17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyеv: Cəlil Məmmədquluzadənin  böyüklüyü həm şəxsi həyatında və fəaliyyətində, həm yaradıcılığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil  – Cəlil Məmməd­quluzadə olmuşdur.


Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin bayraqdarı, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir.

Məşhur yazıçı, böyük ictimai xadim ədəbiyyat tariximizə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, tənqidi-realist nəsrin banisi kimi düşmüşdür. XX əsrin əvvəllərindən bədii yaradıcı­lıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri bu gün də bədii nəsrimizin unikal nümunələri hesab edilir. Cəlil Məmmədquluzadənin sovet dövrü hekayələrində, o cümlədən “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi bədii nümunələrdə cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.
Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin yaradıcısı kimi iz qoymuşdur. Ədibin canlı xalq dili, Azərbaycan danışıq üslubu ilə seçilən əsərləri kiçik adamı böyük ədəbiyyatın əsas qəhrəmanı etməsi ilə də mühüm ədəbi mərhələni təşkil edir. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəstgahı”dır. Ədibin komediyaları faciəviliyi ilə də seçilir. Məşhur “Ölülər” əsəri Azərbaycan tragikomediyasının zirvəsini təşkil etməklə, bütövlükdə, türk-müsəlman dünyasını cəhalət və mövhumata qarşı mübarizəyə səsləyən qüdrətli əsərdir.
Görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Anamın kitabı” dramına “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir.

“Kişmiş oyunu” və “Kamança” kimi öz ideyasına görə bu gün də aktuallığını qoruyub saxlayan birpərdəli pyeslər, milli humanizmi, qəhrəmanlıq və şücaəti əks etdirən “Kamança” əsəri bu gün də ədəbi-bədii dəyərini qorumaqdadır.
Ədibin sovet hakimiyyəti illərində yazdığı, sovet cəmiyyətinin bütün reallıqlarını və eybəcərliklərini əks etdirən “Dəli yığıncağı” pyesi, həmin dövrə məxsus, ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən tapılıb elmi-ədəbi ictimaiyyətə təqdim edilən “Ər” pyesində, “Lal”, “Lənət”, “Oyunbazlar” səhnəciklərində milli cəhalət və avamlıq, gerilik və nadanlıq tənqid hədəfinə çevrilmişdir.
Ustad Mirzə Cəlilin adı mətbuat tariximizə xüsusilə qızıl hərflərlə həkk olunmuşdur. O, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımızı, Azərbaycan mühərrirlik sənətini davam və inkişaf etdirərək onu yeni, yüksək mərhələyə çatdırmışdır. Gözəl dramaturq, usta hekayənəfis olmasaydı belə, onun mollanəsrəddinçi publisist fəaliyyəti şifahi xalq ədəbiyyatının özü qədər əbədiyaşar millilik, şərqlilik epopeyasıdır.
1902-ci ildə dərc olunan ilk məqaləsi ilə ömürlük mətbuat dünyasına bağlanan, jurnalistikanı həyatının əsas qayəsi edən Cəlil Məmməd­quluzadə “Şərqi-Rus” qəzetindəki əməkdaşlıq və müvəqqəti redaktorluq fəaliyyəti ilə “universitetin jurnalistika fakültəsində oxumaq qədər” zəngin qəzetçilik və naşirlik məktəbi keçmişdir. “Mətbuat dünyasına keçidin baş məşqi rolunu oynayan” bu fəaliyyətindən sonra isə o, Şərq istibdadına və cəhalətinə qarşı ən kəskin mübarizə silahı olan ilk satirik jurnal – “Molla Nəsrəddin”in nəşri ilə satirik publisistikanın təməlini qoymuş, ədəbiyyat və mətbuat tariximizdə böyük bir ədəbi dövr, ədəbi məktəb yaratmışdır.
Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 20 aprel 1906-cı ildə Tiflisdə nəşr olunmağa başlayan jurnal 25 il ərzində Qafqaz xalqlarının, bütövlükdə, Şərq dünyasının, Azərbaycanın milli oyanış və dirçəlişində mühüm rol oynamışdır. “Molla Nəsrəddin” jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının, satirik publisistikasının ideya-sənət məbədidir. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi jurnal ətrafında Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri və digər görkəmli sənətkarları birləşdirmişdir.
Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli mübariz ideyalarına və qətiyyətli mövqeyinə görə “Molla Nəsrəddin” jurnalını “Azərbaycan xalqının istiqlal kitabı”, mollanəsrəddinçi yazıçı və şairlərin “əsərlərinin çoxcildlik külliyyatı” adlandırmışdır. “Molla Nəsrəddin”, eyni zamanda satirik publisistika məktəbidir. İdeya-bədii istiqamətvericiliyi ilə mollanəsrəddinçilərin ağsaqqal qələm yoldaşı olan ustad Mirzə Cəlilin jurnaldakı çoxsaylı məqalə və felyetonları hər zaman öz aktuallığını qoruyan, cəmiyyətdəki eybəcərlikləri, nöqsan­ları ifşa edən satirik-publisistika nümunələridir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, uzun illər boyu sovet ideologiyasının təsiri ilə bütün mütərəqqi fikirli ziyalılar kimi, Cəlil Məmməd­quluzadənin, eləcə də “Molla Nəsrəddin” jurnalının 1917-1920-ci illərdə gedən demokratik cəmiyyət quruculuğu uğrunda mübarizədə böyük xidmətləri danılmış və ya “keçici inam”, “müvəqqəti aldanış”, “tezliklə ümidlərin puç olması” kimi yanlış təbliğ olunmuşdur.
Cəlil Məmmədquluzadə yaradıcı­lığının bu mərhələsi milli özünüdərk və soy-kökünə qayıdış baxımından ilk dəfə akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsərində ətraflı tədqiq edilmişdir. Tanınmış mirzə­cəlilşünas indiyə qədərki tədqiqatçılardan fərqli olaraq Cəlil Məmmədquluzadə-Azərbaycan Demokratik Respublikası münasibətlərinə də bir aydınlıq gətirmişdir. Ədibin bu dövrdə yazdığı, “milli manifest kimi səslənən” “Azərbaycan” adlı məqaləsi isə xalqı zamanın verdiyi bu fürsəti dəyərləndirməyə, öz müqəddəratını özü həll etməyə səsləyən bir çağırış idi:
“Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir- birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs sən hardasan, ay biçarə ­vətən?!”
1918-ci ildə yazılmış “Cümhuriyyət” məqaləsində (geniş xalq kütlələri qarşısında çıxışının mətni) isə o, bir ictimai xadim kimi demokratik cəmiyyət quruluşunun mahiyyətini açmaq və tam mənası ilə xalqa çatdırmağı özünün vətəndaşlıq borcu bilir. Məqalədə “respublika” sözünün mənası, tarixi, idarəetmə, seçki və azadlıqlar haqqında ədibin dəyərli mülahizələri verilmişdir.
Ədibin publisistik fəaliyyətini səciyyələndirən əsas istiqamətlərdən biri də onun yeni türk əlifbası ilə çıxan ilk türk qəzeti, Yeni Türk Əlifba Komitəsinin orqanı olan “Yeni yol” (1922-1939) qəzetindəki fəaliyyətidir. Qəzetin 20 iyun 1923-cü il tarixli sayına qədər ilk baş redaktor kimi fəaliyyət göstərən ədib sonralar – 1 may 1924-cü ilədək də bu mətbu orqanın fəaliyyətində əvəzsiz xidmətlər göstərmişdir. Cəlil Məmmədquluzadənin “xalqın ürəyindən qopan publisistika”sında onun “Yeni yol” qəzetindəki yaradıcılığının əsas və önəmli yeri var.
Yüksək bədiilik, obrazlılıq, səciyyəvi və tipik obrazlar qalereyası, hədsiz tələbkarlıq və böyük ideallar uğrunda məqsədyönlü mübarizə Mirzə Cəlilin realist publisistikasının başlıca keyfiyyətləridir. Sadə, anlaşıqlı danışıq dili, fikir sərrastlığı və aydınlığı, toxunulan problemlərin kəskinliyi və konkretliyi dahi ədibin yaradıcılığının əsas məziyyətlərindəndir. Təsirli ifadə vasitələri, təhkiyədəki dəqiqlik və inandırıcılıq, təsvirlərin yığcamlılığı və təsir gücü, xarakterlərin dolğunluğu, maraqlı psixoloji məqamlar – bütün bunlar bu publisistik əsərləri oxunaqlı edən, hər dəfə daha dərin və yeni bir məna kəsb etmələrinə rəvac verən başlıca vasitələrdir. Zəngin həyat müşahidəçiliyi, mövzular aləminin genişliyi, sənətkarlıq boyalarının əlvanlığı, dil orijinallığı və üslub çoxcəhətliliyi Mirzə Cəlil publisistikasının əsas leytmotividir.
Ən ağır məşəqqətlərə, mənəvi iztirablara, təhqirlərə məruz qalmasına baxmayaraq, öz qələmi ilə xalqının xoşbəxtliyi uğrunda əzmlə çarpışan görkəmli dramaturq, yazıçı-publisistin zəngin, şərəfli həyat və yaradıcılıq yolu bu gün hər bir qələm sahibi üçün əsl məktəbdir. Çünki böyük ədib Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı Azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunmuşdur. Onun milli istiqlal arzuları, ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev Mirzə Cəlil irsinə yüksək qiymət verərək demişdir: “Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında, həm fəaliyyətində, həm yaradıcı­lığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil – Cəlil Məmməd­quluzadə olmuşdur”.
Təsadüfi deyil ki, bu gün də öz əməlləri və işıqlı ideyaları ilə müasirimiz olan görkəmli ədibin adı respublikamızda əbədiləşdirilmiş, Bakıda, Naxçıvan şəhərində, Cəlilabad rayonunda heykəlləri ucaldılmışdır. Onun 100, 125, 140 illik yubileyləri geniş qeyd olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli ədibin adını daşıyır. Böyük yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi, Cəlilkənddə və Nehrəmdə Cəlil Məmmədquluzadə Xatirə muzeyləri fəaliyyət göstərir.
Əsərləri ən çox nəşr və tədqiq olunan ədib də elə Cəlil Məmməd­quluzadədir desək, yanılmarıq. Ədəbiyyatımızda Mirzə Cəlil yaradıcılığına dəfələrlə müraciət olunmuş, onun həyat və yaradıcılığının Məmməd Cəfər, Əziz Şərif, Qulam Məmmədli, Əziz Mirəhmədov kimi tanınmış ədəbiyyatşünaslarımız tərəfindən dəfələrlə tədqiq olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli isə Cəlil Məmməd­quluzadə irsinin və şəxsiyyətinin öyrənilməsində dahi ədibin öz xalqı üçün etdiyi fədakarlıqlar qədər böyük cəfakeşlik göstərmişdir. Yorulmaz və davamlı elmi araşdırmaları, qiymətli elmi tapıntıları ilə görkəmli akademik bu gün də ədəbiyyat­şünaslığa, mirzəcəlilşünaslığa qiymətli töhfələr verməkdədir.
Cild-cild monoqrafiyalar, çoxillik elmi tədqiqatlar həsr olunmuş Mirzə Cəlil yaradıcılığını kiçik qəzet məqaləsində əhatə etmək qeyri-mümkün olsa da, dahi ədibin zəngin və çoxcəhətli yaradıcılığının konturlarını cızmağa, fəaliyyət əhatəliliyini qismən də olsa, siz oxuculara təqdim etməyə çalışdıq.

Görkəmli publisistin pedaqoji görüşlərini əks etdirən, yaradıcılıq dəst-xəttinə və üslubuna görə, “Yeni yol” qəzeti redaksiyası əməkdaşları arasında məhz onun çoxillik pedaqoji fəaliyyət göstərməsinə görə “Köhnə müəllim” imzası işlətməyə mənəvi haqqı çatdığına görə ona məxsus olduğu müəyyənləşdirilən, bu gün də öz aktuallığını qoruyub saxlayan “Uşaqlarımız” adlı məqaləni oxucularımıza təqdim etməklə görkəmli yazıçı-publisistin ruhunu ehtiramla yad etməyi mənəvi borcumuz bildik.

 Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru

Uşaqlarımız

Bizim içərimizdə qədim vaxtlardan adət belə olub ki, uşaqlarımızı böyük adamların məclisindən uzaq saxlamışıq. Ola bilər ki, bu adət arvadlarımızın kişilərdən gizlənməyindən törəyibdir. Belə ki, arvadları kişi məclisindən qovanda biz uşaqları da analarının yanına qovmuşuq.
Və beləliklə uşaqlar kişilərin yanından uzaq düşüb vaxtlarını ya arvadlar məclisində, ya küçə-bacada keçirtməyə məcbur olublar.
Biz özümüz uşaqlıqda belə görmüşük və bu səbəbdən də sair millətlərin cavanları öz vaxtında dərs və tərbiyəni tamam etdikdə biz onlardan azından on il gecikmişik.

***

Həmin səbəbə görə indi bir çox nöqsanlar qabağımıza gəlməkdədir ki, bunların hamısı yenə uşağı özümüzdən kənar eləməyimizdən ­törəyir.
Ümumiyyətlə deyə bilərik ki, qeyri-millətlərə nisbətən uşaqları çox az istəyirik, onlara az etina edirik. Biz elə bilirik ki, uşağı öz vaxtında yaman-yaxşı bir mədrəsəyə qoyandan sonra dəxi bunnan bizim təklifimiz qurtardı getdi. Hərdənbir də, məsələn: dörd-beş ayda bir dəfə gedirik mədrəsə müdirindən uşağımızın yaxşı ya pis oxumağını xəbərləşirik və elə bilirik ki, dəxi biz atalıq vəzifəsini tamam edib qurtardıq. Amma bu böyüklükdə məsələni unuduruq ki, elmi ələ gətirmək ilə tərbiyə işi gərək tuş gedələr, hələ bəlkə tərbiyə məsələlərini elm təhsilindən yuxarı tutmaq lazımdır.

***

Mədrəsədə oxuyan vaxtda da, hətta mədrəsəni qurtaran vaxtlarda da biz yenə uşaqlarımızı özümüzə o dərəcədə yaxın saxlamırıq, nətəri sair mədəni millətlər saxlayırlar.
Çox atalar uşaqları oxuduğu məktəbin yolunu və harada olmağını tanımırlar, çünki arxayındılar ki, övladları orada dərslərini oxumaqdadırlar. Odur ki, məktəblərin valideyn şurasında az iştirak edən millətlərin birincisi bizik və bu özü geridə qalmağımıza bir böyük dəlildir. Biz buna etina etmək istəmirik ki, aya, görək uşaqlarımız harada oxuyur, nə dərs oxuyur, nə üsul ilə oxuyur, hansı mühitdə və nə mənada oxuyur və deyirik ki, uşaqlarımız nə oxuyurlar oxusunlar, ancaq bizə çox baş ağrısı verməsinlər.
Uşaqlarımıza bir çörək-paltar verməklə, onları dərsə qoymaqla bizim borcumuz hələ tamamilə qurtarmır, uşaqlarımızın gününün xoş keçməsi yolunda da çalışmalıyıq.
Biz gərək elə xəyal etməyək ki, uşaqlarımıza küçədə aşıq-aşıq oyunundan savayı özgə məşğələ lazım deyil, hələ bəlkə bu aşıq-aşıq oyununu da çox atalarımız uşaqlarına çox görürlər. Halbuki uşaqlar bu surətdə ki, həmişə dərs oxumaq ilə fıkirlərini yormaqdadırlar – biz böyüklərdən də artıq ruhları şadlıq və sevinmək ilə dincəlməyə möhtacdırlar.
Əlbəttə, uşaq özü bu barədə öz fikrinə qalacaq və biz dedik-­demədik özü üçün məşğələ axtarıb tapacaq – bu təbiidir. Amma söz burasındadır ki, biz bu işdə gərək uşaqları özbaşına buraxmayaq, biz bu barədə gərək onlara kömək edək, onlara yol göstərək və uşaqları lazımsız və bəlkə, xatalı məşğələlərdən uzaqlaşdırıb onlar üçün faydalı və daha da xoş vaxt keçirtmək dəstgahları düzəltməyə ciddi-cəhd edək.
Və heç bilən varmı ki, burada bizim böyük əskikliyimiz nədir?

***

Uşaq teatrının nədən ibarət olması özgə bir söhbətdir ki, gələn nömrələrimizin birində bu barədə ayrı bir məqalədə danışarıq, amma burada bircə bunu söyləmək lazımdır ki, uşaqlara məxsus teatrlarımızın olmamağı bais olur buna ki, uşaqlarımız biz böyükləri gecə teatrına gedən gördükdə və bu teatr­ların qışqırıqlı oxuyub-çalmalarını eşitdikdə bizdən xəbərsiz həmin teatrlara doluşub biz böyüklərdən qabaq səhnə görsənişlərinə əl çalırlar. Amma bu belə olmamalı: özgə işlərdə də səliqəsiz olmağımız ötüşsə burada ötüşməyəcək, ondan ötrü ki, bizim bu gödək ömrümüzdə bizə tək bircə dəfə uşağa tərbiyə vermək qismət olacaq. Bu işi də labüd biz gərək öyrənək – öyrənməsək, böyük insafsızlıq eləmiş olacağıq.

Köhnə müəllim
“Yeni yol”, 27 yanvar-
3 fevral 1923, N° 4-5.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455134
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11753
19453
66657
119175
4455134

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter