21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Yeni Dövlət Proqramı Naxçıvanda qədim milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılıq məktəbinin zəngin ənənələrinin yaşadılması və inkişafında əhəmiyyətli rol oynayacaq, nənələrimizdən miras qalmış bu qiymətli xalq sənətinin unudulmaqda olan sirlərini öyrənmək və təbliğ etmək üçün geniş imkanlar açacaq.

Qədim Nuh yurdunun min bir rəng çalarları, ecazkar gözəllikləri ilə insanı valeh edən əsrarəngiz təbiəti, buradakı ictimai və mədəni inkişaf səviyyəsi, yerli əhalinin həyat və məişət şəraiti xalçaçılığı çox qədim dövrlərdən sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir.
Şərur rayonunun Tənənəm kəndində də xalçaçılıq sənətini bir nəsildən digərinə daşıyanlar zaman-zaman gözəl xalçalar toxuyub ərsəyə gətiriblər. Yaxın günlərdə biz də yolumuzu bu yaşayış məntəqəsinə salıb illərdir, xalça toxumaqla məşğul olan, 80 yaşlı Səltənət nənə ilə görüşdük. Diqqətimizi ilk çəkən elə evinin döşəməsini bəzəyən xalçalar oldu. İnsan əllərinin möcüzələr yaratmağa qadir olduğunu bir daha gördük. O, xalçaçılığın sirlərini qızlarına, nəvələrinə də öyrədib. Səltənət nənənin dediklərindən:

– Xalçanın toxunub ərsəyə gəlməsi bir saatın, bir günün işi deyil. Əvvəlcə toxunacaq xalçanın ölçüsünü nəzərə alıb, həmin ölçüyə uyğun yun götürür­lər. Yun təmizlənir, yuyulub qurudulduqdan sonra daraqda daranaraq əlçim halına gətirilir. Yunu ip halına salmaq üçün əlçimlər cəhrədə əyirilir. Hazırlanan dükçələrdəki ip ikiqat olmaqla, yumaqlanır. Əyirilmiş yunun boyanması asan olsun deyə, kələf formasına salınır. İplər boyandıqdan sonra zivəyə sərilərək tamamilə qurudulur. Kələflər toxunmaq üçün yumaq halına gətirilir. Xalçanın toxunuşuna isə əsasən, uzun gecəli payız günlərində başlanılır. Toxunacaq xalçanın ölçüsü nəzərə alınaraq həmin ölçüdə hana ağacı qurulur. Xalçanı ərsəyə gətirmək üçün pambıqdan hazırlanmış əriş və arğacdan istifadə edilir. Həmin iplər hana qurulduqdan sonra hana ağacına sarınır. Əriş iplərini bərkitmək üçün “kücü ağacı” deyilən ağac da hananın yan ağaclarına bərkidilir. Kücü ağacı eninə, sağdan sola yan ağaclara bərkidildikdən sonra əriş sapını uzununa kücü ağacına dolayıb düyün vuraraq, hananın başından keçirirlər. Bu ağac ilə hana ağacları arasına əlavə olaraq “qoltuq ağacı” deyilən ağac dayanır ki, bu da toxunmuş ilmələrin və keçiləcək arğac iplərinin bərkidilməsi üçün istifadə edilir. Eyni zamanda kücü ağacının yuxarı tərəfində digər bir ağacdan da istifadə edilir ki, bu, arğacların bir-birinə keçilməsi üçün istifadə olunur. Xalçanı toxumaq üçün, əsasən, həvə, kirkid, balaca bıçaq, böyük qayçıdan istifadə edilir. Hər bir xalçanın dəyəri toxunulan ilmələrin sayı və həmin ilmələr vasitəsilə təsvir olunan naxışların mənası ilə qiymətləndirilir. Səltənət nənə xalçanın nəfisliyinin təyin edilməsi və ona qiymət qoyulması qaydasından da danışır:
– Bir şəst ölçüdə fərşin haşiyəsinə nəzər salır, xalçanın həmin hissəsinin ilmələrini sayırlar; əgər ilmələrin sayı çoxdursa, xalçanın qiyməti də baha olur. Xalçaların sənaye üsulu ilə toxunması bu qədim sənətlə məşğul olanların sayını bir qədər azaltsa da, xalqın hələ qədimlərdən yaratdığı nə varsa, o, bu gün də öz qiymətini saxlayır.
Səltənət nənə ilə söhbət zamanı öyrənirəm ki, kənd sakini Güllər Salmanova da neçə illərdir, xalçaçılıqla məşğuldur. Onun söhbəti:
– Nənəm, anam, bacım xalça toxuyurdular. Bu səbəbdən mən də uşaqlıqdan xalça toxumağa həvəs göstərmişəm. Otaqlarımızın birində həmişə xalça toxumaq üçün hana olardı. Kiçik yaşlarımdan nənəmin yanında əyləşib onun bu gözəl naxışları necə işlədiyi ilə maraqlanardım. Uzun qış gecələrində xalça­toxuyan nənəm deyərdi ki, uzaq keçmişdə əllə toxunan xalçanın xalq arasında xüsusi yeri var idi. Amma xalçanı toxumaq üçün istifadə edilən məmulatların qiyməti baha olduğundan bəzən xalqın maddi vəziyyəti əllə toxunan xalçanı almağa imkan verməyib. Bu gün sevinirəm ki, dövlətimizin yaratdığı şərait hesabına bu sənətlə məşğul olmağa hər cür imkanlar var və indi toxunan xalçalar əvvəlkilərdən seçilmir. Həm keyfiyyətinə, həm də qiymətinə görə bu gün toxunan xalçalara tələbat getdikcə artır.
Güllər xanım onu da deyir ki, toxuduğumuz xalçaların keyfiyyətinin bir sirri də bu dağ kəndində bəslənən qoyun-quzuların yunudur. Xalçaları həmin yundan əyirilib hasilə gətirilən iplərdən toxumuşuq. İpləri isə bu torpağın özündə bitən müxtəlif bitkilər vasitəsilə boyamışıq. Belə rəng­lər təbii olduğu üçün illər boyu solmayıb, öz parlaqlığını itirməyib. Təbii ip, boya, əriş, arğac vasitəsilə toxunan xalçalar öz keyfiyyəti ilə əvəzolunmazdır.
Son illər qədim el sənətinə maraq artıb. Bu sənətin biliciləri xalça toxumaq üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəzgah, alətlər, əriş, arğac və rəngli iplər alırlar. Güllər xanım da belə qadınlarımızdan biridir. O, müqavilə əsasında indiyə kimi 7 kiçikölçülü xalça toxuyub, təhvil verib. “Yaradılan şəraitdən səmərəli istifadə etməklə həm qədim el sənətini yaşadır, həm də aldığımız əməkhaqqı ilə ailə büdcəsinə kömək edirik”, – deyən xalçaçı xanım dövlətimizə minnətdarlığını bildirir.
Ana-nənələrimizin ürəyinin hərarəti, barmaqlarının nəvazişi yaşayan xalçalar əvəzsiz sənət əsərləridir. Bu işlə məşğul olanların vəzifəsi isə qədimdən xalqımıza məxsus olan həmin sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə də ötürülməsidir. Elə bu səbəbdəndir ki, xalçaçılıq sənəti bu gün də Tənənəmdə analarımızın-nənələrimizin əlinin sığalı, ürəyinin istisi ilə yaşadılır.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2759450
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
416
5244
26501
100689
2759450

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter