yarımqazmatipli evlərdən indi də istifadə olunduğu müəyyən edilib. Culfa rayonunda ­Milax kəndi yaxınlığında, Zoğal­açay vadisində, Şahbuz rayonunda isə Yuxarı Qışlaq kəndində yarımqazmatipli evlər qeydə alınaraq tədqiq edilib. Naxçıvan maldarlarının köç yollarını müəyyən etmək üçün Şahbuz rayonunun Keçili, Biçənək, Yuxarı Qışlaq və Gömür kəndlərinin ərazilərində də araşdırmalar aparılıb. Araşdırmalar zamanı Yuxarı Qışlaqdakı yurd yerlərindən və Qanlıgöl yaylaqlarından xeyli obsidian parçaları aşkar olunub.
Həmin tapıntılar qədim tayfaların köç yollarının istiqamətini müəyyən etməyə imkan verib, ulu əcdadlarımızın Culfa və Şahbuz rayonlarındakı keçidlər vasitəsilə Zəngəzur dağlarının xammal yataqları müəyyənləşdirilib. Arxeoloji araşdırmalara əsaslanaraq demək olar ki, qədim dövrə aid yaşayış yerləri Zəngəzur dağlarındakı xammal mənbələrinə gedən yollar üzərində salınıb. Şübhəsiz ki, Neolit və Eneolit dövrlərində qədim əkinçi-maldar tayfaların istifadə etdikləri əsas xammal mənbəyi Batabat yaxınlığında yerləşən obsidian yataqları olub.

2018-ci ildə aparılan araşdırmalar müstəqilliyimizin əvvəlki illərindəki tədqiqatları da dəyərləndirməyə imkan verib. Son illər Naxçıvan Muxtar Respublikasında AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə aparılan arxeoloji tədqiqatlar nəinki Azərbaycan arxeologiyasına, bütövlükdə, Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyasına böyük töhfələr verib və yeniliklər gətirib. Ümid edirik ki, muxtar respublika rəhbərinin tarix və mədəniyyət abidələrimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı gələcəkdə yeni elmi nəticələrin əldə edilməsinə imkan verəcəkdir.

Vəli BAXŞƏLİYEV
Naxçıvan arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275762
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1204
4179
13531
60408
3275762

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter