25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Filmin Naxçıvanda çəkildiyi məkanlarda və ya sərkərdə dağların qoynunda...

Bu il 120 illiyini qeyd etdiyimiz Azərbaycan kinosunun şah əsərlərindən biri də tariximizin əsrlərdən bəri yaşayan, nümunə olan, adı ilə öyünülən xalq qəhrəmanı, Xürrəmilər hərəkatının görkəmli rəhbəri, sərkərdə Babəkin azadlıq uğrunda apardığı amansız mübarizəsindən bəhs edən “Babək” filmidir. 

 Ulu öndərimiz Heydər Əliyevin xüsusi tapşırığı ilə çəkilən filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Eldar Quliyev, bəstəkarı Polad Bülbüloğludur. Rollarda Azərbaycan kinosunun korifeyləri – Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amaliya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə və başqaları çəkiliblər.

“Babək” filmini hətta sovet kino tarixinin də ən bahalı filmləri sırasına daxil edirlər. Belə ki, filmin büdcəsi 1 milyon 650 min rubl təşkil edib. Bu, həmin dövr üçün çox böyük bir rəqəm idi. Təkcə Azərbaycanda deyil, Rusiyada, Gürcüstanda, Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlayıb. 60-a yaxın ölkə tərəfindən alınan film təkcə bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənilib. Ekran əsəri 1-ci kateqoriyaya layiq görülüb.
Filmin çəkilişləri, əsasən, qədim Naxçıvanda, Ramana qalasında, “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda, Suraxanıdakı “Atəşgah” məbədində aparılıb. Tamaşaçılar tərəfindən həmişə maraqla izlənilən Bəzz qalası və həmin ərazidə gedən qanlı döyüşlərin səhnələri Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kənd­lərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağda lentə alınıb.

Naxçıvan xalq qəhrəmanı ilə ­bağlı filmin çəkilişləri üçün ideal məkan idi

O vaxtlar çəkilişləri yaxından izləyən və bu gün Culfa Rayon Mədəniyyət Evinin direktoru vəzifəsində işləyən Qurban Nəcəfovla filmin Naxçıvanda çəkildiyi ərazilərdə olduq. Yolüstü olduğu üçün əvvəlcə Xürrəmilərin qələbə xəbərini sevinclə müjdələyən uşaqların çəkildiyi məkana gəldik. Bu ərazi qədim və nəhəng İpək Yolunun bir parçası hesab edilən, möhtəşəmliyi ilə gözoxşayan Culfa-Naxçıvan magistral yolunun yanında yerləşir. İstər­-istəməz düşündüm ki, bunun həm də məcazi mənası var. Belə ki, bu gün müstəqilliyimizi gücləndirən, bizi qələbəyə aparan Heydər Əliyev yolunun əsası Naxçıvanda qoyulub. Vaxtilə çəkilişlər aparılan ərazidə salınan bu möhtəşəm yol da məhz ulu öndərin siyasi xəttinin bəhrəsidir. O siyasi xətt ki bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. O siyasi xətt ki bizi Böyük Qələbəyə aparır...
Buradan vaxtilə Bəzz qalasının dekorasiyasının qurulduğu yerə yollanırıq. Bu da həmin ərazi. Bir anda filmdəki kadrlar – səf-səf düzülən qoşunlar, hücuma keçən süvarilər, Vətən, torpaq uğrunda cəngə atılan igidlərin xəyalı gözlərimin önündə canlanır. Xalq qəhrəmanı Babəkin qətiyyətlə dediyi “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır!” çağırışı sanki qayalarda əks-səda verir. Burada Naxçıvan dağlarının əzəməti də Babək dəyanətinin simvolu kimi diqqəti çəkir. Əraziyə nəzər yetirdikdə əmin olursan ki, filmin çəkilişləri üçün ən ideal məkan da məhz bura ola bilərdi.
Qurban Nəcəfov yaxınlıqdakı təpəni göstərərək deyir ki, gecə vaxtı Əbu Müəzzin ordularını təşvişə salan hadisələrin kadrları da burada çəkilib. Həmin çəkilişlərdə bəzi aktyorlar məşəli, əksəriyyəti isə yanan şamı havaya qaldırıb sağa-sola hərəkət etdiriblər. Kadrlardan da göründüyü kimi, bu, uzaqdan çox möhtəşəm bir görüntü yaradıb.
Çəkiliş meydançasına gözəl atlar gətirildiyini deyən Qurban Nəcəfov qeyd etdi ki, onlar Moskvadan “Mosfilm”in “Kavaler polku”nun diviziyasının atları idi. Diviziyanın əsgərləri də gətirilmişdi. Bununla bərabər, Naxçıvandakı sərhəd qoşunlarının hərbçiləri də çəkilişlərə cəlb edilmişdi. Ancaq yenə də kütləvi səhnələr alınmırdı. Ona görə də çəkilişlərə yerli sakinlər dəvət edilirdi. Ətraf kənd­lərdən bura çox sayda sakin gəlsə də, demək olar ki, hər gün lazım olan 4-5 min insanı toplamaq mümkün olmurdu. Çəkilişlərin aparıldığı vaxtlar Naxçıvanda üzüm yığımına başlanıldığına görə kütləvi səhnə iştirakçılarını yetəri qədər yığmaq olmur, çəkilişlər ləngiyirdi. Lakin birdən-birə insanlar sel kimi çəkiliş meydançalarına axışdılar. Həmin vaxt deyirdilər ki, ümummilli liderimiz Heydər Əliyev məsələyə müdaxilə edib. Tapşırıq verib ki, heç bir məsələ “Babək” filminin çəkilişi qədər əhəmiyyətli ola bilməz, bunun üçün lazım olan bütün şərait yaradılmalıdır. “O vaxt çəkiliş qrupundakı insanların sevincini görməyə dəyərdi. Dahi şəxsiyyətin tarixi keçmişimizə göstərdiyi çox böyük diqqət maneələri aradan qaldırdı”, – deyən Qurban Nəcəfov həmin günləri belə xatırladı.
Çəkilişlərin aparıldığı günlərdə Naxçıvanda havaların çox isti keçdiyini də vurğulayan həmsöhbətim əlavə edir ki, bu ərazilərdə kölgəlik bir yer olmadığına görə, iştirakçılar istidən əziyyət çəkirdilər. Düzdür, bəzi yerlərdə dincəlmək üçün çadırlar qurulmuşdu. Ancaq bu da faydasız idi, çünki çadırların içərisi də çox isti olurdu. Yadımdadır ki, bir dəfə fasilə vaxtı çəkiliş heyəti üçün çay süzmüşdülər ki, içsinlər, susuzluqları keçsin. Onlar xeyli gözləsələr də, çay soyumadı. Çünki havanın hərarəti buna imkan vermirdi. Məcbur qalıb çəkiliş yerlərinə qayıtmalı oldular.
Çəkilişlər zamanı xoşagəlməz hadi­sələr də az olmayıb. Onun dediklərindən: “Bir dəfə böyük aktyorumuz Rasim Balayevin mindiyi at, necə deyərlər, yaramazlıq etməyə başladı. O, az qalmışdı ki, yıxılsın. Aktyorun hər iki ayağını ata sıx bağladılar. Çəkiliş başa çatandan sonra Rasim Balayev deyirdi ki, məni Allah qurtardı, yoxsa dərəyə yuvarlanıb şil-küt olacaqdım. Bundan başqa, Babək rolunun ifaçısının əynindəki geyimlər donuz dərisindən hazırlanmışdı, qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi. Bu geyimlə 50 dərəcə istidə, qızmar Günəş şüalarının altında mis dəbilqə ilə hərəkət etmək iradə, cəsarət, qətiyyət tələb edirdi”.
Artıq geriyə, Naxçıvan şəhərinə qayıdırıq. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, “Babək” filmində epizodik rolda çəkilən, Xalq artisti Rövşən Hüseynovla da görüşüb həmsöhbət oluruq. O deyir ki, hər gün səhər saat 6-dan axşam saat 11-ə qədər çəkiliş meydançasında olurduq. Diqqətimizə onu da çatdırır ki, epizodik rolda çəkilənlərin böyük əksəriyyəti aktyor deyildi, onları bir yerə cəm edib film çəkmək asan olmurdu. Bundan başqa, istidən insanlar o qədər susayırdı ki, su maşınları gələndə hamı ona doğru can atırdı. Bəzən buna görə çəkilişlər yarıda kəsilməli olurdu. Atların alınlarını yaş dəsmalla bağlayırdılar ki, günvurmadan ölməsinlər. Dəbilqələrimiz istidən qızıb başımızı yandırırdı. Bəzən çəkiliş­lər zamanı özündən gedənlər də olurdu. Qocalar, uşaqlar, qadınlar daha çox əziyyət çəkirdilər. Ancaq hamı dözürdü.
İnsanların bu qədər dözülməz bir vəziyyətə necə tab gətirdiklərini soruşduqda Rövşən Hüseynov dedi ki, ulu öndərimiz Heydər Əliyevin filmin əhəmiyyətini vurğulaması, çəkilişlərin başa çatdırılması barədə xüsusi tapşırıq verməsi naxçıvanlılarda böyük ruh yüksəkliyi yaratmışdı. Hamı çəkiliş sahəsinə axışır, dahi insanın tapşırığının yerinə yetirilməsi üçün var-qüvvəsi ilə səy göstərirdi. Bunu görən filmin rejissoru Eldar Quliyev dəfələrlə naxçıvanlılara ürəkdən minnətdarlıq edirdi. Mən əminliklə deyərdim ki, bütün bunlar bizim ulu öndərimizə olan sonsuz məhəbbətimizin təzahürü idi.
“Babək hərəkatı Azərbaycanın qəhrəmanlıq tarixidir. Onun qürurverici adı indi də xalqımızın qəlbində yaşayır və əbədi yaşayacaqdır. Təsadüfi deyildir ki, muxtar respublikamızın böyük bir rayonunda xalq qəhrəmanının adı əbədiləşdirilib: Ulu öndərimizin təşəbbüsü ilə Babək rayonu yaradılıb”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov 14 il Əmir Teymurun ordularına müqavimət göstərən, Babək kimi qəhrəmanların oylağı olan Əlincəqalada bizimlə söhbətində filmin çəkilişləri ilə bağlı xatirələrini də bölüşdü: “Culfadan Naxçıvan istiqamətinə yolumuz düşəndə filmin personajlarını, Babək rolunun ifaçısı Rasim Balayevi və onun “silahdaşları”nı görmək bizdə maraq doğururdu. Bu gün mən də muxtar respublika sakini kimi qürur duyuram ki, Azərbaycanın qəhrəmanlıq səhifələrini əks etdirən “Babək” filmi Naxçıvanda çəkilib”.
Filmin çəkilişlərinin əksəriyyətinin bu qədim torpaqda aparılmasının rəmzi mənasının olduğunu da qeyd edən Fərəc Fərəcov vurğulayır ki, Naxçıvan sakinləri tarixboyu düşmənə qarşı barışmaz mövqedə olublar. Bu yurdda böyüklü-kiçikli hər bir sakin öz torpağını qorumaq naminə canını belə, əsirgəməyib. Necə ki qəhrəman naxçıvanlılar 1918-1920-ci və 1988-1993-cü illərdə işğalçı ermənilərlə ölüm-dirim savaşına girib muxtar respublikamızı qoruyub yaşatdılar. 2018-ci ilin may ayında isə ordumuzun gücü sayəsində vaxtilə erməni əsarətinə düşmüş Günnüt kəndini, ətraf ərazilərini, strateji yüksəklikləri düşməndən azad etdilər.
Tarixi qəhrəmanlıq keçmişindən bəhs edən ekran əsərləri, o cümlədən “Babək” filmi bu gün Azərbaycan insanını, Azərbaycan əsgərini erməni qəsbkarları üzərində reallaşacaq ­Böyük Qələbəyə ruhlandırır.

Dahi şəxsiyyət olmasaydı, milli kinomuzun milli ruhu da olmayacaqdı

Həmin dövrü təhlil edərkən düşünürsən: necə olub ki, o vaxtlarda, sovet ideologiyasının “qılıncının dalının da, qabağının da kəsdiyi” bir vaxtda “Babək” kimi milli ruhu alovlandıran, milli ideologiyanı, milli azadlıq eşqini, Azərbaycançılığı təbliğ edən belə bir film çəkilib? Necə olub ki, kəskin sovet senzurası buna imkan verib? Cavab birdir: bu filmin ərsəyə gəlməsində Heydər Əliyev şəxsiyyəti, onun böyük nüfuzu mühüm rol oynayıb. Dahi şəxsiyyət olmasaydı, milli kinomuzun milli ruhu da olmayacaqdı.
Aşkar görünür ki, bu film həm də ümummilli liderimizin müstəqil, azad Azərbaycan arzularının ifadəsinə çevrilmişdi. Sovet rejiminin sərt ideologiyasının hakim kəsildiyi bir vaxtda Babəkin dilindən deyilən “Azadlıq verilmir, alınır! Qan bahasına, qurban bahasına!” və ya “İnam və əqidə mənim üçün qumar daşı deyil. O, mənə ya ölüm deyir, ya da azadlıq!”, “Azərbaycanı azad görməyincə qılıncımı qınına qoymayacağam!” sözləri, əslində, Azərbaycan xalqını müstəqilliyə, azadlığa çağıran, onun birbaşa ictimai şüuruna təsir göstərməyə hesablanan çox cəsarətli, həm də qətiyyətli və incəlikləri dərindən düşünülmüş bir təbliğat xarakterli fikirlər idi. Bu, dahi şəxsiyyətin hələ sovet dövründə Azərbaycana, onun müstəqilliyinə, azadlığına nə qədər böyük əhəmiyyət verdiyini aşkar şəkildə göstərən əsaslı faktlardır.
Azadlıq aşiqi olan xalq qəhrəmanı Babəkə həsr olunmuş filmin qəhrəmanlıq, şücaət dolu səhnələrinin Naxçıvanda çəkilməsi taleyin hökmü idi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, məhz Naxçıvanda yaranan azadlıq, müstəqillik idealları, dövlətçilik konsepsiyası 1993-cü ildən sonra, yəni ulu öndərin Naxçıvandan Bakıya getməsi ilə birlikdə bütün ölkəmizə yayıldı. Sərkərdə Babəkin və neçə-neçə Azərbaycan fədailərinin arzuları məhz bundan sonra həyatda öz təsdiqini tapdı.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064543
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3149
4327
7476
115874
3064543

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter