25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Qədim Ordubad diyarı tarixdə iz qoyan görkəmli şəxsiyyətləri, ədibləri, söz sənətkarları ilə hər zaman şöhrət qazanıb. Hələ XIX əsrdə burada “Əncüməni-şüəra” kimi ədəbi məclisin fəaliyyət göstərməsi sözə verilən qiymətlə bərabər, həm də ədəbiyyatımızın inkişafına böyük təsir göstərib. Bu məclisin üzvləri öz müasirləri ilə ədəbi əlaqələr yaradar, söz sənətkarları bir yerə toplaşar, yazdıqları şeirləri oxuyar, ədəbi yaradıcılıq müzakirələri aparardılar. 

Həmin dövrdə Ordubad ədəbi mühitində öz təfəkkürü və ədəbi düşüncə tərzi ilə seçilən sənətkarlardan biri də Qüdsi Vənəndi olmuşdur. O, “Əncüməni-şüəra” ədəbi məclisinə rəhbərlik etmişdir. Qüdsi Vənəndinin bu məclisə rəhbərlik etdiyi dövrdə məclis məhsuldar bir mərhələ keçmişdir. O, başçılıq etdiyi ədəbi məclisdə özünə və başqalarının əsərlərinə də böyük tələbkarlıqla yanaşmış, bəzən xoşu gəlməyən ədəbi nümunələri açıqcasına tənqid etmişdir.
Qüdsi irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Əsgər Qədimovun monoqrafiyasından əldə etdiyimiz məlumata görə, Qüdsi Vənəndi məhəllə məscidində oxuduqdan sonra Təbrizdə ali ruhani təhsili alıb, dini elmləri, Şərq ədəbiyyatı və fəlsəfəni dərindən mənimsəyib. Şair ömrünün sonuna qədər əsərlərində ictimai ədalət, humanizm və xəlqilik mövqeyindən çıxış edib.

“Əncüməni-şüəra” ədəbi məclisində dövrünün ictimai ziddiyyətlərini qələmə alan şairin əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunmaqdadır. Bu əlyazma divanlarında toplanmış ədəbi irsi qəsidə, mədhiyyə, mənzum məktub, səfərnamə, qəzəl, mürəbbe, müstəzad, müxəmməs, təxnis, gəraylı, qoşma və dini məzmunlu əsərlərdən ibarətdir. Həmin mənbədə rast gəlinən digər məlumatda isə sənətkarın şairliklə yanaşı, səyyahlıq etdiyi də qeyd olunub.
Öz müasirləri ilə müqayisədə Qüdsinin yaradıcılığı zəngin və rəngarəngdir. Şairin müxtəlif illərdə qələmə aldığı “Əvəz” rədifli qəzəl-məktubu, “Tərifi-Gülsüm xanım Şahbuzi”, “Düstlər”, “Etmək gərək” kimi şeirlərində onun şəxsi həyatı və tərcümeyi­-halı, eyni zamanda dövrün reallığı ilə bağlı hadisələr öz əksini tapmışdır.
Qüdsinin həyatı və tərcümeyi-halı ilə bağlı olan digər əsərləri onun İrəvan, Qarabağ, Gəncə, Şəki, Şirvan, Zəngilan, Təbriz və Tehran kimi yerlərdə olmasını və yoxsul güzəran keçirməsini təsdiq edir. Lakin bu yoxsulluq onun ədəbi yaradıcılığına mane ola bilməyib, şair ömrünün sonuna qədər əsərlərində ictimai ədalət, humanizm və xəlqilik mövqeyindən çıxış edib.
Qüdsinin Əlyazmalar İnstitutunda qorunan əlyazma divanının başlanğıcında tamam başqa bir xətlə yazılmış həyatı haqqında da bir neçə məlumata rast gəlmək olar. Burada şairin 1773-cü ildə Vənənd kəndində anadan olması, 1861-ci ildə isə həmin kənddə dünyasını dəyişdiyi qeyd edilib.
Şair “Gözlərin” rədifli bir aşiqanə qoşmasında özünün təxəllüsü və doğulduğu yer haqqında belə məlumat verib:

Qüdsi təxəllüsüm, məskənim Vənənd,
Yanmışam hicrində pərvanəmanənd.
Bir zaman ləbindən qıl bari xürsənd,
Saldı məni nə böhtanə gözlərin.

Ümumilikdə, XIX əsr Ordubad ədəbi mühitinin nümayəndələri içərisində Qüdsi Vənəndinin ədəbi irsi öz realizmi, nəzəri-estetik fikri ilə seçilir.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128763
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1567
4356
5923
92363
4128763

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter