16 Avqust 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycanın tanınmış rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Naxçıvan     Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin yaradıcılıq fəaliyyəti Azərbaycan incəsənətinə sədaqətlə xidmətin gözəl nümunəsidir. Bu il böyük sənətkarın anadan olmasının 110 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı onun yaradıcılığına verilən yüksək qiymət kimi sənətsevərlər tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır.

Şamil Həsən oğlu Qazıyev 30 mart 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda müəllim ailəsində anadan olmuş və ilk təhsilini burada almışdır. Onun babası Axund Xəlil Kərim oğlu Qazızadə (1815-1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş, atası Həsən bəy Qazıyev isə keçən əsrin 20-50-ci illərində Naxçıvanda maarifin inkişaf etdirilməsində böyük xidmətlər göstərmişdir. Bu, həmin Həsən bəy Qazıyev idi ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş yubiley iclasında Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu illəri xatırlayaraq demişdi ki, o vaxt Həsən bəy Qazıyev mənə rus dilini yaxşı öyrətdi.
Həsən bəy Qazıyev 1900-cü ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra 9 ilədək İrəvan Quberniyasının Uluxanlı, Nehrəm və Yengicə kənd məktəblərində və İrəvan rus-tatar məktəbində müəllimlik etmiş, 1909-cu ildən 1919-cu ilədək isə İrəvan Dövlət Vergi Palatasında və İrəvan Qəza İnspektorluğu Dəftərxanasında mühasib köməkçisi və kargüzar vəzifələrində işləmişdir. 1918-1920-ci illərdə ­erməni daşnaklarının İrəvanda törətdik­ləri vəhşiliklər nəticəsində o, ata yurdunu tərk etməyə məcbur olmuş, Naxçıvan şəhərində özünə sığınacaq tapmışdır.

Şamil Qazıyev 12 yaşında ikən ailəsi ilə Naxçıvana köçdükdən sonra orta təhsilini burada başa vurmuş, 1924-cü ildə isə Bakı Rəssamlıq Məktəbinə qəbul olunaraq, 5 il həmin məktəbdə təhsil almışdır. Təhsil illərində yaradıcılığa başlayan gənc rəssam həmin məktəbi bitirdikdən sonra 1929-1932-ci illərdə atası Həsən bəylə eyni vaxtda Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi işləmişdir. “Naxçıvan Zikur Texnikumunun ilk buraxılışı” (o vaxt Naxçıvan Pedaqoji Texnikumu belə adlandırılırdı) kitabçasından aydın olur ki, bu texnikum həmin illərdə gənc müəllim kadrları hazırlayan nüfuzlu tədris müəssisəsi idi. Şamil Qazıyevin iki il qaynar ictimai-pedaqoji mühitə malik olan bu tədris ocağında fəaliyyət göstərməsinin tələbələrin incəsənətə marağının artırılmasında xüsusi əhəmiyyəti olmuşdur. 1932-ci ildə Xalq rəssamı Əzim Əzimzadənin dəvəti ilə Bakıya gedən istedadlı rəssam 1934-cü ilədək iki il “Kommunist” qəzetində rəssam kimi fəaliyyət göstərmişdir. Sonralar Şamil Qazıyev “Şərq qapısı” qəzetinin rəssamı və Naxçıvan teatrının baş rəssamı (1934-1948) ­işləyir. 1939-cu ildə onu teatrda baş rəssam işləyə-işləyə həm də Naxçıvan Rəssamlıq məktəbinə direktor təyin edirlər. O, burada cəmi bir il işləyir və rəssamlığa həvəsi olan gənc kadrların yetişdirilməsi üçün səy göstərir. Hətta ulu öndər Heydər Əliyev də gənc yaşlarında rəssamlığın sirlərini Şamil Qazıyevin dərnəyində öyrənmişdir.
XIX əsrin 80-ci illərində təşəkkül tapan Naxçıvan teatrının XX əsrin 30-40-cı illərində tərəqqi mərhələsinə qədəm qoymasında istedadlı sə­nətkarın özünəməxsus töhfələri olmuşdur.
1971-ci ildə bizim xahişimizlə Şamil Qazıyevin Naxçıvan teatrındakı fəaliyyəti haqqında yazdığı xatirələrdən oxuyuruq: “1934-cü ildə Azərbaycan SSR-in Xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə təyin etdi və onunla “Hacı Qara”, “Namus” tamaşalarına tərtibat verdim”. Sonra rəssam qeyd edir ki, o, 1934-1948-ci illərdə Naxçıvan teatrında Həsən Ağayev, Səməd Mövləvi, Məcid Zeynalov, İbrahim Həmzəyev kimi rejissorların quruluş verdiyi “Lyubov Yarovaya”, “Hamlet”, “Otello”, “Günahsız müqəssirlər”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Xırs quldurbasan”, “Pəri cadu”, “Nadir şah” kimi yüzdən çox tamaşaya bədii tərtibat vermişdir. Həmin xatirə “Səmərəli yaradıcılıq illəri” sərlövhəsi altında 2014-cü ildə çap etdirdiyimiz “Naxçıvan teatrı. Məqalələr, xatirələr” kitabına daxil edilmişdir.

Şamil Qazıyevin tərtibatlarının səhnəyə qoyulan əsərlərin ideyasının tamaşaçılara çatdırılmasında xüsusi əhəmiyyəti olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərləri tamaşaya hazırlanarkən o həm milli koloritə üstünlük vermiş, həm də tarixilik və müasirlik tələblərini nəzərə almışdır.
İstedadlı sənətkar təkcə teatrda rəssamlıq etməklə kifayətlənməmişdir. Onun müxtəlif illərdə işlədiyi etüd, natürmort, portret və qrafik əsərləri də vardır. Bu əsərlərin bir qismində (“Biçinçilər”, “Örtülü bazar”, “Molla məktəbi”, “Nalbənd”, “Qalayçılar”, “Qaçqınlar”, “Çörək bişirən qadınlar” və sair) Azərbaycan xalqının məişəti, həyat tərzi, etnoqrafik özəllikləri, digərlərində isə (“Xıncov məhəlləsi”, “Əlincəqala”, “Köhnə Naxçıvan”, “Beşqardaş dağı”, “Sıldırım dağ”, “Dağların simfoniyası”) Naxçıvanın tarixi və təbii gözəllikləri öz əksini tapmışdır. Bu əsərlər müəllifin məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərli məktəbinin layiqli davamçısı olduğunu göstərir.
Şamil Qazıyevin SSRİ rəssamlarının 1931-ci ildə Tiflisdə keçirilmiş sərgisində nümayiş etdirilən “Çoban” portreti Moskvada Tretyakov qalereyasında nümayiş etdirilir. Bu əsərlərin çoxu Naxçıvan Dövlət Tarix Muzeyində qorunur və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin sərgi salonunun ekspozisiyasını bəzəyir.
Böyük sənətkar 1948-ci ildə Bakıya köçmüş və ömrünün sonunadək burada nəşr olunan “Azərbaycan gəncləri” qəzetinin rəssamı olmuşdur. O, Bakıda yaşadığı illərdə də qədim Naxçıvan diyarını unutmamış, tez-tez buraya səfərlər etmiş, yerli rəssamlarla yaradıcılıq əlaqələri saxlamışdır. Bu baxımdan ustad rəssamın 1975-ci ildə yazdığı məktubundan bir məqamı xatırlatmaq yerinə düşər: “Maketləri Naxçıvanın 50 illiyi münasibəti ilə hazırlamışdım ki, Naxçıvan rəssamlarının orada sərgisi olacaq. Həmin maketlər Azərbaycan Bədii Fondu tərəfindən qiymət olunub. Hal-hazırda Bədii Fonddadır: “Şeyx Sənan”, “Od gəlini”, “Namus”, “Anzor”. Ədəbiyyat muzeyinin direktoru Bədii Fondun direktoruna məktub yazmalıdır ki, buradan işləri onlara göndərsinlər”.
Görkəmli rəssam harada işləməsindən asılı olmayaraq, öz sənətini gündən-günə təkmilləşdirərək səmərəli yaradıcılığı ilə diqqəti cəlb etmişdir. O, 13 iyul 1980-ci ildə Bakı şəhərində vəfat etmişdir. Rəssamın övladları Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif və heykəltəraş Vaqif Qazıyevlər tanınmış incəsənət xadimləri kimi ustad sənətkarın yolunu uğurla davam etdirirlər.
Naxçıvanda Şamil Qazıyevin sənətinə hələ sağlığında xüsusi qayğı və diqqət göstərilmişdir. Keçən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilmişdir. 1978-ci ildə onun Naxçıvan şəhərində fərdi sərgisi keçirilmişdir. 2010-cu ildə 56 əsəri daxil edilən albom-kataloq da Naxçıvanda hazırlanmış və çap edilmişdir. Şamil Qazıyevin həyat və yaradıcılığı haqqında “Naxçıvan ensiklo­pediyası”nda da məlumat öz əksini tapıb.
“Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2018-ci il 1 fevral tarixli Sərəncam görkəmli rəssamın həyat və fəaliyyətinin, yaradıcılığının, dəyərli sənət irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətli rol oynayacaq.

Fərman XƏLİLOV
filologiya üzrə elmlər doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883717
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4502
4351
17406
70411
2883717

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter