21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Son illərdə ölkəmizdə cəmiyyətin sənəd-informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi və bu işdə informasiya-kommunikasiya texno­logiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılıb. Xüsusilə elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi kitabxanaların da fəaliyyətində yeni mərhələnin başlanmasına şərait yaradıb. Ənənəvi kitabxanalardan fərqli olaraq elektron kitabxanalar insanların informasiya əldə etməsi üçün zaman və məkan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara informasiya xidməti göstərildiyi halda, elektron kitabxanalar fasiləsiz fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.

Elektron kitabxanalardakı vəziyyətlə yaxından tanış olmaq üçün muxtar respublikada fəaliyyət göstərən bir neçə kitabxanaya yollandıq. İlk üz tutduğumuz ünvan Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası oldu. Kitabxananın direktor müavini Rahilə Məmmədova ilə söhbət zamanı bildirdi ki, muxtar respublikamızda kitabxana işinin müasir standartlar səviyyəsində qurulması daim diqqət mərkəzində saxlanılır, kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yaradılan Elektron kitabxana da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağında elektron kitabxana sisteminin yaradılması və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradır. Kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulub, elektron oxu zalında 12 kompüter quraşdırılıb, www.e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib.

Kitabxananın direktor müavini onu da qeyd etdi ki, hazırda 170 min 660-a yaxın kitab fondu olan kitabxanada 9445 adda kitabın elektron kataloqu yaradılıb, 2072-yə yaxın kitab sayta yerləşdirilib. Rahilə Məmmədova dedi ki, görülən iş bununla yekunlaşmayıb. Kitabxananın biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 200-ə yaxın biblioqrafik materialın, o cümlədən dövri mətbuat, jurnal və qəzetlərdə çapdan çıxmış əhəmiyyətli məqalələrin elektronlaşdırılmasını həyata keçirib.
Muxtar respublikada ən böyük kitab fonduna malik kitabxana Naxçıvan Dövlət Universitetinin kitabxanası hesab olunur. Kitabxananın direktoru Fariz Əhmədov bizimlə söhbətində bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 2013-cü ildə bu mədəniyyət müəssisəsinin binası təmir olunub və elektron kitabxana yaradılıb. Oxu zalı üçün 20, işçi yeri üçün 10 ədəd kompüter, bir server, bir elektron kitabxananın təşkili üçün böyük həcmli skaner, bir elektron kataloq köşkü, konfrans zalı üçün elektron lövhə və notebook alınıb. 2013-cü ildən bəri elektron kitabxana, PROLİB avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlayıb. Bura elektron kitabxananın təşkili, elektron kataloq və kitabların elektron versiyası və sair daxildir. Kitabxana fondunda 30-dan çox dildə 170 mindən çox ədəbiyyat saxlanılır ki, bu da muxtar respublikada Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının ən böyük kitabxana olduğunun göstəricisidir. Kitabxana 17 min oxucuya ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə xidmət göstərir. Burada bu günədək 5 min adda 40 min sayda kitabın elektron kataloqu yazılıb, 5 minə yaxın kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilib. Kitabxanaya daxil olan hər bir oxucu əvvəl kitabların kataloqu ilə tanış olur və özünə lazım olan ədəbiyyatları bu kataloq vasitəsilə axtarıb tapır. Kataloqdan istifadə edərkən oxucular kitab fondunda olan kitablardan hansıların olub-olmamasından məlumatlı olur. Fasiləsiz mütaliə üçün elektron kitabxananın lib.ndu.edu.az saytı yaradılıb. Kitabxananın oxu zallarının və elektron oxu zallarının xidmətindən bütün oxucular istifadə edə bilər. Bəzi hallarda oxucu özünə lazım olan ədəbiyyatı kitabxanadan tapa bilmədikdə kitabxanalararası abonementdən istifadə edərək həmin kitaba olan oxucu tələbatını ödəyirik.
Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində də bir sıra mühüm addımlar atılıb. Mərkəzin direktor müavini Emin Məmmədov bildirdi ki, 9 fevral 2013-cü il tarixdən fəaliyyətə başlayan Naxçıvanşünaslıq Mərkəzi yüksək səviyyəli elektron kitabxana ilə təmin olunaraq oxucuların istifadəsinə verilib. Mərkəzin elektron kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv zənginləşdirilib. Həmçinin mərkəzdə olan elektron köşk vasitəsilə oxucuların kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanları da var. Dövri mətbuat və oxu zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılıb. Üç dildə hazır­lanan www.e-merkez.alimeclis.az internet saytı Naxçıvanşünaslıq Mərkəzi ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir. Oxucular mərkəzə müraciət etdikləri zaman burada olan çap və arxiv materiallarını əyani olaraq əldə edə ­ və ya onların elektron variantlarından Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. internet səhifəsinə daxil olmaqla istifadə edə bilərlər. Həmçinin mərkəzdə olan elektron məlumat köşkü vasitəsilə də axtarış aparmaq mümkündür.
Emin Məmmədov onu da qeyd etdi ki, mərkəzin Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsində qəzet və jurnallardan ən mühüm yazı və məqalələr mövcuddur. Hazırda kitabxanada 3003 Azərbaycan, 358 xarici dildə olmaqla, 3361 nüsxə kitab, 860 qəzet və jurnal, 178 nüsxə avtoreferat və 72 nüsxə miniatür kitab var. Bundan əlavə, albom, xəritə, sənədli film və sair olmaqla, 745 arxiv materialı mərkəzin arxiv fondunda saxlanılır.
Muxtar respublikamızda dövlət qayğısı ilə əhatə olunan daha bir elektron kitabxana – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasıdır. AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanasının direktoru Sahab Əliyevadan öyrəndik ki, kitabxananın fondunda 15 min adda 33 min nüsxədən artıq kitab mövcuddur. Burada elektron kitabxananın işinin səmərəli qurulması üçün lazımi şərait yaradılıb, indiyə qədər 1149 adda kitabın elektron versiyası hazırlanıb, onlardan 899-u internetdə, 250-si isə kitabxanadaxili şəbəkədə yerləşdirilib. Bundan əlavə, kitabxanada dissertasiya və avtoreferatların elektron kataloqlaşdırılması işləri aparılır. Bu məqsədlə bu günə qədər 7226 avtoreferat və 89 dissertasiya kitabxana oxucularının istifadəsinə verilib. 16004 qəzet və jurnal məqaləsinin elektron kartotekası hazırlanıb.
Sahab Əliyeva onu da dedi ki, elektron kitabxanada 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqlarla təmin edilib, burada surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulub. Kitabxanaya fiber-optik kabel çəkilib, daxili şəbəkə yaradılıb və www.e-kitab.ameanb.nmr.az internet səhifəsi hazırlanıb.
Qeyd edək ki, muxtar respublikamızda təkcə adi təyinatlı kitabxanaların deyil, xüsusi təyinatlı elektron kitabxanaların da yaradılması diqqət mərkəzindədir. Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması elektron resurslardan bu kateqoriyadan olan vətəndaşlarımızın da sərbəst istifadəsinə şərait yaradıb. Hazırda mərkəzin serverində 1326 audiokitab, 773 elektron kitab vardır. Mərkəzdə fəaliyyət göstərən səsyazma studiyasında işə cəlb edilmiş, məhdud fiziki imkanlı şəxslərin fərdi qabiliyyətlərindən istifadə olunaraq yeni audiomateriallar hazırlanıb serverdə yerləşdirilir.
Müasir dövrdə elektron kitabxanalar vaxta qənaət etməklə insanlarda oxu vərdişlərinin yaranmasına böyük təsir göstərən informasiya mənbəyidir. Son illərdə muxtar respublikamızda bu sahədə atılan addımlar elektron kitabxanaların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaradıb. Nəticədə, yuxarıda adıçəkilən elektron kitabxanaların hər biri özünə müəyyən oxucu kütləsi qazanıb. İnanırıq ki, bu kitabxanaların davamlı olaraq zənginləşdirilməsi həmin ünvanlara edilən elektron müraciətlərin də sayını artıracaqdır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4285657
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3475
5147
38822
117015
4285657

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter