25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

İnsanlar yarandığı gündən yaşamaq üçün müxtəlif əşyalardan istifadə etməyə başlamışlar. Bu alət və əşyaların bəziləri təbiətdə hazır vəziyyətdə olmuş, bəzilərini isə düşünüb yaratmışlar. Belə ki, daş alətlər, obsidianlar (dəvəgözü), çaxmaqdaşları insanların ilk istifadə etdiyi alətlərdir. Təxminən 9 min il əvvəl – “keramika inqilabı” dövrü adlanan Neolit dövründə keramika istehsalı insanların həyatında mühüm irəliləyişə səbəb olub. Xörək bişirmək, maye halında olan məhsulların saxlanılması, daşınması üçün imkan yaranıb. Lakin zaman keçdikcə bu alət və əşyalardan istifadəyə zərurət qalmadığı üçün onlar gündəlik məişətimizdən çıxmağa, get-gedə unudulmağa başlanılıb. Zəngin tariximizin, etnoqrafiyamızın araşdırılması və tədqiqi baxımından əhəmiyyətini nəzərə alaraq onların bəziləri haqqında oxucularımıza da məlumat vermək istərdik.

 Aşsüzən. Məişətimizdə işlənən əşyalardan biri aşsüzəndir. Maraqlıdır ki, bu əşyanın yaranma tarixi 7-8 min ildən artıqdır. Eneolit dövrünə aid Şorsu təpəsi, Zirincli abidələrində keramikadan, “Qələmə bulaq”da isə yumşaq daşdan hazırlanmış aşsüzən qırıqları aşkarlanmışdır. Forma və ölçüsünü təyin edə bilməsək də, insanların qədim zamanlardan məişətdə aşsüzəndən istifadə etdiyi məlum olur.

Teşi. Qədim alətlərdən biri də teşidir. Müasir dövrdə də istifadə olunan, formasına görə bir-birindən fərqlənən bu əşyadan da hələ Eneolit dövründə istifadə edilib. İlk teşilər daşdan, saxsıdan, iribuynuzlu heyvanların çanağında olan oynaq sümüyündən hazırlanıb. Eneolit dövrünə aid Zirincli abidəsində keramikadan, Orta Tunc dövrünə aid Qaratəpə abidəsində isə oynaq sümüyündən, Dəmir dövrünə aid “Bəydilli sarıları”nda, Antik dövrə aid “Nuvars” yaşayış yerində daşdan düzəldilmiş teşilər aşkarlanıb. Son dövrlərdə istifadə edilən teşilər, əsasən, ağacdan düzəldilirdi.
Mərəndi. İnsanların çox qədim zamanlardan istifadə etdikləri alətlərdən biri də oraqdır. İlk istifadə olunan oraq “dişləri” çaxmaqdaşından düzəldilirdi. 6-8 santimetr uzunluğunda olan çaxmaqdaşlarının hər iki tərəfi itilənirdi. Üz bölünmüş ağacın arasına bir neçə ədəd bıçaqlardan yerləşdirilir, ağac öz qabığı və qurudulmuş bağırsaqla sıxılıb bərkidilirdi. Dəmirin kəşfindən sonra müxtəlifformalı oraqlar hazırlanıb. Kombayn ixtira olunana qədər taxıl biçmək üçün istifadə olunan oraqlar digərlərindən fərqlənirdi. Aypara şəklində olan bu oraqlar “mərəndi” adlanırdı. Xalq arasında məcazi mənada işlədilən “axırda gələcəksən mərəndə” məsəli də bu alətlə bağlıdır.
Doğanaq. Bu alət qoşqu heyvanlarında yük vurulan zaman istifadə edilir. Bu, hər qolu 12-15 santimetrə yaxın haça ağacdır. Qolların biri yonulub sivriləşdirilir, digər qolda isə kəndir üçün yer açılır ki, bağlanan zaman sürüşüb çıxmasın. Örkənin (uzun toxunmuş kəndir) bir ucu doğanağa bağlanır. Yük vuran zaman örkən dolanaraq doğanaqdan keçirilir. Doğanaq olmasa, həmin yerdə düyün vurulmalıdır ki, bu da yükü açan zaman çətinlik törədir. Yükün miqdarından asılı olaraq örkən bir və ya bir neçə dəfə doğanaqdan keçirilir. Ona görə də “örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçəcək” məsəli yaranmışdır.
Mərkiz (kərdivar). Bu alət bellənmiş sahədə tum düzəltmək üçün istifadə edilir. 40-50, bəzən 60-70 santimetr enində, 20-25 santimetr hündürlüyündə olan beldir. Normal bellərdə olduğu kimi sap (dəstək) salmağa yeri var. İçəridən belin hər iki tərəfinə dəmir halqalar vurulur. Həmin halqalara kəndir bağlanır. Alətlə iki nəfər işləyir. Biri dəstəkdən, digəri isə kəndirdən tutub torpağı tuma komalayırlar. Ağır iş olduğu üçün xalq arasında “ayını mərkiz qaçırdı” məsəli yaranmışdır.
Muğam. Qədim alətlərimizdən biridir. Böyük ehtimalla Naxçıvan bölgəsi üçün dialekt sözdür. 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu söz yoxdur.
Muğam 40-50 santimetr uzunluğunda, 20-30 santimetr enində adi taxtadır. Taxtanın ortasından sap keçirmək üçün deşik açılır. Onun künc­lərindən sapa əlavə ensiz taxta vurulur ki, möhkəm olsun. Bu taxtalara “dəndənə” deyilir. Alətdən, əsasən, qar kürəmək üçün istifadə edilir. Vaxtilə xırmanda taxılı yaymaq, bir yerə toplamaq üçün də istifadə edilirdi.
Dəc. Topa halında olan arpaya, buğdaya toxunulmasın deyə, onu nişan­lamaq üçün taxtadan və başqa materialdan hazırlanmış iri möhürdür (nişandır). Xırmanlarda taxılı axşamlar dəcləyib gözətçiyə təhvil verərdilər.
Taxılı yaxşı döysün deyə, vəlin (bəzi yerlərdə buna “gəm” də deyərdilər) altına vurulan xırda çaxmaqdaşları və ya dəmir parçalarına da “dəc” deyərdilər.
Nal. Qoşqu və minik heyvanlarının ayağının altına vurulan dəmirdir. Belə ki, daşlı-çınqıllı yollarda heyvanların ayaqları yeyilirdi. Maya adlanan hissə ağrıdığı üçün onlar çətinliklə yeriyirdi. Bu zaman “heyvan daşırqayıb” deyirlər. İnsanlar minik və qoşqu üçün at və digər heyvanlarla yanaşı, öküz və kəldən də istifadə edirdilər. Kəl və öküzlər cütdırnaqlı olduğu üçün onların nalı aypara şəkilli olub, ayaqda çətin dururdu. Ona görə də cütdırnaqlıları daha səriştəli nalbəndlər nallayırdılar.
Od ütüsü. Elektrik avadanlığı olmadığı dövrdə istifadə edilib. Qalın dəmirdən hazırlanan ütünün içərisinə yanar kömürlər salınırdı. Yan hissələrdə hava keçmək üçün kəsiklər qoyulurdu. Üst qapaq qaldırılır, kömür qoyulduqdan sonra örtülür və kilidlənirdi.
Qovurma çıxaran. Naxçıvan ərazisində qış azuqəsi içərisində qovurma xüsusi yer tutur. Əvvəllər saxsı küpələrdə, indi isə emallı qablarda olan qovurma sərin yerdə saxlanılır ki, xarab olmasın. Yağı donub bərkimiş qovurmanı götürmək çətin olur, bıçaqla çıxardıldıqda didilib dağılır. Ona görə də dəmirdən hazır­lanmış iki dişli qovurma çıxarandan istifadə edilir.
Hər biri xalqımızın yaşayış tərzindən, təsərrüfat mədəniyyətindən, etnoqrafiyamızdan xəbər verən bu qədim alətlər, əşyalar bu gün tariximizin maddi-mədəniyyət nümunələri kimi əhəmiyyətli eksponatlara çevriliblər.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128801
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1605
4356
5961
92401
4128801

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter