21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında Cəlil Məmməd­quluzadənin adı ilə bağlı üç muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, digər ikisi isə ədibin müəllimlik etdiyi Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Cəlilkəndindədir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi də böyük yazıçının adını daşıyır. Bütün bunlar Mirzə Cəlil sənətinə dövlət qayğısı və ümumxalq məhəbbətidir. 

Yaxın günlərdə belə məkanlardan birində, Mirzə Cəlilin Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən Xatirə Muzeyində olduq. Qeyd edək ki, Cəlil Məmmədquluzadə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1887-ci il oktyabr ayının 13-dən 1890-cı il yanvarın 13-dək bu kənddəki ibtidai məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Öyrəndik ki, bədii yaradıcılığa bu yaşayış məntəqəsində başlayan Cəlil Məmmədquluzadənin buradakı Xatirə Muzeyi 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin filialı kimi yaradılıb, 2013-cü ildən isə müstəqil mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. 2015-ci ildə muzeyin binası tamamilə yenidən qurulub.

Muzey giriş hissədən, 3 ekspozisiya və 2 iş otağından ibarətdir. Giriş hissədə ədibin büstü, eləcə də 125 illik yubiley tədbirində çıxış edən ulu öndər Heydər Əliyevin portreti, Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinə dair müxtəlif kitablar nümayiş etdirilir. Muzeyin fondunda ədibin həyat və yaradıcılığına dair 439 eksponat var. Onlardan 274-ü ekspozisiyada nümayiş olunur.
Muzeyin birinci otağında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2009-cu il 14 fevral tarixli Sərəncamının mətni, Cəlilkənd məktəbinə Cəlil Məmmədquluzadənin adının verilməsi haqqında 4 mart 1957-ci il tarixli qərar, Baş Noraşen kəndinin adının dəyişdirilərək “Cəlil­kənd” adlandırılması barədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1967-ci il 5 iyun tarixli fərmanı yer alıb.
Cəlil Məmmədquluzadənin təhsil illərinə və pedaqoji fəaliyyətinə aid müxtəlif sənədlərin əsli və fotosurətləri, Cəlilkənd məktəbinin 1891-ci ilə aid şəxsi heyətinin siyahısı, sinif jurnalları və digər arxiv materialları, ədibin Qori Müəllimlər Seminariyasında təhsil alarkən çəkilmiş foto­şəkli, Cəlilkənd məktəbinin həmin dövrə aid maketi, məktəbli masası, kitab rəfi nümayiş etdirilir.
Muzeyin guşələrində həmin məktəbin məzunları olan Naxçıvan Muxtar Respublikasının ilk ali təhsilli hüquqşünası Cəlil Səfiyev və ilk ali təhsilli həkimi Şenqulu Səfiyev haqqında da ətraflı məlumat almaq olar.
Muzeyin ikinci otağında Cəlil Məmmədquluzadənin ailə üzvlərinə aid eksponatlar, atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun fotoşəkli, ədibin müxtəlif portretləri, fəal mollanəsrəddinçilərin foto­şəkilləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəlil Məmmədquluzadə haqqında söylədiyi fikirlər, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nömrələri, jurnaldan götürülmüş karikaturalar nümayiş etdirilir.
1925-ci ildə kitab şəklində nəşr olunmuş “Ölülər” pyesi, eləcə də 1907-ci ildə “Qeyrət” mətbəəsində kitab şəklində işıq üzü görmüş “Poçt qutusu” hekayəsi ekspozisiyada nümayiş etdirilən eksponatlar sırasındadır.
Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tanınmış ziyalı Həmidə xanım Məmmədquluzadə ilə birgə rəsm əsəri də ekspozisiyada nümayiş etdirilir.
Akademik İsa Həbibbəylinin “Molla Nəsrəddinçi karikatura ustası”, “Molla Nəsrəddin”, “Cəlil Məmmədquluzadə” əsərləri və digər nəşrlər ayrıca vitrində yer alıb.
Burada, həmçinin Cəlil Məmmədquluzadənin Naxçıvan teatrında tamaşaya qoyulmuş əsərlərinə aid məlumat və fotoşəkillər də nümayiş olunur. Qeyd edək ki, dahi yazıçının 1889-cu ildə Cəlilkənd məktəbində işlədiyi dövrdə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” adlı əsəri elə həmin ildə Cəlilkənd məktəbinin müəllim və şagirdləri tərəfindən tamaşaya qoyulub və tamaşanın rejissoru da müəllifin özü olub. Burada Cəlil Məmmədquluzadənin Naxçıvan teatrında səhnəyə qoyulan əsərlərinin fotoşəkilləri ilə tanış olmaq da mümkündür.
Muzeyin fonduna bu günlərdə yeni bir eksponat da əlavə edilib. Bu, Mirzə Cəlilin müəllim yoldaşı olan Tağı Səfiyevin 1921-ci ildə Zaqafqaziya dövlətlərinin nümayəndəsi kimi iştirakçısı olduğu Qars müqaviləsinin 4405 nömrəli qərarının surətidir. Həmin qərarda Tağı Səfiyevin də imzası var.
Bu gün muxtar respublikamızda xalqımızın çoxəsirlik tarixə malik maddi-mədəni irsinin gələcək nəsillərə çatdırılmasında əvəzsiz rolu olan muzeylərin qorunub saxlanılması istiqamətində çox gözəl və diqqətəlayiq işlər görülməsi hamımızı sevindirir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875914
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
841
3976
24304
66305
3875914

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter