19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” ­Sərəncamı qədim el sənətinin daim yaşadıldığı Naxçıvanda bu sahənin daha da inkişafına, xalçaçılığın keçmişi ilə bu günü arasında möhkəm körpünün yaranmasına səbəb olacaqdır. Ölkə Prezidentinin məlum sərəncamı Naxçıvan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Şərq qapısı” qəzetinin redaksiyasında təşkil edilən dəyirmi masanın da əsas məqsədi illərin ağır sınaqlarından keçərək yaşadılmış və inkişaf etdirilmiş xalçaçılıq sənətinə muxtar respublikamızda göstərilən qayğı, bu xalq sənətinin Naxçıvanda yaşadılması, açılacaq xalça emalatxanası ilə bu sahəyə veriləcək yeni həyat barədə fikir mübadiləsi aparmaq idi.

Dəyirmi masada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etno­qrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Nəsimi Yusifov, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətlə bağlı müxtəlif növ çap məhsulları satış mərkəzinin direktoru, xalçaçı Züriyyə Musayeva iştirak ediblər.
– Zəminə xanım, 1998-ci il Naxçıvanın ermənilər tərəfindən blokadaya salındığı ilk onilliyə – naxçıvanlıların həyatın ən çətin, ağır sınaqları ilə üz-üzə qaldıqları dövrə aiddir. Həmin vaxt nəinki muxtar respublikamızda, bütövlükdə, müstəqilliyini bir neçə il əvvəl əldə etmiş ölkəmizdə iqtisadiyyat tamamilə zəifləmiş, iflic vəziyyətə düşmüşdü. Belə bir zamanda Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması blokada Naxçıvanının nəinki bir qarış torpağının, milli dəyərlərinin bir parçasının belə, düşmənə verilməyəcəyinin təsdiqi oldu. Respublika Prezidentinin Naxçıvanda xalça istehsalı emalatxanasının yaradılması ilə bağlı məlum sərəncamını Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illik yubileyinə hədiyyə də hesab etmək olar. Sizcə, bu sərəncamın icrası Naxçıvana nə verəcək?
Zəminə Gülməmmədova: – Bəli, müstəqilliyimizin ilk illərində çətinliklərə baxmayaraq, Naxçıvan xalçaçılıq məktəbinin bərpa edilməsi, tədqiqi və təbliği, yaşadılması məqsədilə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması bu sahəyə göstərilən böyük qayğının təzahürüdür. Muzeyin yaradılması o vaxta təsadüf edirdi ki, həmin dövrdə Naxçıvan xalçaları muxtar respublikadan çıxarılmağa başlanılmışdı. Mənfur qüvvələr kəndlərimizdə keyfiyyəti aşağı, lakin görünüşü gözoxşayan üç xalça ilə bir kənd xalısını (gəbəsini) dəyişməklə asan yolla qazanc əldə etmək niyyətinə düşmüşdülər. Bu isə yolverilməz idi. Çünki həmin tarixi gəbələrimizlə mədəniyyətimiz, incəsənətimiz də gedə bilərdi. Belə bir vaxtda həmin xalçaları yaşadacaq bir ünvana ehtiyac var idi. Həmin ünvan 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan xalçalarına böyük dəyər verərək deyib: “Naxçıvan xalçaları sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir”.
Ali Məclisin Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin də qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb.
Xalçaçılığın elmi əsaslarla inkişafını diqqətdə saxlayan, evlərdə olan xalça nümunələrinin təhvil verilməsi istiqamətində fəaliyyət göstərən muzeyin iş şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə bu mədəniyyət müəssisəsi yeni bina ilə təmin olunub. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti xalçaçılıq məktəbinin tədqiqi sahəsində Naxçıvan xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xalçaları muzeyə hədiyyə edib. Bundan əlavə, nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap etdirilib, “Naxçıvan xalçaları” sənədli filmi və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytı hazırlanıb. Bütün bunlar Naxçıvan xalçaçılıq məktəbinin bərpası və yaşadılmasına çox qiymətli töhfələrdir.
Bu il bizim üçün çox əlamətdardır. Muzeyimizin 20 illik yubileyi qeyd olundu, akademik İsa Həbibbəylinin və professor Vidadi Muradovun birgə nəşr etdirdikləri “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” adlı sanballı əsərin təqdimatı keçirildi.
Ölkə Prezidentinin xalçaçılığın inkişafı ilə bağlı məlum sərəncamı Naxçıvanda bu qədim sənət növünün yaşadılması ilə bağlı uzun illər aparılan böyük işlərə verilən qiymətdir. Sərəncamın icrası, ilk növbədə, milli dəyərlərimizin, qədim el sənətinin, bütövlükdə, mədəniyyətimizin qorunub yaşadılmasında və təbliğində mühüm rol oynayacaq, muxtar respublika iqtisadiyyatına xeyli gəlir gətirəcək.
Asəf Orucov: – Həmçinin böyük inkişaf yolu ilə bütün MDB məkanında məşhurlaşmış regionumuzda istehsal olunan xalçalar dünya bazarına çıxarılmaqla Naxçıvanın daha geniş miqyasda tanınmasına səbəb olacaq. Ən başlıcası isə Naxçıvanın xalçaçılıq sənəti qədim ənənələri ilə müasir inkişafın yeni mərhələsinə qovuşacaq.
– Asəf müəllim, Naxçıvan Yer kürəsində bəşəriyyətin beşiyi, həm də dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpağın çoxşaxəli mədəni irsində xalçaçılıq sənəti xüsusi yer tutur.
Asəf Orucov: – Naxçıvanın Kültəpə ərazisindən arxeoloq Osman Həbibullayev arxeoloji qazıntılar zamanı gildən düzəldilmiş toxuculuq alətləri – iy və cəhrə aşkar edib. Buradan, eləcə də gildən düzəldilmiş qabların içində qırmızı rəng tapılmışdır ki, boyaq otlarından alınan bu rənglərlə insanlar xalça iplərini boyayırmışlar. Həbibullayev Kültəpədə yaşayan qəbilələrin ilk dəfə primitiv xalça toxuduqlarının eramızdan əvvəl IV-III minilliyə aid olduğunu bildirir. Naxçıvan xalçalarının, ümumilikdə, özünəməxsus çalarları vardır. Bu elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Xovsuz xalça növündə atların, atlıların və dəvələrin, çullarla bəzədilmiş dəvə karvanının təsviri, xovlu xalçaların bəzəyinə çevrilən “buta” elementi Naxçıvan xalçalarını öz spesifik toxunuşu və bədii quruluşu ilə fərqləndirir. Araşdırmalar nəticəsində xalçaçılıq sənətinə daxil olan keçəçiliyin lap qədim dövrdə mövcud olduğunu qeyd etmək olar.
Naxçıvanda xalçatoxuma sənətinin qədim olmasına baxmayaraq, xalçaçılığın müstəqil sənət sahəsi kimi inkişafı orta əsrlər dövrünə təsadüf edir. XIV əsrdə yaşamış Həmdullah Qəzvini Naxçıvan sənətkarlarının çox yüksəkkeyfiyyətli xalça toxumaları barədə məlumat verir.
– Muxtar respublikamızda həyata keçirilən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihənin məqsədi insanların məşğulluğunun təmin edilməsi ilə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması olub. Bununla yanaşı, Naxçıvanda müxtəlif tədris müəssisələrində xalçaçılıq kurslarının fəaliyyət göstərməsi də mühüm əhəmiyyətə malikdir. Bu, xalça emalatxanası açılan zaman toxucularımızın yetərincə olması deməkdir.
Nəsimi Yusifov: – “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihə 2014-cü ildən həyata keçirilir. Layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla müqavilələr bağlanılıb, onlara lazımi avadanlıq və materiallar verilərək evlərdə xalça toxunuşu təşkil edilib. İndiyədək 28 sağlamlıq imkanı məhdud və evdar qadın bu layihəyə cəlb olunub, eni 80 santimetr, uzunluğu 1 metr 20 santimetr ölçüdə 53 xalça toxunub. Onu da qeyd edək ki, xalça toxunuşunu həyata keçirmək üçün lazım olan hana, ip və digər avadanlıqlar onlara əvəzsiz olaraq verilib. Ərsəyə gələn xalçalar Naxçıvan çeşniləri əsasında toxunub. Toxunmuş xalçaların əl işlərinin satışı mağazasında və muxtar respublikada təşkil olunan sərgilərdə satışı həyata keçirilib. Layihə çərçivəsində ötən illər xalça toxumaqla məşğul olan qadınlar həm də evlərində qızlarımıza, gəlinlərimizə bu sənətin sirlərini öyrədirlər.
Muxtar respublikamızda milli adət-ənənələrin qorunub yaşadılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə 8 kurs təşkil edilib və bu kursları 93 nəfər bitirib. Kursları bitirənlərdən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihədə özünüməşğulluqları təmin edilənlər də var. Bəli, bütün bunlar deməyə əsas verir ki, xalça emalatxanası istifadəyə verilən zaman bu peşəyə yiyələnmiş hazır toxucularımız var.
– Nə üçün məhz Naxçıvan xalçaları hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilir?
Asəf Orucov: – Yalnız bu bölgəyə məxsus və heç bir yerdə təkrarlanmayan xüsusiyyətləri ilə. Mənbələrdə qeyd olunur ki, Naxçıvan xalçalarında bir kvadratdesimetrdə, təxminən, 35x35 ilmə (düyün) yerləşir. Bir kvadratmetrdə isə 122 min ilməyə təsadüf edilir. Bu xalçalarda xovun hündürlüyü 6-8 millimetrdir. Bu özünəməxsusluq zaman-zaman xalçalarımızı bənzərsiz edib.
Zəminə Gülməmmədova: – Burada naxışlar da öz sözünü deyib. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Həmçinin keyfiyyət amili də Naxçıvan xalçalarını fərqləndirən cəhətlərdəndir. Evlərimizdə əsrdən çox yaşı olan xalçalarımız var ki, neçə onilliklər istifadə olunmasına, dəfələrlə yuyulmasına baxmayaraq, hələ də şux rəngləri ilə göz oxşayır.
– Bəlkə, elə buna görədir ki, xarici turistlər bizim xalçalarımıza daha çox maraq göstərirlər.
Zəminə Gülməmmədova: – Bəli, dəfələrlə müşahidə eləmişəm ki, turistlər xalçalarımıza yaxınlaşıb əlləri ilə onun xovunu yoxlayır, naxışlarını, xüsusilə də rənglərini çox bəyəndiklərini deyirlər. Bizdən soruşurlar ki, belə xalçaları haradan almaq olar?
Züriyyə Musayeva: – Çalışdığım mərkəzə gələn turistlər xalçalarımıza heyran qalırlar. Onların rəngləri, naxışları, toxunması ilə bağlı suallar verirlər. Turistlərə xeyli xalça satmışıq. Onu da qeyd edim ki, aparmaq asan olsun deyə, onlar kiçikölçülü xalçalara daha çox üstünlük verirlər.
– 1990-cı ilədək Naxçıvanda ailə quran hər qıza cehiz olaraq hökmən evlərimizdə toxunan xalça da verilir, bu xalçalar təzə gəlinlərin otaqlarının ən dəyərli əşyası hesab olunurdu. Sonralar isə bu xalçaların yerini mağazalarda satılan, başqa ölkələrin istehsalı olan xalçalar tutmağa başladı.
Asəf Orucov: – Bunun başlıca səbəbi 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərindən ölkəmizdə yaranan vəziyyətlə əlaqədar iqtisadiyyatımızın zəifləməsi, Naxçıvanın blokada şəraitinə salınması oldu, – desək, yanılmarıq. Muxtar respublika əhalisi olmazın çətinliklərlə üzləşdi. Elektrik enerjisinin, təbii qazın olma­ması, çörək qıtlığı insanlarda mənəvi sarsıntı yaratmışdı. Belə bir dövrdə evdə xalça toxumağa kiminsə nə maddi vəziyyəti, nə də həyat tərzi imkan verirdi. Digər səbəb isə bu gün həyatımıza daxil olan yeni texnologiyalardır. O dövrlərdə xalça toxumaq əsas məşğuliyyətlərdən idi. Çünki indiki qədər televiziya kanalları, internet imkanları yox idi. İnternet insanların əsas vaxtını alandan sonra “o qədər əziyyət çəkincə, 200-250 manat ver, bazardan qəşəng bir xalça al” tendensiyası da ruhlara hakim kəsildi. İndi Naxçıvanda hər bir ailədə xalça toxuna bilər. Buna maddi imkanlarımız da yetərincə çatar. Təki həvəs olsun. Əgər övladlarımıza verdiyimiz “müasir” xalçalarla evdə toxunan xalçalarımızın keyfiyyət fərqini, ­bədii-estetik zövqümüzə uyğun olmamasını, sağlamlığa təsirini nəzərə alsaq, heç bir valideyn övladına həmin xalçalardan istifadə etməyi rəva bilməz. Sözsüz ki, Naxçıvanda xalça istehsalı emalatxanasının açılması ilə qızlarımızın cehizliklərini yenə də keyfiyyətli, gözoxşayan xalçalar bəzəyəcək.
– Mənfur qonşumuz ermənilər xalq musiqilərimiz, milli çalğı alətlərimiz kimi, milli xalçalarımızı da özününküləşdirməyə çalışırlar. Düzdür, xalçalarımızın özünəməxsus naxış və elementləri, gözoxşayan rəng tonları onların Azərbaycana məxsusluğunun təsdiqidir. Ancaq gələcəkdə toxunacaq və xarici bazarlara çıxarılacaq xalçaların hansısa bir hissəsinə onun harada istehsal olunduğunu həkk etməklə bu cür düşmən xislətinin qarşısını almaq olmazmı?
Asəf Orucov: – Ermənilər haqsız olaraq nəinki xalçalarımıza, Azərbaycana məxsus bütün maddi-­mədəniyyət nümunələrinə sahib çıxmağa çalışırlar. Qərb alimi Ulrik Şurman Qafqaz xalçalarına həsr etdiyi kitabında Azərbaycan xalçalarının tarixi və özünəməxsus xüsusiyyətləri “Qafqaz xalçaları” adı altında təqdim edir. Nəticədə, ayrıca bir ölkə kimi nə Azərbaycanın, nə də xalqın adı çəkilir. Erməni xalçalarından bəhs edildiyində Azərbaycan xalçalarından deyil, ayrı-ayrı coğrafi bölgələrdən (Qarabağ, Şirvan və sair) danışılır, bu bölgənin əhalisinin etnik tərkibi saxtalaşdırılır. Qafqaz xalçaları içərisində erməni xalçalarının rolu şişirdilir. “Əjdaha” motivindən danışılarkən qeyd edilir ki, bu ornamentlər İrandan iqtibas edilmiş və Qafqazda ermənilər tərəfindən yayılmışdır. Bundan əlavə, İen Bennetin Şərq xalçalarına həsr etdiyi kitabında Azərbaycan xalçaçılığının bəzi prinsipial məsələləri təhrif edilmişdir. Bir sıra motivlər erməni motivi kimi verilmişdir. Bütün bunlara görə tikiləcək emalatxanadakı xalça istehsalı bu qədim xalq sənəti nümunələrimizin milli mənsubiyyətini, əzəli şöhrətini də özünə qaytaracaq. Təklif edərdim ki, həmin xalçaların üzərində Haçadağ, Gəmiqaya abidəsi, Nuhun türbəsi, Möminə xatın məqbərəsi təsvir olunsun.
Züriyyə Musayeva: – Mən toxuduğum xalçaların hər birinin üzərində “Naxçıvan” yazıram. Yeni emalatxanada istehsal olunacaq xalçaların bir kənarında “Naxçıvan” sözünün yazılması, həmçinin toxunduğu ilin qeyd olunması elə bilirəm, xalçalarımızı gələcəkdə düşmən xislətindən qurtarmış olar.
Nəsimi Yusifov: – Vaxtilə evlərimizdə toxunan xalçaların üzərinə toxunduğu il, şəhərin, kəndin adı, hətta onun ailənin hansı övladı üçün hazırlandığı da həkk olunardı. Bax bu cür xalçaları kim mənimsəyə bilərdi?
– Dəyərli fikirlərinizə və gərəkli təkliflərinizə görə hər birinizə minnətdaram. Siz də razılaşarsınız ki, 28 illik blokada şəraitində böyük inkişaf yolu ilə tarixçilərin gələcəkdə tədqiqat və araşdırmalar obyektinə çevriləcək Naxçıvanda xalçaçılığın inkişafı muxtar respublikamızda ən qədim sənət növlərindən birinə yeni həyat verəcək. Blokada Naxçıvanında onlarla insan yeni iş yerləri ilə təmin olunacaq.

Hazırladı: Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037603
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4413
5369
14835
88934
3037603

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter