21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dahi bəstəkar Üzeyir Hacıbəyli qədim milli musiqi alətimiz tar haqqında yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.

Tar hər zaman muxtar respublikamızda musiqi ifaçılarının maraq dairəsində olub və olmaqdadır. Bu musiqi aləti yaşlı insanlarla yanaşı, həm də gənclər tərəfindən sevilir və ifa olunur. Belə gənc tar ifaçılarımızdan biri də hazırda Naxçıvan Musiqi Kollecində şöbə müdiri vəzifəsində çalışan Fətəli Axundzadədir. O, kollecdə təhsil alan tələbələrə bu musiqi alətini tədris edir. Onunla bu barədə söhbətimiz maraqlı oldu:
– Fətəli müəllim, sizdə tara maraq necə yaranıb?
– Məni tarın sehrli səsi ilə hələ körpə ikən babam tanış edib. O, tarda ifa etməyi çox sevərmiş. Mən böyüyəndə babamı görməsəm də, onun evdə “boynubükük” qalmış tarı hər gün gözlərim önündə idi. Sanki tar məni özünə doğru çəkir və ona təkrar həyat verilməsini gözləyirdi. Bir gün onu səsləndirmək qərarına gəldim. Elə o vaxtdan məndə tara qarşı maraq daha da artdı. Beləliklə də bu musiqi alətinin sirlərini daha dərindən öyrənmək üçün musiqi təhsili almaq qərarına gəldim.
– Bu musiqi sənəti ilə neçə ildir məşğul olursunuz?

– İlk musiqi təhsilimə 1998-ci ildə Babək rayonunun Cəhri kəndində yerləşən musiqi məktəbində başladım. Müəllimim Vüqar Allahverdiyevdən bu ecazkar alətin sirlərini öyrəndim, ilk illərdən tarın mənə nə qədər doğma olduğunu dərk elədim. Artıq başa düşürdüm ki, özümü tarsız təsəvvür edə bilmirəm. Məktəbi bitirdikdən sonra 2004-cü ildə təhsilimi davam etdirmək üçün Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin tar ixtisasına qəbul oldum. Bu sənətdə öz sözlərini layiqincə demiş iki sənətkardan – gözəl muğam bilicisi Aydın Məmmədlidən və Azərbaycan Respublikasının Əməkdar artisti İmamqulu Əhmədovdan dərs aldım. Kollecdə oxuduğum illər ərzində bir sıra dövlət əhəmiyyətli tədbirlərdə, əlamətdar günlər münasibətilə hazırlanmış konsertlərdə, televiziya verilişlərində çıxışlar etdim. 2007-ci ildə kollecin III kurs tələbəsi olarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş konsertdə geniş çıxışım oldu.
20 ildir musiqi ilə məğul oluram. Eyni zamanda 10 illik pedaqoji fəaliyyətim var.
– Sizə görə tarın sehri nədədir?
– Tar çox incə bir musiqi alətidir. Bu cür alətə yanaşma tərzində o qədər məsuliyyətli olmalısan ki, o səni, sən də onu anlaya biləsən. Tarın sirri ondadır ki, sən alətlə iki-üç gün ünsiyyətdə olmadınsa, sanki səndən “inciyir”. İllər boyu məşq edir, ifaqabağı alətlə təmasda olmursansa, alətin səndən “incikliyini” konsert vaxtı mütləq hiss edəcəksən.
Tar onu dilləndirmədikcə küsən, dilləndirdikdə insan ruhunu ehtizaza gətirən, sən ona ürəyini verdikcə cavabında sənə ilham bəxş edən və sonsuz imkanları olan musiqi alətidir. Sadaladıqlarım tarın sehrlərinin cüzi bir hissəsidir.
– Bu musiqi alətinin ecazkarlığında onun hazırlanması da vacib şərtlərdən biridir...
– Tar üç hissədən ibarətdir. Çanaq hissəsi tut, qol hissəsi cəviz, kəllə hissəsi isə armud ağacından olmalıdır. Hər ağacın özünəməxsus tərkibi olduğu üçün alətin səslənməsinə böyük təsiri vardır. Alətin hissə ölçülərinin usta tərəfindən düzgün hazırlanması böyük önəm kəsb edir. Belə ki, hər hansı alətin hazırlanma prosesində ölçülər düzgün verilməzsə, o alətin istər çəkisində, istərsə də səslənməsində müəyyən qüsurlar özünü aydın büruzə verəcəkdir.
– Azərbaycan tarı hansı xüsusiyyətlərinə görə fərqlənir?
– Əsasən, öz geniş imkanları və çalğı texnikasına görə başqa Şərq xalqlarının tarlarından fərqlənir. Azərbaycan tarı Sadıqcanın novatorluğu sayəsində o qədər mükəmməlləşdirilib ki, tarda nəinki milli musiqilərimiz, müxtəlifjanrlı əsərlər, hətta Avropa və dünya bəstəkarlarının əsərlərini də asanlıqla ifa etmək mümkündür.
Tara marağı olan, bu sahədə təhsil alan tələbələrə nələri tövsiyə edərdiniz?
– Tövsiyə edərdim ki, milli musiqi alətimiz olan tarın ürəyəyatımlı, həzin səsindən hər zaman zövq alaraq, ona dost kimi yanaşıb bu sənətin sirlərini daha dərindən öyrənməyə çalışsınlar. Müəllimlərinin verdiyi tapşırıqların öhdəsindən vaxtlı-­vaxtında gəlsinlər.
Müsahibim onu da vurğuladı ki, bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, bir Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi fəaliyyət göstərir ki, bunların hər birində milli alətimiz olan tar tədris olunur. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən musiqi kollektivlərinin tərkibində dövlət tədbirlərində və əlamətdar günlər üçün hazırlanmış konsertlərdə tar aləti ilə ifa olunan musiqilər hər zaman maraqla qarşılanır.
Sonda onu da qeyd edək ki, Naxçıvanımız 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib. Bütün sahələrdə olduğu kimi, incəsənətin müxtəlif sahələri ilə məşğul olan gənclərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bu, onların yaradıcılıq axtarışlarını daha da stimullaşdırır, ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətə sövq edir. Bütün bunlar öz Vətəninə, millətinə, dövlətinə sadiq, dilini, dinini, milli-mənəvi dəyərlərini sevən gənc nəslin formalaşmasında mühüm əhəmiyyət daşıyır.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4285524
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3342
5147
38689
116882
4285524

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter