18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan torpağı maddi vətəndirsə, ana dili mənəvi vətənimizdir. Necə qorumaq fikrinə gəldikdə isə hər kəs öz vicdanının sahibidir. ­Vətəni necə qoruyuruqsa, ana dilimizi də elə qorumalı və ona məhəbbətlə yanaşmalıyıq. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır, buna görə də dövlətçiliyin ən aparıcı atributlarından biri hesab edilir. Məhz bunun nəticəsidir ki, doğma ana dilimizin inkişafına böyük qayğı göstərilir. Dilimizin inkişaf mərhələ­ləri, bu gün dünya dilləri ailəsində özünəməxsus yer tutması və digər məsələlərlə bağlı suallarımızı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev cavablandırır.

– Əbülfəz müəllim, istərdik ki, dilimizə tarixən göstərilən münasibət, onun inkişaf mərhələləri barədə oxucularımıza bir qədər məlumat verəsiniz...
– Azərbaycanda dil siyasətinin yürüdülməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanır. Həmin dövrə qədər görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də ölkəmizdə gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləyərək təkliflər vermişlərsə də, bütün bunlar dil siyasəti adlanan mürəkkəb hadisəyə bilavasitə aid edilə bilməz. Lakin Xalq Cümhuriyyəti yarandıqdan cəmi 1 ay sonra türk dilini rəsmi dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi. Əlibəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, cümhuriyyət hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin 1918-ci il 27 iyun tarixli Qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd edək ki, qərar, sadəcə, deklarativ bir sənəd deyildi; qərardan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə edilirdi.

Bir qədər sonra, sovet hakimiyyətinin ilk illərində Azərbaycanda dil quruculuğu prosesi yenidən gündəmə gətirildi. Bu, mədəni quruculuğun üzvi tərkib hissəsi idi. Doğrudur, bolşevik ideoloqları xalqı öz tarixi köklərindən, milli dəyərlərindən uzaqlaşdırmaq üçün mədəni irsə nihilist münasibət yaratmaq kimi metodlardan istifadə edirdilər. Lakin təhsilin inkişafına, elmin, mədəniyyətin yüksəlişinə diqqət yetirilməsi, savadsızlığın kütləvi şəkildə ləğvi və sair tədbirlər ölkədə sosial-mənəvi canlanma yaradırdı. Dil məsələləri ardıcıl olaraq müzakirə edilir, əski əlifbadan latın qrafikalı əlifbaya keçid mədəni inqilabın atri­butlarından biri sayılırdı. Çox mühüm cəhətlərdən biri də o idi ki, dil məsələsinə ümumtürk kontekstində baxılır, əsas türkoloji məclislər Bakıda keçirilirdi. Bu da o zaman türk dili adlanan Azərbaycan dövlət dilinin problemlərinin tarixən daxil olduğu mühitdə həll edilməsinə sosial-ideoloji və praktik şərait yaradırdı.
1936-cı ildə, SSRİ Konstitusiyasının qəbulu ərəfəsində Azərbaycanda dövlət dil siyasəti ilə bağlı yeni mərhələ başlayır. Moskva bir tərəfdən türk dillərini qarşılıqlı əlaqələrdən məhrum etmək, digər tərəfdən, həmin xalqlar arasında rus dilini yaymaq siyasəti yeridirdi. Bunun açıq təzahürü 1940-cı ildə qəflətən latın qrafikalı əlifbanın kirillə əvəz edilməsi oldu.
1950-ci illərin ortalarından başlayan bir qədər yumşalma dövrü Azərbaycanda dövlət dil siyasətində tam demokratikləşmə yaratmasa da, liberallaşmanın əsasını qoydu. Bu da dilçilik araşdırmalarının xeyli dərəcədə ideologiyasızlaşmasında, miqyasca genişlənməsində, yeni dilçi kadrların yetişməsində özünü göstərdi. 1956-cı ildə Ali Sovetin ozamankı sədri vəzifəsində işləyən Mirzə İbrahimovun təşəbbüsü ilə dövlət dili məsələsinin qaldırılması bu tədbirlərdən biri idi.
– Dilimizin ən güclü inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır...
– Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi ilə respublikada milli mənəvi-mədəni həyat canlanmağa başladı. Azərbaycançılıq təsəvvürlərinin inkişafı üçün hər cür şərait yaratmağa çalışan ulu öndər qısa bir zaman ərzində ana dilinin – dövlət dilinin təbliğini genişləndirdi. Türkoloji araşdırmalara geniş meydan verən, xalqın tarixinin obyektiv şəkildə öyrənilməsini təmin edən dövlət başçısı milli müstəqillik siyasətinin əsaslarını yaratdı. 1969-cu ildə ümummilli liderin ozamankı Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçirilmiş geniş partiya konfransında doğma ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb olmuşdu. Çünki ondan əvvəlki respublika rəhbərləri rəsmi mərasim və məclislərdə, bir qayda olaraq, rus dilində məruzə və çıxış edirdilər.
1974-cü ildə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə araya-ərsəyə gələn ali məktəb tələbələri üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərinə Dövlət mükafatı verildi. Məhz görkəmli dövlət xadiminin təşəbbüsü və fədakarlığı sayəsində 1978-ci il Konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirildi.
Azərbaycan dövlət dili siyasətinin yürüdülməsi 1991-ci ildən sonra xüsusi müstəviyə qədəm qoydu – müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti xalqımızın ümummilli lideri yaratdı və həyata keçirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərc-mərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna qədəm qoydu. Əlbəttə, müstəqillik dövründə müəyyənləşən dövlət dil siyasəti yoxdan yaranmamış, ciddi və əsaslı bir şəkildə əvvəlki dövrlərin tarixi təcrübəsinə dayanmışdı.
1995-2000-ci illərdə ulu öndər dilimizin Azərbaycan Respublikasının dövlət dilinə yalnız sözdə deyil, əməldə çevrilməsi üçün bütün enerjisi, siyasi iradəsi ilə çalışaraq, onun dünya azərbaycanlıları arasında itməkdə olan nüfuzunu bərpa etdi. Dilimizin ünsiyyət vasitəsi, milli və mənəvi dəyər olması uğrunda mübarizə apararaq Azərbaycan dilinə sevgini Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri kimi təsbit etdi.
Müstəqil dövlətimizin dil siyasətinin müəyyənləşməsində görkəmli dövlət xadimi Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük rol oynayıb. Ulu öndər bu fərmanın tətbiqini sürətləndirmək məqsədilə 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” daha möhtəşəm bir Fərman imzalayıb. Bu fərmana əsasən hər il olduğu kimi, 1 avqust bu il də ana dili bayramı kimi qeyd olundu. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi görkəmli dövlət xadiminin 1969-cu ildən başladığı milli dil və 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanuna­uyğun nəticəsidir.
Ulu öndərin uzaqgörən siyasəti sayəsində hələ 1937-ci ildə repressiyaya uğradılmış latın qrafikalı Azərbaycan əlifbasına yeni həyat verilməsi isə həm də ədalətin bərpası demək idi. Digər tərəfdən, Azərbaycan böyük Türk dünyasında Türkiyədən sonra latın qrafikasına keçən ilk postsovet respublikası oldu.
– Dilimizin inkişafına qayğı bu gün yeni müstəviyə qədəm qoyub...
– Ümummilli liderin milli dil siyasəti illərdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu dövlət başçısının dil siyasəti sahəsində imzaladığı fərman və sərəncamlarda, həyata keçirilən müxtəlif layihələrdə açıq şəkildə müşahidə edirik. Belə ki, ölkə rəhbərinin kiril əlifbasında olan bədii və ictimai-siyasi ədəbiyyatın latın qrafikası ilə nəşri haqqındakı müvafiq sərənca­mı milli dil siyasətinin həyata keçirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncam ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib.
Eyni zamanda Prezidentin 2005-ci il 9 noyabr tarixli Sərəncamı ilə I Bakı Türkoloji qurultayının 80 illik yubileyinin beynəlxalq miqyasda qeyd olunması, bu münasibətlə böyük elmi məclisin keçirilməsi də Azərbaycan dilinə qayğının təzahürü, dövlətimizin milli dil siyasətinin tərkib hissəsi kimi diqqəti cəlb edir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında müvafiq sərəncamı da dilin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
– Ölkə Prezidenti cənab İlham Əliyev 2011-ci il aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağındakı çıxışında deyib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”. Bu istiqamətdə hansı işlər görülür?
– Dövlət başçısı 2012-ci il may ayının 23-də dil problemlərinin həlli, eləcə də dövlətçiliyimizin rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılması məqsədilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam ­imzalayıb.
Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, eləcə də müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü şəkildə aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və Tərcümə Mərkəzinin yaradılması da bu istiqamətdə atılan addımlardandır. Ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədilə dilçilik elmimizin yeni dövrdə inkişafına təkan verəcək böyük əhəmiyyət kəsb edən bu sərəncam da dilimizə böyük ehtiramın ifadəsidir.
Dövlət başçısı cənab İlham Əliyev 9 aprel 2013-cü il tarixdə icra müddəti 2014-2020-ci illəri əhatə edən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Həmin dövlət proqramında nəzərdə tutulan zəruri tədbirlərin bir qismi artıq həyata keçirilib. Belə ki, Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, eləcə də müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü şəkildə aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komitəsi və Tərcümə Mərkəzi kimi dövlət orqanları yaradılıb.
– Muxtar respublikamızda da dilimizə ehtiramın ifadəsi kimi bir sıra işlər ­görülüb...
– Dilimizə hörmət və ehtiram Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə özünü göstərir. Bu sırada Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması xüsusi qeyd olunmalıdır. Fərəhləndirici haldır ki, regionu­muzda ulu öndərimizin təsis etdiyi dil bayramı, bir sıra rəsmi tədbirlər “Ana dili” abidəsi önündə qeyd olunur.
Nəzərə alsaq ki, xidmət sahələri və istehsal müəssisələri insanların ən çox üz tutduqları ünvanlardır, onda bu sahələrdə istifadə olunan reklam lövhələrindəki yazıların ana dilimizdə yazılması vacib şərtdir. Buna görə də diyarımızda istehsal və xidmət sahələrində istifadə olunan reklamlarda Azərbaycan dilinin normaları gözlənilməkdədir. Bu iş, yəni reklam lövhələrinin yazılışının və istifadəsinin ­qanunvericilikdə nəzərdə tutulmuş formada həyata keçirilməsi nümunə gücündədir.
Bu gün ulu öndər Heydər Əliyevin milli dilimiz haqqındakı aşağıdakı fikirləri hər bir Azərbaycan vətəndaşının, gəncinin yaddaşına əbədi həkk olunmalıdır: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.
– Müsahibə üçün çox sağ olun.

Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3152943
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3
4404
13108
67490
3152943

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter